Ötən gün xarici işlər naziri Ceyhun Bayramov 2024-cü ildə Azərbaycanın Əfqanıstandakı səfirliyinin fəaliyyətə başlayacağını bildirib.
Dəqiq tarix məlum olmasa da, səfirliyin paytaxt Kabildə fəaliyyət göstərəcəyi məlumdur.
Modern.az mövzunun aktualığını nəzərə alaraq, Azərbaycan və Əfqanıstan arasında ikitərəfli münasibətlər, ölkədə hakimiyyət dəyişikliyi və bundan sonrakı beynəlxalq əməkdaşlıq prosesi ilə bağlı araşdırma edib.
Qeyd edək ki, Əfqanıstan Azərbaycanın müstəqilliyini 21 dekabr 1991–ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 16 noyabr 1994-cü ildə qurulub. Əfqanıstanın Azərbaycanda səfirliyi isə 2012-ci ilin noyabr ayından fəaliyyət göstərir.
Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə 30 dekabr 2020-ci ildə Azərbaycanın Əfqanıstan İslam Respublikasında səfirliyi təsis edilməsi qərara gəlinib. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 28 iyul 2021-ci ildə İlham Nəriman oğlu Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasında səfiri təyin edilib.
Səfir təyinatdan sonra isə hələ də Əfqanıstanda fəaliyyətə başlamayıb. İki ölkə arasında parlamentlərarası əlaqələr də qurulub.
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Əfqanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Musa Qasımlıdır.
O cümlədən, Əfqanıstan Parlamentində Əfqanıstan-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Atiqullah Ramindir.
İndiyə qədər Azərbaycan Respublikası ilə Əfqanıstan İslam Respublikası arasında 15 sənəd imzalanıb.
Əfqanıstanda Taliban hakimiyyəti
Taliban Sovet İttifaqının 1990-cı illərdə Əfqanıstandan çıxmasından sonra ölkədə vətəndaş müharibəsində döyüşən qruplardan biri idi. Qrup 1994-cü ildə Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərində yaranıb. Talibanın əsası şəhərin yerli imamı Molla Məhəmməd Ömər tərəfindən qoyulub. O, 2013-cü ildə ölümünə qədər qrupa rəhbərlik edib.
Hərakatın hakimiyyətə gəlməsi isə 1989-cu ildə Sovet İttifaqının Əfqanıstandan çıxmasından və Əfqanıstan hökumətinin süqutundan sonra başlayıb. Belə ki, bu prosesdə ölkədə vətəndaş müharibəsi başlayıb. Taliban nizamı və ədaləti bərpa etmək vədləri ilə dəstək qazanıb. Onlar 1994-cü ildə Qəndəhar şəhərini çox az müqavimətlə ələ keçirib və 1996-cı ildə paytaxt Kabili də ələ keçirməyə nail olub.
Taliban hakimiyyətinin süqutu isə 11 sentyabr hücumlarından sonraya təsadüf edir. Bu tarixdən bir müddət sonra ABŞ və müttəfiqləri Əfqanıstana müdaxilə etməyə başlayıb. Dekabrın əvvəlində Taliban hökuməti süquta uğrayıb və ABŞ demokratik bir hökumət qurmaq üçün əfqanlarla işləməyə başlayıb.
Məğlub olduqdan sonra Taliban liderləri Əfqanıstanın cənub və şərqindəki istinadgahlara və ya Pakistan sərhədinə qaçdı. Silahlı qrup daha sonra Əfqanıstanın ABŞ-ın dəstəklədiyi yeni hökumətinə qarşı əldəqayırma bombalardan istifadə edib və intihar hücumları həyata keçirib.
Talibanın yenidən hakimiyyətə gəlməsi iki il əvvələ təsadüf edir. ABŞ əsgərlərinin 20 ildən sonra Əfqanıstanı tərk etməsini fürsət bilən Taliban qısa müddətdə bütün ölkəyə nəzarəti ələ keçirə bildi. Bunu da qeyd edək ki, may ayında Azərbaycan Əfqanıstandakı NATO-nun başçılıq etdiyi missiyada xidmət edən 120 hərbçidən ibarət kontingentinin ölkədən çıxarıb.
Son olaraq 15 avqustda ciddi müqavimətlə üzləşmədən paytaxt Kabilə də nəzarəti Taliban ələ aldıqdan sonra prezident Əşrəf Qani də digər rəsmilərlə birlikdə ölkəni tərk edib.
Talibanın beynəlxalq münasibətləri
Əfqanıstanda hakimiyyətdə olduğu dövrdə Pakistan, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə sıx əməkdaşlığı olan Taliban 2013 -cü ildə Qətərin paytaxtı Dohada ofisini açıb.
NATO -nun hesablamalarına görə, Taliban Rusiya və Çinlə 2015-ci ildə münasibət qurmağa başlayıb. Talibanla Çin isə Əl-Qaidə ilə bağlı razılığa gəlib ki, bu qruplaşma Əfqanıstanın şərq sərhədində məskunlaşmasın və buradan Çinə hücum etməsin. Bunun əvəzində isə rəsmi Pekin Əfqanıstanda infrastruktur layihələrinə sərmayə qoymaq və mədənlərdə işləmək barədə razılığa gəlib.
2017-ci ildə güclənməyə başlayan Talibanla birbaşa münasibət quran Rusiya da regionda nüfuz qazanmaq şansını itirmək istəmirdi. Danışıqlardan sonra bəzi Taliban rəhbərlərinin adı sanksiya tətbiq olunan şəxslər siyahısından çıxarılıb. Həmçinin Rusiyanın vasitəçiliyi ilə Taliban Mərkəzi Asiya ölkələri ilə də əlaqə qurmağa başlayıb.
Dohadakı ofisi vasitəsilə Talibanın Almaniya, Fransa, Norveç kimi Avropa ölkələri, eləcə də Türkiyə ilə münasibət qurub.
Yuxarıda da qeyd etdiyimiz kimi, Əfqanıstanın Azərbaycanla uzun müddət əlaqələri olub. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 28 iyul 2021-ci ildə İlham Məmmədov Azərbaycanın Əfqanıstan İslam Respublikasında səfiri təyin edilib.
Üç illik təyinatdan sonra 2024-ci ildə səfir Əfqanıstanda fəaliyyətə başlayacaq. Belə ki, səfirlik paytaxt Kabildə fəaliyyət göstərəcək. Bildirək ki, Kabillə Bakı arasında indiyədək çox yaxşı əlaqələr olub və Əfqanıstan Azərbaycanı BMT və İslam Əməkdaşlığı kimi beynəlxalq təşkilatlarda dəstəkləyib.