Azərbaycanda COVİD-19-la bağlı məhdudiyyətlərin demək olar ki, hamısı aradan qaldırılıb. Ancaq 2023-cü ilin 11 dekabr tarixində verilən qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti yenidən uzadılıb. Qərarla Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü ilin aprel ayının 2-si saat 06:00-dək uzadılıb. Bundan öncəki qərarla həmin müddət 2024-cü il yanvarın 1-dək nəzərdə tutulmuşdu.
COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda "xüsusi karantin rejimi" 2020-ci ilin mart ayından etibarən tətbiq edilir. Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb.
Quru sərhədlərinin nə vaxt açılacağı cəmiyyəti ən çox maraqlandıran məsələlərdən biridir. Sosial şəbəkələrdə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar seçkilərdən sonra quru sərhədlərinin açıla biləcəyi barədə iddialar yayılıb.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov bildirib ki, quru sərhədlərinin daim bağlı qalmayacağı aydındır:
"Müəyyən səbəblər var ki, bu günə qədər quru sərhədləri qapalı qalıb. Əvvəl bu, pandemiya ilə əlaqələndirilirdi. Sonra Vətən müharibəsi oldu, təhlükəsizlik məsələləri ortaya çıxdı. Doğrudur, pandemiya ləğv olunub. Lakin quru sərhədlərinin bağlı qalması istiqamətində Operativ Qərərgahının qərarı var. Qərar ləğv olunmayana qədər qüvvədədir. Aydın məsələdir ki, quru sərhədləri daim bağlı qala bilməz".
K.Bayramov bir sıra məsələlər həll edildikdən sonra quru sərhədlərinin açılacağının gündəmə gələ biləcəyini deyib:
"Seçkilərdən sonra çox şey dəyişə bilər. Struktur, kadr baxımından dəyişiklər olacaq. Məlum olduğu kimi, hazırkı hökumət buraxılmalı,yenisi formalaşdırılmalıdır. Nəzərdə tutulan islahatlar həyata keçirilməlidir. Mən quru sərhədlərinin açılmasını da istisna etmirəm. Lakin quru sərhədlərinin bağlı qalması düşünürəm ki, təhlükəsizlik məsələləri ilə əlaqdardır. Eyni zamanda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi ətrafında müzakirələr gedir. Sülh müqaviləsi istqamətində müəyyən dnışıqlar, təmaslar var. Düşünürəm ki, hardasa bu məsələlər reallaşdıqda biz sərhədlərin açılmasından danışa bilərik".