Bu gün Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin bir ili tamamlanır. Ötən ilin bu günü Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Türkiyənin Qaziantep, Hatay, Adıyaman, Kahramanmaraş, Kilis, Malatya, Diyarbakır və Şanlıurfa, Suriyanın İdlip, Hələb, Hama və Latakia rayonlarını əhatə edən şiddətli zəlzələ nəticəsində şəhər və qəsəbələrdə ağır fəsadlar yaranıb. Türkiyədə 50 mindən çox, Suriyada isə 9 minədək insan həyatını itirib.
Ağır zəlzələdən sonra Türkiyə ilə həmrəylik nümayiş etdirən və ona ilk yardım göndərən ölkələrdən biri Azərbaycan olub.
Zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstək məqsədilə Prezident İlham Əliyevin göstərişinə əsasən, Fövqəladə Hallar Nazirliyinin (FHN) 760 axtarış-xilasetmə qrupu qardaş ölkədə çalışıb ki, onlardan da 44-ü tibbi heyət olub.
İlkin olaraq zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə FHN-nin zəruri tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı və 34 nəfər tibbi, 7 nəfər qeyri-tibbi olmaqla 41 nəfərlik heyəti də Türkiyəyə göndərilib.
Bundan başqa, 10 hərbi həkim, 8 tibb bacısı olmaqla Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yollanıb.
Heyətdən 114 nəfər Hatay şəhərinə gedib, aralarında həkim və mühəndislərin də olduğu qrup Kahramanmaraş və Hatayda axtarış-xilasetmə işlərinə qatılaraq 53 nəfəri dağıntılar altından xilas edib.
Fasiləsiz rejimdə, üç növbəli şəkildə aparılan axtarış-xilasetmə işlərinə hazırlanmış 3 avtomobil, istiliyə həssas axtarış-xilasetmə cihazları və istilik kameraları ilə xüsusi təlim keçmiş 8 axtarış-xilasetmə itindən istifadə olunub.
Azərbaycan komandası həmçinin Kahramanmaraşda 2 səhra xəstəxanası yaradıb. Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan xəstəxanalarda 41 həkim və səhiyyə işçisi çalışıb.
Azərbaycan nümayəndə heyətinin tərkibində olan psixoloqlar yerlərdə zəlzələdən zərərçəkənlərə dəstək olublar. Xəstəxanalarda, o cümlədən cərrahiyyə xidməti və laboratoriyada zəlzələdən zərər çəkmiş təxminən 2 500 insana sağlamlıq xidmətləri və psixososial dəstək göstərilib. Pediatrlar zəlzələdən zərərçəkənlərə qulluq edib.
Azərbaycandan gələn heyət Kahramanmaraş və rayonlarında 10 yerdə çadır şəhərciyi yaradıb.
Kahramanmaraşda səhra mətbəxi yaradan Azərbaycan heyəti hər gün 1 000 nəfər üçün yemək hazırlayıb və zəlzələdən zərərçəkənlərə xidmət göstərib. Azərbaycan Fövqəladə Hallar Nazirliyi 10 təyyarə və yük maşını ilə Türkiyəyə adyal və qızdırıcı kimi humanitar yardım göndərib.
Xalqın yardımı
Azərbaycan xalqı qardaş ölkənin vətəndaşlarına yardım göstərmək üçün səfərbər olunub. Zərərçəkənlərə gödəkçə, şalvar, əlcək, corab, bundan başqa, çətin vəziyyətdə olan insanlara çadır, yataq, yorğan, döşək, əl fənəri, generator, poverbank, təmizlik alətləri toplanılıb. Bir neçə gün davam edən aksiyada minlərlə yardım yığılıb.
Ümumilikdə Azərbaycan zəlzələdən sonra Türkiyəyə 24 milyon 900 min manat maddi yardım ayırıb.
Türkiyə ilə həmrəylik
Zəlzələdən bir müddət sonra fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.
Görüşdə Prezident İlham Əliyev Türkiyədə baş vermiş zəlzələ nəticəsində həlak olanların ailələrinə, yaxınlarına, Prezident Rəcəb Tayyib Ərdoğana və qardaş Türkiyə xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verdi, xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Prezident bu faciədən çox kədərləndiyini və onun Azərbaycan xalqını dərindən sarsıtdığını bildirib.
Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün ölkəmizin humanitar yardımları bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.
Artıq ən çox dağıntıların olduğu şəhərlərdən biri olan Kahramanmaraşın Azərbaycan Bulvarında yerləşən yaşayış binalarının inşasının 2024-cü ilin sonunadək yekunlaşması gözlənilir.
Həmçinin Kahramanmaraşın valisi Mükerrem Ünlüer bildirib ki, Azərbaycan Məhəlləsi layihəsi ən tez təhvil veriləcək layihə olacaq:
“Bura tamam dağılmışdı. Azərbaycanlı qardaşlarımız bizə dəstək oldu, birlikdə 1 800 tikilinin inşasına başladıq. Bu ərazinin zəmininin gücləndirilməsi prosesindən sonra artıq inşaat işlərinə də start verilib. Məsələn, Heydər Əliyev adına ibtidai sinif məktəbinin inşası yaxın zamanda bitəcək".
Kahramanmaraşda “Azərbaycan” məhəlləsi
Türkiyə Respublikasının Kahramanmaraş vilayətində inşa olunan “Azərbaycan” yaşayış məhəlləsinin ümumi sahəsi 32 hektar təşkil edəcək.
Layihəyə əsasən məhəllə yaşayış binaları, ibtidai məktəb və uşaq bağçası, mədəniyyət mərkəzindən ibarətdir. Yaşayış məhəlləsində 71 yaşayış binası inşa olunacaq. Bu binalarda 2, 3 və 4 otaqlı 1323 mənzil olacaq. Eyni zamanda həmin ərazidə məskunlaşacaq sakinlərin iş yerləri ilə təmin olunması məqsədilə yaşayış binalarında 799 qeyri-yaşayış (ticarət) obyekti istifadəyə veriləcək. Layihənin 100 milyon ABŞ dolları məbləğində hissəsi Azərbaycan Hökuməti tərəfindən inşa olunacaqdır. Azərbaycan Hökumətinin icraçı qurumu Mənzil İnşaatı Dövlət Agentliyidir.
Azərbaycan Hökuməti tərəfindən “Azərbaycan” yaşayış məhəlləsində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi inşa olunacaq.
Yaşayış məhəlləsində yerləşən ibtidai məktəb və uşaq bağçasının, baş plan üzrə 11 və 12-ci kvartalların tikintisinə başlanılıb.
Ötən gün isə Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Türkiyənin olduğu kimi Azərbaycanı da dərindən sarsıtdığını, xalqımızın həmin ağır günlərdə qardaş Türkiyə xalqı ilə bir ürək olaraq, faciənin ağrı-acısını bölüşdü, sonsuz kədərini birlikdə yaşadığını bildirib.