Fəxri Xiyaban Azərbaycan xalqına xidmətdə xüsusi fədakarlıq göstərmiş insanların bir qisminin dəfn olunduğu memorial kompleksdir. Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il tarixli sərəncamı ilə yaradılıb. Elə həmin tarixdən Fəxri Xiyabanın qurulmasına başlanılıb. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları da Fəxri Xiyabana köçürülüb və onların qəbirüstü abidələri qoyulub.
Fəxri Xiyaban yaradıldıqdan sonra Azərbaycanın vəfat etmiş görkəmli şəxsiyyətləri, bir qayda olaraq, burada dəfn edilib.
Sovet hakimiyyəti və müstəqillik illərində yüksək dövlət vəzifələri tutmuş şəxslər, iqtisadiyyatın müxtəlif sahələrində çalışaraq fərqlənmiş insanlar, tanınmış elm, ədəbiyyat, mədəniyyət, incəsənət xadimləri, İkinci Dünya müharibəsi (1939-1945) illərində alman faşistlərinə qarşı döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş insanlar burada uyuyurlar.
Eyni zamanda Sovet hakimiyyətinin qurulması və möhkəmlənməsində fərqlənmiş bolşeviklərin, keçmiş Kommunist Partiyasının yüksək vəzifələr tutmuş işçilərinin də bir qismi Fəxri Xiyabanda dəfn olunub.
Bundan əlavə, Fəxri Xiyabanda dəfn olunanlar arasında Azərbaycandan kənarda çalışsalar da, xalqa xidmətdə xüsusi fədakarlıq göstərmiş insanlar da var.
Hazırda Fəxri Xiyaban vətəndaşların və xarici qonaqların ziyarət yerinə çevrilib.
Modern.az saytı kiçik bir araşdırma ilə Fəxri Xiyabanda dəfn olunmuş məşhur cütlüklərin kimliyini müəyyən edib.
Bunlardan biri məşhur Heydər Əliyev - Zərifə Əliyeva cütlüyüdür.
Zərifə Əliyeva Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki olub. Zərifə Əliyeva 28 aprel 1923-cü il tarixində Naxçıvanda Şərur rayonunun Şahtaxtı kəndində doğulub. 1947-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışıb. Z.Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var.
1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə Əliyeva orada dəfn olunub. Sonradan onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın görkəmli dövlət xadimi, respublikanın üçüncü prezidenti Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev birinci katib seçilib.
1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev əvvəlcə Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.
1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri, oktyabrın 3-də isə Azərbaycan Respublikasının Prezidenti seçilib.
O, 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürsə də, səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib.
2003-cü il dekabrın 12-də ABŞ-ın Klivlend Klinikasında vəfat edən Heydər Əliyev Bakıya gətirilərək, Fəxri Xiyabanda dəfn olunub.
***
Fəxri Xiyabanda uyuyan məşhur cütlüklərdən biri də Azərbaycan mədəniyyətində silinməz izlər qoymuş Cövdət Hacıyev - Əminə Dilbazi cütlüyüdür.
Cövdət Hacıyev 1917-ci ildə Şəki şəhərində anadan оlub. Orta təhsilini başa vurduqdan sоnra 1935-1938-ci illərdə Azərbaycan Dövlət Kоnservatоriyasında, 1938–1941-ci illərdə isə Mоskva Kоnservatоriyasında оxuyub. Müharibə illərində yarımçıq qalmış təhsilini sоnralar davam etdirən C.Hacıyev 1947-ci ildən ömrünün sоnuna qədər bəstəkarlıq fəaliyyəti ilə yanaşı, Bakı Musiqi Akademiyasında dərs deyib, 1957-1969-cu illərdə isə bu ali musiqi təhsil оcağının rektоru vəzifəsində çalışıb.
Azərbaycan bəstəkarlıq məktəbinin inkişafında böyük rol oynamış Cövdət Hacıyev ölkəmizdə peşəkar musiqi kadrlarının hazırlamasında da misilsiz xidmətlər göstərib. O, Azərbaycan bəstəkarlarının bir neçə nəslini yetişdirmiş pedaqoq olub. Cövdət Hacıyev ümumilikdə səkkiz simfoniya müəllifidir. Cövdət Hacıyev 2002-ci ilin yanvarın 18-də ömrünün 85-ci ilində vəfat edib.
Cövdət Hacıyevin həyat yoldaşı, mərhum rəqqasə Əminə Dilbazinin Azərbaycanın xalq artisti kimi tarixə düşüb.
Əminə Dilbazi 26 dekabr 1919-ci ildə Qazaxda anadan olub. 1935-ci ildə ilk dəfə səhnəyə çıxaraq, Üzeyir Hacıbəyovun bəstələdiyi "Kolxoz çölləri" mahnısını ifa edib. Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Dövlət Rəqs Ansamblının solisti (1936-1939), sonralar isə rəqs qrupunun rəhbəri olub. 1959-cu ildə Azərbaycan Tibb İnstitutunun yaratdığı "Çinar" tələbə rəqs kollektivinə rəhbərlik edib. 1967-ci ildə "Sevinc" qızlar ansamblını yaradıb. 1949-cu ildən Xoreoqrafiya Məktəbində pedaqoji fəaliyyət göstərib. 1957-ci ildə Moskvada tələbə və gənclərin 6-cı ümumdünya festivalında qızıl medala layiq görülüb.
Əminə Dilbazi bir çox filmlərdə rəqslərə quruluş verib. Onun oynadığı "İnnabı", "Tərəkəmə", "Vağzalı", "Turacı", "Naz eləmə" rəqsləri xüsusilə məşhurdur. Repertuarına rus, Ukrayna, özbək, ərəb rəqsləri də daxil olan Əminə Dilbazi "Leyli və Məcnun" operasında, "Arşın Mal Alan" və "O olmasın bu olsun" komediyaları və sair əsərlərdə də rəqslərə quruluş verib.
2010-cu il aprelin 30-da Bakıda vəfat edən Əminə Dilbazi həyat yoldaşının dəfn olunduğu Fəxri Xiyabanda torpağa tapşırılıb.
***
Üzeyir Hacıbəyov - Məleykə Terequlova-Hacıbəyova cütlüyünün ruhları da ölümdən sonra Fəxri Xiyabanda birləşib.
Üzeyir Hacıbəyov 18 sentyabr 1885-ci ildə Ağcabədidə doğulub. Kənd mirzəsi ailəsində doğulan Üzeyirin iki qardaşı, iki bacısı da olub. Bircə Üzeyirdən başqa uşaqların hamısı Şuşada doğulub. Evin dördüncü uşağı olan Üzeyirin Şuşada yox, Ağcabədidə anadan olmasının öz tarixçəsi var. Üzeyir bəyin atası Əbdülhüseyn Xurşidbanu Natəvanın şəxsi mirzəsi olmaqla yanaşı, həm də xan qızının Ağcabədidə olan təsərrüfatına rəhbərlik edirmiş. Ona görə də ilin çox hissəsini orda keçirirmiş. Anası Şirin xanım Üzeyirə hamilə olarkən Ağcabədiyə gedib yoldaşına baş çəkmək, sonra yenidən Şuşaya qayıtmaq qərarına gəlir. Bacılarına baş cəkmək üçün yolunu əvvəlcə Ağdamdan salır. Ancaq bacıları onu tez buraxmaq istəmir. Şirin xanımı 8 bacının hərəsi bir az öz evində qonaq saxlayır. Ağcabədiyə gedəndə isə artıq gec olur, Şuşaya qayıda bilmir. Ona görə də gələcəyin dahisi olacaq oğlanı elə Ağcabədidə dünyaya gətirir. 1 aydan sonra isə dəvənin üstündə kəcavə düzəldib, Şirin xanımı Üzeyirlə birgə Şuşaya gətirirlər.
Valideynləri Ağcabədidən Şuşaya köçdükdən sonra buradakı zəngin musiqi-ifaçılıq ənənələri Üzeyirin musiqi tərbiyəsinə müstəsna təsir göstərib.
Üzeyir Hacıbəyov Azərbaycan tarixinə dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi kimi düşüb. O, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948) olub. Ü.Hacıbəyov 23 noyabr 1948-ci ildə vəfat edib.
Üzeyir bəyin həyat oldaşı Məleykə Terequlova-Hacıbəyovanın adı pedaqoq, maarifçi, musiqişünas kimi mədəniyyət tariximizə düşüb. Məleykə xanım məşhur Terequlovlar ailәsindәndir.
