Modern.az

Paşinyanın "kuryoz" təklifi: Azərbaycan nə cavab verəcək?

Paşinyanın

Ölkə

16 Yanvar 2024, 09:42

Ermənistanın baş naziri Nikol Paşinyanın ötən gün partiyasının iclasındakı çıxışı diqqət çəkib. O, Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmi yaratmağı təklif edib.  

 

“Bu, yeni təklifdir, lakin biz səmimi şəkildə sülhə nail olmaq istəyiriksə, bütün bu məsələlər müzakirə oluna bilər. Amma təəssüf ki, Ermənistan və Azərbaycan hələ də fərqli diplomatik dillərdə danışırlar. Bundan başqa, Ermənistanda, Azərbaycanda və ölkələrdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var”,- Nikol Paşinyan deyib.

 

Paşinyan təklifinin detallarını açıqlamayıb. Qeyd edək ki, silahlara qarşılıqlı nəzarət adətən münaqiqşələrdən sonra sabitliyi gücləndirmək üçün tətbiq edilən mexanizmdir. Tərəflər etimadı artırmaq məqsədi ilə öz hərbi imkanlarını məhdudlaşdırmaq və ya tənzimləmək barədə razılığa gəlir. Silahlara qarşılıqlı nəzarət sazişləri müxtəlif formalarda - müqavilələr, paktlar və ya qeyri-rəsmi anlaşmalar formasında ola bilər. Bu müqavilələr silahların sayına, yerləşdirilmə yerlərinə və ya müəyyən növ hərbi texnologiyalara məhdudiyyətlər qoya bilər.

 

Tarixən silahlara qarşılıqlı nəzarət beynəlxalq münasibətlərin mühüm aspekti olub. Məsələn, 1970-ci illərdə ABŞ və Sovet İttifaqı arasında Strateji Silahların Məhdudlaşdırılması Danışıqları (SALT) iki supergüc arasında nüvə silahı yarışını cilovlamaq məqsədi daşıyırdı.

 

Bəs, Azərbaycan bu təklifi necə dəyərləndirəcək?

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri Paşinyanın təklifinə Azərbaycanın cavabının mənfi olacağını bildirib:

 

"Azərbaycanın cavabı, əlbəttə, mənfi olacaq. Ona görə ki bu, ciddi təklif deyil. Paşinyan dünya gündəmində sülhpərvər dövlət rəhbəri kimi qalmaq üçün zaman-zaman sülh kəsişməsi, dünya kəsişməsi və ya bu kimi absurd fikirlər ortalığa atır. Bununla da o, guya bütün danışıqlar mərhələsində Ermənistanın konstruktiv davranış nümayiş etdirdiyini göstərməyə çalışır. Hər bir halda ortaya atılan təklif ciddi qəbul edilə bilməz. Çünki iki dövlət arasında müharibədən sonra ilk ediləcək məsələ sülh müqaviləsinin imzalanmasıdır. Sülh müqaviləsi imzalanmadan, iki ölkə arasındakı münasibətlər tənzimlənmədən qarşılıqlı silahlara nəzarətlə bağlı sənəd necə imzalana bilər? 3 ildən artıqdır ki, Azərbaycan beynəlxalq hüquqa uyğun sülh üçün öz 5 prinsipini irəli sürüb.   Bu günə qədər sülhə yaxın deyiliksə, bu istiqamətdə qarşılıqlı etimad mövcud deyilsə belə bir qarşılıqlı nəzarət mexanizmiylə bağlı sazişi imzalamaqdan necə danışmaq mümükündür. Yenə deyirəm ki, bu,qeyri-ciddi yanaşmadır".

N.Miri onu da qeyd edib ki, Ermənistanla Azərbaycanın hərbi potensialı eyni deyil:

 

"Ermənistan özünün silahlanması ilə bağlı əmindirsə və düşünürsə ki, Ermənistan və onu silahlandırmaq istəyən güc mərkəzləri ciddi fəaliyyət göstərirsə, Azərbaycan da oturub gözləyəsi deyil. Ermənistanın və onun havadar dövlətlərinin də kəşfiyyat informasiyaları var ki, Azərbaycan Ordusunu 2020-ci ildəki 44 günülük müharibədən sonra necə müasirləşdirir. Bu kontekstdə Türkiyə modelinə keçid ciddi nümayiş olunur. Təchizat baxımından ordumuz Ermənistanla müqayisədə dəfələrlə üstündür. Ordu müasir silahlarla təchiz olunur. Bu, davamlı prosesdir. Azərbaycanla Ermənistanın potensiallarını müqayisə edəndə "Azərbaycan niyə  qarşılıqlı silahlara nəzarət mexanizmini imzalamalıdır?" sualı ortaya çıxır. Ermənistan öz imzasına və qərarlarına hörmət ediləcək ölkə olduğunu sübut etməlidir. Yalnız bundan sonra müxtəlif sahələr üzrə danışmaq olar. Ona görə də  bu təklif Azərbaycan tərəfindən heç də ciddi qəbul edilməyəcək. Əgər Ermənistan ciddidirsə, sülh müqaviləsini imzalasın. Azərbaycanın təklifləri beynəlxalq hüquqa və müharibənin nəticələrinə uyğun davranışdır. Ancaq ikitərəfli qaydada Ermənistan bunu qəbul etmək istəmir. Ona görə Paşinyan belə təkliflərlə çıxış edir ki, Ermənistanın havadarı kimi çıxış edən güc mərjkəzləri , platformalar Azərbaycana  təzyiq etsin. Beləliklə də, bu istiqamətdə Ermənistanın maraqları təmin olunsun. Bütün bunlar, yalnız Ermənistan Baş nazirinin xam-xəyallarıdır".

 

Politoloq Turab Rzayev də Paşinyanın təklifinin Azərbaycan tərəfindən qəbul olunmaycağını söyləyib:

 

"Bununla Ermənistan Azərbaycan arqumentlərinə qarşı kontr-arqument gətirir. Çünki Azərbaycan, dəfələrlə, bildirib ki, Ermənistan Fransadan və fərqli ölkələrdən silahlar alır. Ermənistanın illər uzunu müharibə etdiyi ölkə Azərbaycan olduğu üçün düşünürük ki, silahlanma bizə qarşıdır. Buna görə də Azərbaycan Ermənistana və ona dəstək verən ölkələrə məsələ ilə bağlı çağırış edir. Əsas silahlara nəzarət haqqında mexanizmlə Paşinyan faktiki olaraq "mən silahları müəyyən bir normada saxlamağa Azərbaycan hazırdırsa, hazıram"demək istəyir. Bununla  da Azərbaycan Ordusunun silhalanmasına, texnoloji yeni silahlalar əldə etməsinə hansısa şəkildə nəzarət etməyi, qarşısını almağı düşünür. Təklif buna hesablanıb. Aydın məsələdir ki, indiki halda Azərbaycan  Ordusunun sahib olduğu silahlar say və keyfiyyət baxımından Ermənistan tərəfi ilə müqayisədə qat-qat çoxdur.Sözügedən təklif Azərbaycanın Ermənistan ona çatana qədər gözləməsi deməkdir.  Aydın məsələdir ki, Azərbaycan bunu qəbul etməyəcək".

T.Rzayev vurğulayıb ki, Paşinyan sülh üçün səmimi olaraq çalışmalıdır:

 

"Bəllidir ki, Azərbaycan və Ermənistan daxilində, eləcə də  dünyada fərqli güc mərkəzləri sülhə maraqlı deyillər və onun əleyhinə fəaliyyət göstərirlər. Biz bunu bilirik. Paşinyan həm ölkə daxilində, həm də dünyada sülhün əleyhinə olan qüvvələrlə yox, lehinə olan qüvvələrlə əməkdaşlıq etsəydi, daha yaxşı olard. Əminəm ki,  Paşinyan səmimi şəkildə sülh müqaviləsinin imzalanmasında maraqlı olsa, bunun üçün çalışsa, əvvəl-axır Azərbaycanla orta məxrəc tapa biləcək. Ermənistan xarici vasitəçilər, zəmanətçilər tələb edir. Bunun əvəzinə iki ölkə təkbətək sülhü müzakirə etsə,  sülh müqaviləsi imzalana bilər".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal