Fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Azərbaycan tarixində ilk dəfə 5 milyona yaxın seçici səsvermə hüququndan istifadə edib.
İlkin nəticələrə görə, Prezident İlham Əliyev 92%-dən çox səslə qələbə qazanıb. Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, İlham Əliyev 4 milyon 281 min 625 (92,05) səslə liderdir. Yekun nəticələr bir neçə gün sonra açıqlanacaq və təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndəriləcək. Məhkəmə seçkilərin nəticələrini təsdiq etdikdən sonra İlham Əliyevin andiçmə mərasimi keçiriləcək.
Beynəlxalq müşahidəçilərin seçkilərlə bağlı ilkin rəyləri olduqca müsbətdir. Onlar seçkilərin demokratik normalara uyğun keçirildiyini bəyan ediblər.
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatı, Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimov Modern.az-a açıqlamasında respublika üzrə 14 məntəqədə müşahidəçki kimi iştirak etdiyini bildirib:
"Səhhətimdə problemin olmasına baxmayaraq, seçki günü 14 məntəqədə oldum. Sözün əsl mənasında məntəqələrin hamısında böyük bayram ab-havası, izdiham gördüm. Eyni zamanda fəallıq çox yüksək səviyyədə idi. Mən öz səsimi Binəqədidə verdim".
E.İbrahimov səsvermədə əhalinin aktivliyinin prezident İlham Əliyevə olan sevgi və inamdan irəli gəldiyini vurğulayıb:
"Azərbaycan Prezidenti 30 il ərzində işğal altında qalan torpaqlarımızı 44 günlük müharibə ilə geri qaytardı. O, 21-ci əsrin yeni müharibə texnologiyasını tətbiq etdi. Nəticədə qələbə qazandıq. Allah şəhidlərimizə rəhmət eləsin! Bu, çox böyük işdir. Torpaqlar azad olan kimi Qarabağla əlaqədar böyük plan hazırlandı, "ağıllı kənd" layihələri başladı. Zəngilanda və Laçında artıq xeyli vətəndaşımız yaşayır. Bu illər ərzində Xankəndi və digər ərazilərimizə də köç olacaq. Görün, 3 il ərzində Prezidentin rəhbərlliyi ilə nə qədər böyük işlər görülüb, ev və obyektlər tikilib?! Camaatın çalışması üçün iş yerləri var. Bütün bunlar cənab prezidentin apardığı gərgin işin nəticəsidir.
Bu gün prezidentimizin dünya miqyasında özünəməxsus çəkisi var. Ona görə də təsadüfi deyil ki, biz Yeni Azərbaycan Partiyası seçkilərdə "qalib xalq, qalib lider" şüarı ilə qatıldı. Seçkilərdə də xalqımız öz sevgisini göstərib, prezidentimizi 92,5 faizlə seçdi. 7 namizədin içərisindən bu qədər səs toplamaq böyük bir işdir. Yenə deyirəm ki, bu, prezidentimizin Qarabağla və digər məslələrlə bağlı gördüyü işlərin, 20 ildə sosial vəziyyətin yaxşılaşması ilə bağlıdır. Bu 20 il ərzində prezident əmək haqlarının, pensiyaların qaldırılmasına xüsusi diqqət yetirdi".
Deputat prezident və ailəsinin Xankəndidə səs verməsinin dünyaya ciddi mesaj olduğunu diqqətə çatdırıb:
"Prezident və ailəsinin Xankəndidə səs verməsi Azərbaycan xalqı üçün olduqca sevincli və qürurverici idi. Bu, Ermənistana və bütün dünyaya ciddi mesajdır. Mesajın mənası bu idi ki, mən Qarabağdayam, Xankəndidəyəm, heç kəsa daha Qarabağı düşünə bilməz. Kimin yenidən bu ərazilərə gözü düşsə, gözü çıxacaq! Prezidentimiz müdrik və uzaqgörəndir. Məhz bunun sayəsində Azərbaycan Qoşulmama Hərəkatına rəhbərlik etdi. Dəfələrlə, Azərbaycan məsələsini BMT-yə qaldırdılar, amma heç nə edə bilmədilər".
E.İbrahimov seçkilərin Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldığını vurğulayıb:
"Heydər Əliyev necə Azərbaycanı canından çox sevir və onun inkişafı üçün əlindən gələni edirdisə, İlham Əliyev də atasından geri qalmır. Prezidentimizi ürəkdən təbrik edirəm. Azərbaycan xalqının gözü aydın olsun. Hələ qarşıda görüləcək işlər var. Azərbaycanın daha da inkişafı və çiçəklənməsi üçün hər şeyi edə biləcək yeganə şəxs məhz İlham Əliyevdir. Onu da deyim ki, bu seçkilər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı".