Azərbaycan növbədənkənar prezident seçkilərinə hazırlaşır. Mərkəzi Seçki Komissiyası 7 nəfərin namizədliyini qeydə alıb. Belə ki, seçkilərdə hazırkı Prezident İlham Əliyev, Milli Məclisin deputatları, Zahid Oruc, Fazil Mustafa, Razi Nurullayev, eləcə də Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyev mübarizə aparacaq.
Seçkilərin favorit namizədi Prezident İlham Əliyevdir. O, 2003-cü ildə hakimiyyətə gəldikdən bu yana heç bir seçkini uduzmayıb. Bu seçkidə də qələbə qazanacağına heç bir şübhə yoxdur.
Belə olan halda, maraqlıdır, prezident seçkilərində ikinci yeri kim tutacaq?
2003-cü il 15 oktyabr tarixində keçirilən seçkilərdə İlham Əliyev 76,84 % səslə prezident seçildi. Onun əsas rəqibi hesab olunan İsa Qəmbər isə 13,97 % səs toplayaraq ikinci yerdə qərarlaşıb.
2008-ci il isə İlham Əliyev 88,73 faiz səslə birinci, Ümid Partiyasının sədri İqbal Ağazadə 2,86% səslə ikinci olub.
Növbəti seçkilər 2013-cü ilin oktyabr ayının 9-da keçirilib. 10 namizədin iştirak etdiyi seçkidə İlham Əliyev 84,54% səslə birinci olub. Budəfəki seçkilərdə ikincilik 5,53 faizlə Cəmil Həsənlinin olub.
2018-ci il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində isə İlham Əliyev 86,02% səs toplayaraq növbəti dəfə qalib gəlib. Sözügedən səsvermə zamanı Zahid Oruc 3,12 % səslə ikinci olub.
Qeyd edək ki, seçkilərdə iştirak edən namizədlərin əksəriyyəti əvvəllər də namizəd olub. Məsələn, Fazil Mustafa 2008-ci ilin prezident seçkilərində iştirak edib, 89985 seçicinin səsini alaraq 2,43 % səslə üçüncü olub. Həmin seçkidə 7 namizəd arasında Fuad Əliyev də olub, o, 0,77% (28,423 səs) toplamaqla altıncı yeri tutub.
Modern.az məsələ ilə əlaqədar prezidentliyə namizədlər arasında sorğu keçirib.
Saytımıza açıqlamasında Milli Məclisin deputatı, prezidentliyə namizəd Fazil Mustafa bildirib ki, buna cavab vermək çətindir:
“Belə bir suala cavab vermək açığı məntiqli görünmür. Çünki seçki kampaniyası davam edir. Təbii ki, favorit İlham Əliyevdir. Hakimiyyətin bütün resursları və gücünü təmsil edən şəxsiyyətdir. Eyni zamanda müharibədə qalib gəlmiş liderdir. Üstəlik neçə ilin prezidentlik təcrübəsi var. Bu da başlıca amildir. Amma bizdə demokratik seçkilər keçirilir. Hər bir şəxs kimliyindən asılı olmayaraq rəqibdir və seçkidə potensial uğur qazanmaq üçün çalışan insandır”.
Digər bir prezidentliyə namizəd olan, deputat Razi Nurullayev isə belə cavab verib: “Təbii ki, seçkilərdə mən özümü favorit bilirəm”.
Seçkilər mənim komandam üçün gözlənilməz deyildi...
Fəaliyyətini dayandıran Azərbaycan Liberal Demokrat Partiyasının sədri, prezidentliyə namizəd Fuad Əliyev kimin 2-ci olacağını deməyin onun üçün çətin olduğunu söyləyib:
“Hər bir namizəd iştirak etdiyi seçkilərdə özünü qalib görür. Bunun üçün də çalışır. Yanvarın 15-dən təbliğat-təşviqat işləri başlayıb. Namizədlər regionlarda, Bakı şəhərində görüşlərə başlayıblar. Mən hamıya uğurlar arzulayıram. Amma əsas söz seçicinindir. 7 fevralda öz sözünü deyən seçicilər olacaq və onun əsasında da ölkənin prezidenti seçiləcək. Məlum məsələdir ki, bu seçkilərdə favorit İlham Əliyevdir. Amma bir namizəd kimi deməliyəm ki, biz seçki aktivliyinin olmasına, seçki platformamızı, müxtəlif sahələr üzrə fikir və baxışlarımızı seçicilərə çatdırmağa çalışmalıyıq. Nəticə olaraq seçicilər öz qərarlarını versin. Burada kimin 2 və 3-cü olacağını demək çətindir”.
“Biz çalışacağıq ki, bu seçkilər həm aktivliyi, həm də xüsusiliyi ilə tarixdə qalsın. Bu seçkilər Azərbaycanın bütün ərazilərində keçirilir. Ona görə də bu seçkilər tarixə düşür. Qarşısına məqsəd qoyan seçici nəinki seçkilərdə aktiv olmalı, problemlərini aidiyyəti orqanlarda qaldırmalıdır. Bunu edən siyasətçi heç şübhəsiz seçicidən səs toplayacaq. Ona görə də kimlər üçünsə seçkilərin elanı gözlənilməz olsa da, şəxsən mənim komandam üçün gözlənilməz deyildi. Həmkarlarımızla bir yerdə bu seçkilərə həmişə hazır olmuşduq. Nəinki növbədənkənar prezident seçkilərinə, parlament və bələdiyyə seçkilərinə də hazırıq. İstənilən vaxt seçki tarixi açıqlanan kimi biz iştirak etməyə hazırıq. Çünki problemləri olan vətəndaşları qapı-qapı gəzirik, onları qəbul edirik. 11 ay ərzində yüzlərlə insanın məsələlərinin həllinə köməklik etmişik. İnanıram ki, "sağ ol" əvəzinə seçki günü bizə səs verəcəklər. Biz bunu səs toplamaq üçün etmirik. Biz öz vətəndaş borcumuzu yerinə yetirirk. Amma yenə də onlar öz vətəndaşlıq borclarını yerinə yetirəcək, seçkilərdə iştirak edib, öz istədikləri namizədi seçəcəklər”,- Fuad Əliyev deyib.