Modern.az

Ard-arda baş verən faciələr: Narahat olmalıyıq!

Ard-arda baş verən faciələr: Narahat olmalıyıq!

Ölkə

16 Yanvar 2024, 17:36

2024-cü ilin başlanğıcından bu yana Azərbaycanda bir neçə faciəli hadisə yaşanıb. Respublika Perinatal Mərkəzində baş verən yanğın 4 körpənin həyatına son qoyub.

 

Yanvarın 15-də isə paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verib. İndiyə qədər 9 nəfərin cəsədi tapılıb, 24 nəfər yaralanıb. Dünən axşam saatlarında Sumqayıtda baş verən partlayışda 4 nəfər xəsarət alıb.

 

Ard-arda baş verən faciəli hadisələr ölkədə təhlükəsizliklə bağlı müzakirələrə səbəb olub.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov partlayışlarla bağlı narahatlığa ehtiyac olduğunu bildirib:

 

"Ancaq narahatlıq nə istiqamətdə olmalıdır? Narahatlıq ona görə olmalıdır ki, iş yerlərində, istehsal sahəsində təhlükəsizliyə əməl olunmur. Partlayışlar qar yağıb, müəyyən qədər havaların soyuduğu bir vaxtda  baş verdi. Deməli, burada elektrik enerjisindən, qazdan istifadə qaydalarına ciddi əməl olunmayıb. Partlayıcı maddələr, yanar maddələrlə bağlı ehtiyatsız tədbirlər görülüb. Məsələn mebel sexində partlayış oldu. Nəticədə ölən və yaralananlar var. Allah ölənlərə rəhmət eləsin, yaralılara şəfa versin. Mebellər üçün lak məmulatları, boyalar saxlanılıb və qurutma prosesləri də yəqin ki, var. Güman ki, burada qayda-qanuna əməl olunmayıb. Sumqayıtda baş verən partlayışda onun kimi. Hesab edirəm ki, bu istiqamətdə cavabdeh olan şəxslər, eyni zamanda yoxlamalar aparan FHN və digər qurumlar daha ciddi olmalıdır. İnsanların həyatının qorunması, belə hadisələrin baş verməməsi üçün çox ciddi yoxlama tədbirləri aparılmalıdır". 

 

 

E.Məmmədov vurğulayıb ki, insanlar özləri də qayda-qanuna əməl etməlidirlər:

 

"Elektirk enerjisindən, qazdan istifadə olunan obyektlərdə, hətta mən deyərdim ki, yaşayış evlərində də vaxtaşırı yoxlamalar aparılmalıdır. Çünki saytlarda, televiziyalarda vaxtaşırı dəm qazından zəhərlənmə və ölüm hallarından xəbərlər verilir. Eyni zamanda vətəndaşlarımız və iş adamlarımız özləri də qayda-qanuna ciddi əməl etməlidir ki, belə halların qarşısı alınsın".

 

Təhlükəsizlik eksperti İlham İsmayıl söyləyib ki, partlayışların arxasında terror izi axtarmaq lazım deyil:

 

"Azərbaycana təzyiq və təsir etmək üçün hadisələrin planlaşdırıldığını düşünməyə ehtiyac yoxdur. Baş verən hadisələr müəyyən dərəcədə səhlənkarlıq və ehtiyatsızlığın nəticəsi ola bilər. Qaz və yaxud elektrik xətlərində problemlərin yaranması mümkündür. Yəqin ki, araşdırmalar nəticəsində məsələ daha da aydın olacaq".

 

 

İ.İsmayıl bu istiqamətdə müəyyən işlərin həyata keçirilməsini zəruri hesab edir:

 

"FHN proflaktiki tədbirlərlə məşğul olsa yaxşı olar. Yalnız hansısa yanğınsöndürmə balonlarının obyektlərə verilməsi ilə kifayətlənmək olmaz. FHN geniş şəbəkədir. Proflaktiki tədbirlərin görülməsi, maarifləndirmə işlərinin aparılması, məsələlərə nəzarət edilməsi vacib məsələlərdir. Çünki Azərbaycan müharibədən təzə çıxıb, eləcə də uzun illər terror hədəfində olmuşuq. Ona görə də belə hallar insanları narahat edir. Məhz buna görə də bu istiqamətdə işlərin görülməsi məqsədəuyğun hesab edilir. Düşünürəm ki, lazımi işlər görüləcək".

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal