2023-cü ildə Azərbaycan diplomatiyasının qarşısında bir sıra mühüm vəzifələr vardı. Xarici işlər naziri Ceyhun Bayramov ötən ili xarici siyasət baxımından "məzmunlu" adlandırıb.
Geridə qoyduğumuz il Azərbaycan özünün suverenliyini bərpa edib, eyni zamanda ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirib. 2023-cü ildə Azərbaycana qarşı təhdidlər də olub, lakin düzgün və konstruktiv siyasət nəticəsində təhlükəsizlik təmin edilib.
2024-cü ilin beynəxalq münasibətlər üçün olduqca ağır il olacağı güman edilir. Həm dünyanın iki əsas bölgəsində müharibənin davam etməsi, həm dünya siyasətində əsas rol oynayan ölkələrdə keçirilən seçkilər, həm hərbi xərclərin artması qlobal vəziyyəti gərigləşdirəcək.
Bu təhdidlər fonunda Azərbaycanın bu qarşısında duran əsas vəzifə Ermənistanla sülh sazişinin imzalanması olacaq.
Maraqlıdır ki, 2024-cü ildə Azərbaycan diplomatiyasının qarşısında duran digər çağırışlar hansılar olacaq?
Modern.az-a danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Azərbaycan diplomatiyasının qarşısında duran vəzifələr ötən ildə olduğu kimi qalmaqdadır:
“Əsas problem onunla bağlıdır ki, bəzi dünya oyunçuları Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, münaqişəyə son qoyulmasını qəbul etmirlər. Onlar münaqişədən həm Azərbaycana, həm də Ermənistana təzyiq vasitəsi kimi istifadə edirdilər. Ona görə indiki mərhələdə seçim qarşısındadırlar. Bəzi qüvvələr artıq yeni bir münaqişə zonasını axtarmaqdadırlar ki, bununla da gələcəkdə bölgəyə təsir etsinlər. Təbii ki, Azərbaycanın müstəqillik illərinin başlamasından bu yana əsas hədəfi ərazi bütövlüyü və suverenliyi, inkişafını təmin edən beynəlxalq vəziyyəti istifadə etsin. Həmişəki kimi vəzifə bizim qarşımızdadır. Gələn ildə də buna aid Azərbaycan Respublikası fəaliyyətini davam etdirəcək”.
T.Zülfüqarov bu il sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı ilə bağlı da danışıb:
“Mən də belə hesab edirəm ki, sülh sənədinin imzalanması mümkündür. Amma qol çəkilən sənədin mahiyyətini başa düşməliyik. Bu sülh sazişi çərçivə sazişi olacaq. Burada əsas məslələrin tam həllini gözləmək mümkün deyil. Məsələn delimitasiya və demaarkasiya öz həllini tapmayacaq. Bu mövzuya aid ümumi prinsiplər öz əksini tapa bilər. Kommunikasiyaların bərpasının da bu sənədin çərçivəsində həlli mümkün deyil. Çünki texniki baxıımından mövqelər fərqlidir. Bu məsələ uzun müddət tələb edir.Humanitar məsələlər, təzminat məsələsi, insanlıq əleyihinə törədilmiş cinayətlərdə iştirak edənlərin məhkəməyə cəlb olunması və digər məsələlər bu sənədlə öz həllini tapmayacaq.Ümumi prinsiplər müəyyən olunacaq. Ola bilsin ki, Ermənistan beynəlxalq qanunlara uyğun davranışı qəbul edəcək və bu sənəddə öz razılığını göstərəcək. Azərbaycanın xarici siyasəti beynəlxalq qanunlara uyğundur. Həmişə belə olub. Hesab edirəm ki, qısa müddətdə bu sənədin imzalanmasını istisna etmirəm. Ümid edirəm ki, bu baş verəcək”.