Bugünlərdə Azərbaycan şahmat məktəbinin tanınmış qadın nümayəndəsi, beynəlxalq dərəcəli qrossmeyster, Avropa və dünya çempionu Zeynəb Məmmədyarova Sumqayıt Bələdiyyəsinin sədr müavini seçilib.
Sumqayıt Bələdiyyəsində bir müddət əvvəl boşalmış həmin vakansiya yerini tutmaq üçün qurum üzvlərinin ümumi yığıncağında sumqayıtlıların 2009-cu ildə 18 nəfər bələdiyyə üzvündən biri kimi yüksək etimad göstərdiyi gənc şahmatçı açıq səsvermə yolu ilə sədr müavini vəzifəsinə təsdiq edilib .
Modern.az-ın məlumatına görə, Z.Məmmədyarova bu vəzifədə əsas etibarilə bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olacaq.
Yeni sədr müavini Sumqayıtın məşhur şahmatçılar ailəsinin - Məmmədyarovlar ailəsinin üzvüdür. O, şahmatla atası Həmid müəllimin sayəsində hələ 10 yaşında ikən məşğul olmağa başlayıb, 2000-ci ildə 18 yaşlı qızlar arasında İspaniyada keçirilən dünya çempionatında bütün rəqiblərinə qalib gələrək, yaşıdları arasında dünyanın ən güclü şahmatçısı olduğunu sübut edib. Həmin il eyni zamanda Beynəlxalq Şahmat Olimpiadasının gümüş medalını qazanıb. 2001-ci ildə qadınlar arasında Azərbaycan çempionu olub, 2002-ci ildə isə 20 yaşadək şahmatçı qızlar arasında keçirilən Avropa çempionatının qızıl medalını qazanmağa nail olub. Həmin il onun üçün Beynəlxalq Şahmat Olimpiadasının qalibi kimi də yadda qalıb. Bir il sonra isə Zeynəb yaşıdı olan qızlar arasında dünya çempionatının bürünc mükafatına layiq görülü. O, 2007-ci ildə qadınlar arasında Azərbaycanın ən güclü şahmatçısı olduğunu bir daha nümayiş etdirib. Hazırda Azərbaycanın şahmat üzrə qadınlardan ibarət milli yığma komandasının kapitanıdır.
Məlum olduğu kimi, Zeynəbin qardaşı Şəhriyar və kiçik bacısı Türkan da beynəlxalq şahmat aləmində güclü şahmatçılar kimi tanınırlar və bir çox beynəlxalq yarışların, turnirlərin qalibləridirlər. İyul ayında isə Şəhriyar sürətli şahmat üzrə yarışlarda qalib gələrək, bu növdə ilk dəfə olaraq Dünya çempionu adını qazanıb.
Oktyabrın 3-də Zeynəb xanım özünün 30 illik yubileyini Sumqayıt Bələdiyyəsinin kollektivi ilə birgə qeyd edəcək.
Zeynəb Məmmədyarova ali təhsillidir, 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetini bitirib. Beynəlxalq dərəcəli qrossmeysterdir.
Ailəlidir, 2 oğlu var.
Rəhman Orxan