Terequlovlar ailәsi әslәn Volqaboyu tatarlarındandır. Ailə 1845-ci ildә Tiflisә köçüb. Tiflisdә ilk dәfә olaraq qızların vә oğlanların birgә oxuması üçün nәzәrdә tutulan rus-tatar mәktәbini də onlar açıb, xeyriyyәçiliklә dә mәşğul olublar..
Məleykə Terequlova-Hacıbəyova 1893-cü ildə Tiflisdә doğulub. Buradakı Birinci Qızlar gimnaziyasında oxuyub, pedaqoji fәaliyyәt göstәrib. 1910-cu ildә Üzeyir bəyə әrә gedib vә Bakıya köçüb. Burada da pedaqoji fәaliyyәtini davam etdirən Məleykə xanım Azәrbaycanda konservatoriya tәşkil olunanda ora daxil olub, nәzәri biliklәrә yiyәlәnib. Üzeyir bәyin ölümündәn sonra bәstәkarın "Arşın mal alan" musiqili komediyasının klavirinin Bakıda, "Koroğlu" operasının klavirinin isә Moskvada nәşr olunub işıq üzü görmәsindә onun böyük әmәyi vә xidmәti olub.
Məleykə Terequlova-Hacıbəyova 1966-cı ildə vəfat edib və onu vəsiyyətinə uyğun olaraq Üzeyir bəyin dəfn olunduğu Fəxri Xiyabanda torpağa tapşırıblar.
***
Cəlil Məmmədquluzadə - Həmidə Cavanşir cütlüyü Fəxri Xiyabanda dəfn olunan dördüncü məşhur cütlükdür.
Azərbaycan ədəbiyyatnın görkəmli nümayəndəsi, yazıçı, dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 22 fevral 1866-cı ildə Naxçıvan şəhərində anadan olub. İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, İrəvan quberniyasının, Naxçıvan mahalının kəndlərində müəllimlik edib.
1903-cü ildən Tiflisdə nəşr edilən "Şərqi-Rus" qəzeti redaksiyasında işləyib. C.Məmmədquluzadənin yazıçı və jurnalist kimi püxtələşməsində "Şərqi-Rus" qəzeti və onun redaktoru M.A.Şahtaxtlının mühüm rolu olub. "Poçt qutusu" adlı ilk mətbu əsəri, "Kişmiş oyunu", Lev Tolstoydan tərcümə etdiyi "Zəhmət, ölüm və naxoşluq" hekayələri ilk dəfə bu qəzetdə dərc edilib.
İlk nömrəsi 1906-cı il aprelin 7-də çıxan "Molla Nəsrəddin" jurnalının nəşrinə başlamaqla o, Azərbaycanda, eləcə də türk-müsəlman dünyasında ilk dəfə satirik jurnalistikanın əsasını qoyub. Həmin vaxtdan o Molla Nəsrəddin adı ilə tanınıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib.
1920-ci ilin iyun ayında C.Məmmədquluzadə ailəsi ilə birlikdə Təbrizə köçüb, 1921-ci ildə orada "Molla Nəsrəddin"in 8 nömrəsini çap etdirib.
C.Məmmədquluzadə 4 yanvar 1932-ci ilədə Bakıda vəfat edib.
C.Məmmədquluzadənin müxtəlif ölkələrdə (Fransa, Polşa və İranda) yaşayan nəvə-nəticələri var.
Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşir xeyriyyəçi, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqının üzvü kimi tanınıb.
Həmidə xanım 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlib. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uzlaşır. Ailə məktəbində təhsil alan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olub.
İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Kəhrizlidə ata mülkünü idarə edib. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməyib, nikah onun əsilzadə nəslinə yaraşdırılmayıb. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfalı və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olub. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə Cavanşir Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürüb. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nadanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olub, bu böyük insanı daim nikbin ovqata kökləyib, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərib.
Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açıb və burada dərs deyib.
Tarix Həmidə Cavanşiri böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll edib. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alıb.
Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmirsən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütəhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim".
Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilib, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük ədiblə bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə alıb.
1955-ci ildə vəfat edən Həmidə Cavanşir Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunub.
Əfqan Qafarlı