Modern.az “Rayonlardakı vəziyyət: deputat və jurnalist danışır” layihəsini davam etdirir. Bu dəfəki bölgəmiz Quba rayonudur. Bölgədə olan problemlər haqqında 52 saylı Quba seçki dairəsindən seçilmiş deputat Vahid Əhmədov və əslən Qubadan olan Lent.az-ın əməkdaşı Elşən Məmmədov danışır.
Deputat Vahid Əhmədov deyir ki, Qubada olan problemlərin biri su ilə bağlı idi. Amma artıq o, həllini tapıb. “Bölgəmiz 24 saat su ilə təmin olunur. Qubada olan problemlərdən biri də yol problemidir. Rayon mərkəzi ilə kəndlər arasında iki istiqamət var idi. Bir istiqamətdə olan yol çəkilib. Digər istiqamətdə olan yolun düzəldilməsi üçün də vəsait ayrılıb.
Bölgənin əsas problemlərindən biri də meyvə və tərəvəzlərin satışı ilə bağlıdır. İnsanlar məhsulları istehsal edir, ancaq emalında müəyyən əziyyət çəkirlər. Son illər bölgədə soyuducu anbarlar tikilib istifadəyə verilib. Ancaq onlar qane etmir. Bölgədə üç emal müəssisəsi olsa da, onların yalnız biri fəaliyyət göstərir.
Ən ciddi problemlərdən biri də bank sistemi ilə əlaqədardır. Bank faziləri yüksək olduğu üçün insanlar kredit almaq imkanından məhrum olurlar. Girov qoya bilmirlər. Hər bölgədə olduğu kimi, Qubada da insanlar işsizlikdən əziyyət çəkirlər. Bu problemlər üzərində işləyirik. Ümid edirik ki, yaxın zamanda öz həllini tapacaq.
Hazırda iki uşaq baxçası, bir tibb məntəqəsi tikilir”.
Jurnalist Elşən Məmmədov Qubada olan problemləri sadalayır. “Hər bölgədə olduğu kimi, Qubada ən əsas yol problemidir. Şəhər mərkəzində və kəndlərə gedən yollarda qazıntı işləri gedir. Qış aylarında bu yollar bərbad hala düşür. Maşınların hərəkətində çətinlik yaranır. Əvvəl Təngəaltıdakı Afurca kəndinə kimi yollar asfalt idi. Təngəaltıdan Qonaqkənd qəsəbəsinə və dağ kəndlərinə gedən yollar isə torpaqdır və bərbad gündədir. O yollarda elə yerlər var ki, yağışdan sonra sürüşmələr yaranır.
Hazırda alma yığımı getsə də, onu satmağa bazar yoxdur. İnsanlar ancaq daxili bazara güvənir. Əvvəllər Rusiya bazarına satışlar olurdu. İndi isə hansısa problemlərə görə xarici bazarlara satış dayanıb. Bundan başqa, meyvəni daha ucuz qiymətə alırlar. Satıcılar da çəkdikləri əziyyətin qarşılığını görə bilmirlər. Qəbul məntəqələri lazımi səviyyədə deyil. Qubada olan problemlərdən biri də işsizlikdir. Qubada olan konserv zavodu da fəaliyyət göstərmir.
Yeni iş yerlərinə ehtiyac var. Əvvəl Qubada şəhər stadionu var idi. Həmin stadionun ərazisində Soyqırım Kompleksi açıldı.
Dağılmış stadionu da bərpa etmək olardı. Ancaq olmadı. Təklif etmişdik ki, həmin stadiona 31 mart stadionu adı verilsin. Hələ ki, ondan bir xəbər yoxdur. Hətta eşitmişik ki, orada helikopter meydançası açmaq istəyirlər.Ümid edirəm ki, Qubada olan bu problemlər öz həllini tapacaq. Yeni icra başçısı Mübariz Ağayevin gəlişindən sonra da Qubada mühüm irəliləyişlər olub. “
Ulduz İBRAHİMOVA