Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verən zaman gələn ay keçiriləcək növbədənkənar prezident seçkilərini yeni dövrün başlanğıcı adlandırıb. O qeyd edib ki, yeni dövrdə milli ideya ilə bağlı siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar müzakirələr aparmalıdır.
"Bizim əsas milli ideyamız ərazilərimizi azad etmək idi. Yəni, bütün xalq bu ideya ətrafında, bu amal ətrafında birləşmişdi, biz bunu artıq əldə etmişik. Ona görə gələcək inkişafla bağlı, əlbəttə ki, mənim fikirlərim var və bir çox hallarda onlar həlledici olacaq təbii ki. Ancaq mən istərdim ki, cəmiyyətdə də bu məsələ ilə bağlı diskussiyalar getsin, siyasətçilər, politoloqlar, elm adamları, ziyalılar, yəni, bizim gələcək inkişafımızla bağlı əsas milli ideya və ideyalarımız nə olmalıdır. Bu, bir ictimai müzakirə mövzusu olmalıdır", - İlham Əliyev belə deyib.
Prezidentin nəzərdə tutduğu yeni dövrün milli ideyası nə olmalıdır?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Etibar Əliyev bildirib ki, yeni ideologiyanın olması mütləqdir:
"İdeologiya ideyaların məcmusudur. Cənab Prezident yeni ideologiyaların yaradılması ilə əlaqədar, əslində, çox önəmli mesaj verib. Azərbaycançılıq, suverenlik, demokratiya, rifah dövləti ideyaları məcmu olaraq bu ideologiyanın tərkibinə daxil olub. Ancaq bir məsələni də qeyd edim ki, 44 günlük Vətən müharibəsində böyük bir qələbə qazandıq. Bu zəfər bizi XXI əsrdə qalib xalq kimi dəyərləndirdi. Ona görə də yeni ideologiya mütləq olmalıdır. Yeni ideologiyada artıq qalib xalq ideyası çox böyük önəm kəsb edir. Bu, insanlara qürur verir, onların dövlətləri üçün çalışmalarına çox böyük güc, stimul verir. Bu qələbənin dəyərini, necə çətin qazanıldığını anlayırıq. Torpaqlarımız 30 il işğal altında qaldı. Cənab prezident zamanı çox yaxşı qiymətləndirərək vaxtında torpaqların işğaldan azad olunması üçün iradə ortaya qoydu. Xalqla iqtidarın iradəsi üst-üstə düşdü.Əlbəttə yeni ideologiyada qalib xalq ideyası olmalıdır. Mütləq və mütləq qalib xalqın təhsil səviyyəsi, iqtisadiyyatı sürətlə inkişaf etməlidir. İnsan kapitalı burada ən önəmli məsələlərdən biridir. Cənab prezident bu istiqamətdə yeni idxeyalar, tapşırıqlar verir. Təhsilə, elmə, elm adamlarına diqqət artırılıb ki, biz bu dəyəri qoruyub saxlaya bilək".
Etibar Əliyev bu istiqamətdə alimlərin və deputatların üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib:
"Psixoloqlar, sosiloqlar, filosoflar yeni ideologiya üçün konsepsiyanın hazırlanmasında ideyalar, təkliflər verməlidir. Bu,çox dəqiq ideologiyanın vahidliyinə zəmin yaratmalıdır. Bizim gənclərin elmə, mədəniyyətə münasibətləri, üzərlərinə düşən məsuliyyəti dərk etmələri olduqca vacibdir. Bu istiqamətdə alimlərin, deputatların üzərinə çox böyük yük düşür. Ümumiyyətlə, dünya dəyişir. Əlbəttə biz hesab edirik ki, çətinliklər çoxdur. Bu çətinlikləri dövlətimizin başçısının ətrafında birləşərək həll etməliyik. Yeni ideologiya Azərbaycanın daha sürətli inkişafına nail olacaq. Azərbaycan daha yaxşı rifah dövlətinə çevrilmək uğrunda bütün resursları cəlb edəcəyinə inanıram. Rasional idarəçiliyə üstünlük veriləcək. Ən əsası hər bir insan çalışdığı sahədən asılı olmayaraq, bu ölkə üçün çalışmalıdır. Cənab prezidentin bütün çıxışlarında biz çox faydalı ideyaları qeyd edirik. Düşünürəm ki, dəyərli fikirlər bizim ideologiyanın əsasını təşkil etməlidir".
Milli Məclisin digər bir deputatı Fazil Mustafa hansı yeni ideyaların ola biləcəyindən bəhs edib:
“Prezident yeni ideologiyanın yaranmasından bəhs etməyib. O, yeni ideyaların yaranmasından danışıb. İdeologiya ilə ideya anlayışları bir-birindən tamamilə fərqlənir. Biz ideologiyasız cəmiyyət qururuq. Biz tarixi dəyərlərə sahib çıxan, eyni zamanda mövcud dünyanın dəyərlərini mənimsəyən bir istiqaməti götürürük. Burada söhbət çoxsaylı ideyalardan gedir. Hədəflər əbədi olmur. İdeologiyada uzunmüddətlilik tələb olunur. Məsələn hansısa torpaqların işğaldan azad olunması ideyası, hamımız birləşdirirdi. Bu ideya yekunlaşdı. Yeni ideya nədir? Tutaq ki, Avropa Birliyinə girmək, hansısa formada Azərbaycanı regionun liderinə çevirməklə nüfuzunu yüksəltmək ideyasını həyata keçirə bilərik. Yaxud da Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü olması ideyasını qabağa qoyub çalışmalıyıq".
F.Mustafa vurğulayıb ki, diskussiyaların aparılması ilə bağlı prezidentin təklifi yaxşı haldır:
"Dialoq mədəniyyətini cəmiyyətdə inkişaf etdirməliyik. İnsanlar da, dövlət də yeniləşməyə başlamalıdır. Biz hər şeyi əldə etdik deyib arxayın ola bilmərik. Prezidentin vermək istədiyi mesaj əslində budur. Ancaq nədənsə, cəmiyyətdə bunun şərhi doğru istiqamətdə verilmir. Bizim ideologiyalı cəmiyyət qurmağımız artıq arxada qalmış mirasdır. Məsələn “Azərbaycançılıq” üzərində tez-tez ideologiya sözü işlədilir. Amma bunun özü çox hallarda əsaslandırılmamış fikirdir. Azərbaycançılıq bizim birgəyaşayış modelimizdir. Yaxud da vaxtilə bütöv Azərbaycan ideyası populyar idi. indi isə Azərbaycanın hüdudlarından kənarda hansısa bir siyasi iddiamızın olmadığını dövlət olaraq qəbul ediriksə, deməli bu ideya bizim üçün müəyyən dərəcədə aktuallığını qorumur. Bu gələcəkdə hansısa ictimai təşkilatların iddiası ola bilər. Digər tərəfdən Qərbi Azərbyacana qayıdış iddiası var. Sabah kimsə bunu ideologiya kimi adlandıracaq. Lakin bu, belə deyil. İdeologiya elə bir şeydir ki, onu cəmiyyətin bir hissəsi qəbul, bir hissəsi isə inkar edə bilər. Bu cəmiyyətdə müəyyən haçalanmalara da səbəb ola bilər. Dövlətin əsas prinsipi dəyərlər üzərində cəmiyyətin birgəyaşayışı formasını tapmaq olur. Prezident ideyalardan danışdı. Bu istiqamətdə işimizi ancaq diskussiya və müzakirələrlə irəlilədə bilərik. Gələciyinin təyin olunması heç kəsin ekstrasens qabiliyyətindən asılı deyil. Bu, bütövlükdə cəmiyyətin düşünən hissəsisinin fikirləri əsasında formalaşa bilir. Ona görə də düşüncə həyatını canlandırmalıyıq ki, bu ideyaları gündəmə gətirə bilək".
Turqay Musayev
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda dərc olunub.