Modern.az

Bakının baş planı problemləri 2040-cı ilə qədər həll edə biləcəkmi...

Bakının baş planı problemləri 2040-cı ilə qədər həll edə biləcəkmi...

Ölkə

11 Yanvar 2024, 15:28

Nazirlər Kabineti “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib. Planda şəhərin nəqliyyat infrasturukturu, quruluşu, əhalisi barədə məlumatlar yer alıb. Növbəti 16 ili əhatə edən planın icrası üçün 93,6 milyard vəsaitin xərclənməsi nəzərdə tutulur.

 

Planda nəqliyyatla bağlı bir sıra məsələlər öz əksini tapıb. Belə ki, paytaxtın mərkəzi ərazisində nəqliyyat sıxlığının azaldılması, şəhərin şərq və qərb hissələri arasındakı nəqliyyat yerdəyişmələri zamanı əsas nəqliyyat axınlarının mərkəzə daxil olmadan şəhərkənarı həlqəvi magistrallara çıxışlarının təmin edilməsi, habelə mövcud yolların perspektivdə ifrat yüklənmələrinin qarşısının alınması məqsədilə yeni alternativ yol infrastrukturlarının yaradılması nəzərdə tutulub.

 

2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.

 

Plana əsasən, 2040-cı ilədək Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km artırılması gözlənilir. Bunlardan başqa ictimai nəqliyyat, velosiped yolları kimi məsələlər də planda öz yerini tapıb.

 

Maraqlıdır, Baş plan nəqliyyat sahəsində mövcud problemlərin həllinə kömək edəcəkmi?

 

Məsələ ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Baş planın tərtibatında müəyyən qüsurlar nəzərə çarpır:

 

“Baş planın hansı formada icra olunacağı, hansı qurumların burada səlahiyyətinin olacağı kimi məsələlər dəqiqləşəndən sonra bizi nələrin gözlədiyi aydın olacaq. Baş planın tərtibatında müəyyən qüsurlar da görürük. Müəyyən ərazilər sanki unudulub. Buna baxmayaraq, aidiyyəti qurumlar öz işlərini görürlər. Ərazilər yoxlanılır. Yeni yolların çəkilməsi burada suallar doğurur. O yolların çəkilməsi kifayət qədər xərc tələb edəcək”. 

E.Muradlı formal yanaşma olacağı halda, problemlərin həllinə 2040-a qədər nail olmağın çətin olacağını söyləyib:

 

“Əsas hədəf kimi ictimai nəqliyyata diqqət artırılırsa, avtobusların, metroların sayı artacaq, metrobuslar  yaradaılacaq. Bunlar özlüyündə mühüm hadisələrdir. Təbii ki, bunlar yerinə yetirilərsə... Uzun illər görürük ki, söz üzərində kağız üzərində qalan  layihələr var. Belə olmayacaqsa, Baş plana böyük ümidlər bəsləyə bilərik. Lakin yenə də formal yanaşmalar olacaqsa, çətin ki, bu problemlərin 2040-cı ilə qədər həllinə nail olaq”.

 

Nəqliyyat üzrə ekspet Eldəniz Cəfərli Bakı şəhərinin yeni Baş planının nəqliyyat sahəsindəki problemləri həll edəcəyini düşünür:

 

“Bakı şəhərinin yeni Baş planı nəqliyyat sahəsində olan problemlərin həllində əlbəttə ki, böyük rol oynayacaq. Yeni  nəqliyyat qovşaqlarının, yeni yolların salınması planlaşdırılıb. Hətta dəmir yollarının, tramvay xətlərinin çəkilməsi məsələsi də var”.

Nəqliyyat eksperti Baş planın yollarda tıxacın aradan qalxmasına da kömək edəcəyini vurğulayıb:

 

"Yolların və tramvay xəttinin çəkilməsində əsas məqsədlərdən biri də tıxacların azaldılmasıdır. Buna nail olunacağını düşünürəm".

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal