Strateji müttəfiqlər olan Amerika Birləşmiş Ştatlarının və Böyük Britaniyanın Azərbaycandakı səfirlərinin Yeni il təbriklərini müqayisə etdim və gəldiyim qənəat bu oldu ki, London Vaşinqtonu yenə üstələdi.
Modern.az-ın məlumatına görə, bunu siyasi şərhçi Elxan Şahinoğlu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi ilə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Oldun təbrik mesajlarını müqayisə edərkən dyib.
“Təbriklərdə yeganə üst-üstə düşən məqam hər iki səfirin onu Azərbaycan dilində yaymalarıdır.
ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi mədəniyyətimiz və yeməklərimiz haqqında yenə xoş sözlər dedikdən sonra bir neçə cümlə Qobustana və vulkanlarımıza həsr edib. Amerikalı diplomatın yadda qalan əsas cümləsindən sadəcə bunu seçdim: “Bu qədim məkan mənə insanların haqqı olan daha dinc və firavan dünyada yaşamaq arzusunu xatırladır”.
Böyük Britaniya səfiri Ferqus Old isə təbrikində birbaşa mətləbə keçərək Azərbaycanla Ermənistan arasında dialoqu yüksək qiymətləndirib.
“Qarşıdan gələn ildə daha güclü tərəfdaşlıq üçün zəmin yaranıb, yeni ildən gözlədiyimiz çox şey var” deyən ingilis diplomat böyük ehtimalla bu il sülh sazişinin imzalanacağına eyham vurub”.
E.Şahinoğlu bildirib ki, Ferqus Old mark Libbini daha bir məsələdə üstələyib:
“Amerikalı diplomat Azərbaycanın COP-29-a ev sahibliyi etməsi barədə heç nə demədi.
Böyük Brtitaniya diplomatı isə buna kiçik abzas həsr etdi və noyabrda keçiriləcək bu tədbiri Azərbaycanın uğuru kimi qiymətləndirdi.
Hər iki diplomat təbrikində Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suvenerliyini bərpa etməsi barədə heç nə demədi. Bunu onlardan heç gözləmirdik də”.