Modern.az

"Türk dünyasının inteqrasiyası üçün çalışıram" - 70 yaşlı Ramiz Əskər

Ölkə

15 Yanvar 2024, 17:28

Prezident İlham Əliyev tanınmış yazçısı və jurnalist Ramiz Əskəri 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. O, Azərbaycanda ədəbiyyatşünaslıq və publisistika sahəsində səmərəli fəaliyyətinə görə təltif olunub.

 

Qeyd edək ki, bir neçə gün əvvəl 70 yaşını qeyd edən Ramiz Əskər Azərbaycan Yazıçılar Birliyinin (2006) və Azərbaycan Jurnalistlər Birliyinin (1980) üzvüdür.

 

Ona 13 yanvar 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Şöhrət" ordeni verilib.

 

Modern.az məsələ ilə bağlı Ramiz Əskərin təəssüratlarını öyrənib.

 

Saytımıza açıqlamasında Ramiz Əskər prezidentə minnətdarlığını bildirib:

 

"10 il əvvəl, 60 illiyimdə cənab prezident mənə lütf edib, “Şöhrət” ordeni vermişdi.  Bir neçə gün əvvəl mənim 70 yaşım oldu. Sağ olsun, bu dəfə də mənim fəaliyyətimə yaradıcılığıma dəyər verib, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib. Bunun üçün ona çox minnətdaram. Mən  94 kitab yazmışam, bunlardan 66-sı tərcümə, 28-i orjinaldır. Tərcümələrim müxtəlif türk dillərindəndir. Türk dünyasının inteqrasiyası üçün çalışıram. Böyük türk ədiblərinin  əsərlərini tərcümə etmişəm. Bunlar nəzərə alınıb, təltifə layiq bilinib. Cənab prezident bu ordeni mənə bağışlayıb.  Azərbaycan ictimaiyyətinə də minnətdaram. Mənim ad günümü yüksək səviyyədə qeyd etdilər. Mətbuat Şurasında, Yazıçılar Birliyində, müxtəlif universitetlərdə mənə həmkarlarım, hökumətimiz, prezidentimiz dəyər verdilər. Hamıya çox sağ olun deyirəm".

 

R.Əskər hazırda hansı əsərlər üzərində çalışdığından da bəhs edib:

 

"Bizdə "Koroğlu", Türkmənistanda isə "Goroğlu" dastanı var. Bizdə Alı kişinin gözü çıxarıldığı üçün Koroğlu deyirlər. Türkmənistanda isə Rövşənin anası ölür və onun bətnindən çıxır. Ona görə ona “Goroğlu” deyirlər. O, 3 cildlik əsərdir. Onun iki cildini tərcümə edib bitirmişəm. İndi 3-cü cild üzərində çalışıram. Bu, bizim Koroğluşünaslığımıza böyük töhfə olacaq. Türkmənlərin klassiki Maktumqulu Fəraqinin 300 illiyidir. Bir də onun kitabını hazırlayıram".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama