Modern.az

İlham Əliyev Paşinyanla sərhəddə görüşə bilərmi...

İlham Əliyev Paşinyanla sərhəddə görüşə bilərmi...

Ölkə

26 Yanvar 2024, 15:48

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması üçün indiyə qədər müxtəlif formatlarda müzakirələr aparıb. Liderlər və XİN başçıları, eləcə də digər rəsmilər arasında təşkil olunan görüşlərdə müəyyən razılıqlar əldə olunsa da, sülh müqaviləsi ilə bağlı yekun razılıq hələlik əldə edilməyib.

 

Modern.az bildirir ki, indiyədək danışıqlar üçüncü ölkələrdə, üçüncü tərəflərin vasitəçiliyi ilə baş tutub.

 

Qeyd edək ki, üçtərəfli bəyanatdan sonra ilk görüş 2021-ci il yanvarın 11-də Rusiya liderinin təşəbbüsü ilə Kremldə baş tutub. Putin, Əliyev və Paşinyanın iştirak etdiyi görüşdə tərəflər Qarabağda atəşkəs haqqında birgə bəyannamənin icrası ilə bağlı irəliləyişə nəzər salıb və regionda mövcud problemlərin həlli üçün gələcək addımları müzakirə ediblər. 

 

Dörd saata yaxın davam edən görüşün yekunu olaraq Qarabağda yeni infrastruktur layihələri ilə bağlı birgə bəyanat imzalanıb və icrası baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupuna həvalə edilib.    

 

2022-ci ildə dövlət başçıları arasında ilk görüş 6 apreldə Belçikanın paytaxtı Brüsseldə baş tutub. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə nahar əsnasında birgə görüşü keçirilib. Görüş 4 saatdan artıq davam edib. 

 

Prezident İlham Əliyev aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq, Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bildirib.   

 

Növbəti görüş mayın 22-də yenidən Brüsseldə gerçəkləşib.  

 

Prezident İlham Əliyev Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Azərbaycan tərəfindən beynəlxalq hüquqa əsaslanan 5 prinsipin təqdim olunduğunu qeyd edib və bu prinsiplərin sülh müqaviləsinin hazırlanmasında əsas rol oynadığını vurğulayıb.  

Liderlər avqustun 31-də tərəflər yenidən bir araya gəliblər. Sülh müqaviləsinin ilkin mərhələsinin hazırlanması üçün razılıq əldə olunub. Müqavilə üçün xarici işlər nazirlərinin görüşü planlaşdırılıb. Bundan əlavə, Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması, sərhədlərin müəyyən edilməsi, rabitə və nəqliyyatın açılması üzrə komissiyalarda danışıqların aparılması nəzərdə tutulub.

 

Eyni zamanda humanitar məsələlərin, o cümlədən mina probleminin, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşlarının, Ermənistanda azərbaycanlıların kütləvi məzarlarının, tarix və mədəniyyət abidələrinin vəziyyəti müzakirə olunub.  

  

Liderlər arasında sonrakı görüş oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Bu dəfə görüşdə Fransa prezidenti Emanuel Makron da iştirak edib. Beləliklə, Praqa şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş olub. Görüş Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tutub.

 

Daha sonra tərəflər oktyabrın 31-də Soçidə bir araya gəlib. Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin birgə bəyanat imzalayıblar.

 

Dekabrın 7-də isə Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri arasında planlaşdırılan görüş ləğv olunub. Prezident İlham Əliyev görüşün ləğv olunmasını Paşinyanın Fransa prezidenti Emmanuel Makronu danışıqlara cəlb etmək istəyi ilə əlaqələndirib:

 

“Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq”.

 

Ötən ildə də müxtəlif formatlarda görüşlər baş  tutub. Fevralın 18-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Mayın 25-də isə Moskvada Putinin də iştirakı ilə üçtərəfli Zirvə görüşü olub.

İyunun 1-də Kişineuda  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makronnun iştirakı ilə 5 tərəfli qeyri-rəsmi görüş keçirilib. Bu görüşlərdə də ciddi nailiyyətlər əldə olunmayıb.

 

Azərbaycan və Ermənistan arasında son zamanlar razılıqlar birbaşa əlaqə nəticəsində əldə edilib. Belə ki, iki ölkənin baş nazir müavinləri sərhəddə görüşür və əsir mübadiləsi həyata keçirir. 

 

Belə olan halda iki ölkənin liderinin də birbaşa danışığı gündəmə gəlib. Ekspertlər hesab edir ki, tərəflər vasitəli görüşün əvəzinə ya iki ölkədə, ya da sərhəddə görüşə bilər. Belə olan halda potensial sülh müqaviləsinə üçüncü tərəflər təhdid yarada bilməyəcək. Hələlik bu barədə rəsmi açıqlama verilməyib.

 

Sonda onu da qeyd edək ki, Azərbaycan və Ermənistan arasında yeni təmaslar hələlik nəzərdə tutulmayıb və sülh sazişinin nə vaxt imzalanacağı isə sual altındadır. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI