Modern.az

Seçkidən sonra əfv olacaq? - VACİB AÇIQLAMA

Seçkidən sonra əfv olacaq? - VACİB AÇIQLAMA

Ölkə

23 Yanvar 2024, 18:08

Hər ilin yanvar ayında Prezident yanında Əfv məsələləri komissiyasının iclasları keçirilirdi. Bu il komissiyanın iclaslarına hələ də start verilməyib.


Buna baxmayaraq, bəzi hüquq müdafiəçiləri 7 fevralda keçiriləcək prezident seçkilərindən sonra əfv sərəncamının imzalana biləcəyini düşünürlər.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Prezident yanında Əfv məsələləri komissiyasının üzvü Əliməmməd Nuriyev  yanvar ayında iclasların keçirilməmə səbəbini açıqlayıb:
 

"Bu gün Azərbaycan çox mühüm siyasi hadisə ərəfəsindədir. Fevralın 7-də prezident seçkiləri keçiriləcək. Ona görə də bütün diqqət bu məsələyə yönəlib. Əfv Komissiyasının əksər üzvləri bu proseslərdə iştirak edirlər. Onlar həm də dövlət orqanlarının məsul işçiləridir. Yəni bu adamlar seçkilərin təhlükəsizliyinin təmin edilməsi, prosesin yüksək səviyyədə həyata keçirilməsi üçün mühüm vəzifə icra edirlər. Belə bir şəraitdə Əfv Komissiyasının iclaslarının keçirilməsi qeyri-real görünür. Buna ehtiyac da yoxdur".
 

Əliməmməd Nuriyev hər 3-4 aydan bir əfv sərəncamının imzalanmasını qeyri-mümkün sayır:


"Bir neçə ay əvvəl cənab Prezident tərəfindən ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı imzalanıb. Bu, əfv tarixində ən genişmiqyaslı sərəncam olub. 800-dən artıq məhkuma şamil edilib. Ona görə də yaxın vaxtlarda yeni əfv sərəncamının imzalanması ilə bağlı yayılan informasiyaların həqiqət yükü yoxdur. Eyni zamanda, həmişə bunu xüsusi olaraq vurğulayırıq ki, əfv sərəncamı Prezidentin müstəsna səlahiyyətidir. Bu hüququn da nə zaman, necə həyata keçirilməsinə Prezident özü qərar verir. Bu, hər hansı sifarişlə olmur.
Hər 3-4 aydan bir əfv sərəncamının verilməsi qeyri-mümkündür. Ona görə də tələsməyək. Cənab Prezident nə zaman qərar qəbul etsə, onda da əfv sərəncamına şahid olacağıq".


Hüquq-müdafiəçisi Novella Cəfəroğlu isə hesab edir ki, bu gün həbsdə olan bir sıra məhkumların əfv olunması vacibdir:
 

"Bizim hüquq müdafiəçilərindən ibarət monitorinq qrupu mütəmadi olaraq siyahılar hazırlayıb Əfv Komissiyasına göndərir. İndiyədək çox insanın əfvə düşməsinə nail olmuşuq. Bəzən çoxları həbsdəki jurnalistlərdən, siyasilərdən danışır. Bəs sadə insanların müqəddaratı? Onların ailələrindən də bizə müraciətlər daxil olur.

Bu gün bizim üçün vacib məsələlərdən biri 20 ildən çoxdur həbs cəzası çəkən ömürlük məhkumlarla bağlıdır.  Hesab edirik ki, onları azdlığa buraxmalıdırlar. Caniləri demirik, "OMON"çuları və müharibə iştirakçılarını nəzərdə tuturuq.

Jurnalistlərin həbsi də bizi narahat edir. Ümumiyyətlə, jurnalistləri həbs etmək düzgün deyil. Jurnalist o zaman həbs oluna bilər ki, casusluq etsin. Yoxsa hansısa tənqidi yazıya görə onu qandallamaq düzgün addım deyil".

 

N.Cəfəroğlu bildirib ki, Əfv Komissiyasına göndərdikləri siyahıda jurnalistlər Əvəz Zeynallının, Əziz Orucovun,  ictimai fəal Bəxtiyar Hacıyevin adlarını qeyd ediblər:

"Mən istərdim ki, seçkilərdən sonra həm böyük əfv sərəncamı imzalansın, həm də aministya aktı qəbul olunsun. Azərbaycanda yeni mərəhələ başlayır, hər tərəfdən bizə basqı var. Biz heç kimə dövlətimizi tənqid etmək fürsəti verməməliyik. Niyə Avropa Şurası bizə təzyiqlər etməlidir?

Torpaqlarımızı azad etmişik. Tanrı Ali Baş Komandanımızı qorusun! Allah şəhidlərimizə rəhmət eləsin!
Biz Qarabağda qazandığımız qələbəni qoruyub saxlamalıyıq. Ona görə də Amerika ilə də, Avropa institutları ilə də işləmək lazımdır".

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər