Modern.az

Sülhməramlılar Qarabağdan çıxarılır? - Moskvadan REAKSİYA

Sülhməramlılar Qarabağdan çıxarılır? - Moskvadan REAKSİYA

14 Fevral 2024, 13:08

19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusunun keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağ erməni separatçılardan, terrorçulardan təmizlənib. Hazırda həmin ərazilərdə də təhlükəsizlik məsələlərini və nəzarəti Azərbaycan Ordusu həyata keçirir.

 

Buna baxmayaraq, hələ də rus sülhməramlıları Azərbaycan ərazisində fəaliyyət göstərirlər. Qeyd edək ki, sülhməramlılar Azərbaycan ərazilərinə İkinci Qarabağ müharibəsindən sonra yerləşdirilib və burada qalma müddəti beş ildir. Antiterror tədbirlərindən sonra artıq sülhməramlılara məxsus bir neçə post fəaliyyətini dayandırıb.

 

Bir müddət əvvəl Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdakimov mətbuata müsahibəsində deyib ki, antiterror əməliyyatı başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni strukturları qoruyur. "Sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”,- deyə o bildirib.

 

Rəsmi Bakı səfirin açıqlamasını şərh edərkən bildirib ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin Azərbaycan Respublikasında qalma müddəti 2025-ci ildə yekunlaşır.

 

“Azərbaycan tərəfindən ötən il bölgədə həyata keçirilmiş antiterror tədbirlərindən sonra, sülhməramlı kontingentin gündəlik fəaliyyəti, onların müxtəlif ehtiyacları ilə bağlı mütəmadi görüşlər keçirilməsi və müzakirələr aparılması ehtiyacı yaranıb.

 

Bununla yanaşı, sülhməramlıların yerləşdiyi ərazilərimizdə Ermənistan silahlı qüvvələri tərəfindən son 3 il ərzində genişmiqyaslı minalanma fəaliyyəti aparıldığı və ərazidə partlamamış hərbi sursat problemi nəzərə alınaraq, bu təhdidlərin aradan qaldırılması istiqamətində birgə səylərin həyata keçirilməsi üzrə məsləhətləşmələr aparılması zərurəti mövcuddur”, - XİN sözçüsü vurğulayıb.

 

Beləliklə, yaxın zamanda Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxması reallaşa bilərmi?

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix Modern.az-a bildirib ki, bu məsələ yalnız iki dövlət arasında müzakirə olunacaq:

 

“Azərbaycanın daxili və xarici siyasətini milli maraqlar əsasında həyata keçirilməsi vacibdir. Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarından tamamilə çıxarılması məsələsi yalnız Azərbaycan tərəfi ilə razılaşma ilə olacaq. Yəni digər üçüncü bir ölkənin müdaxiləsi ola bilməz. Bu məsələ yalnız Azərbaycanın daxili siyasətidir. Bildiyiniz kimi, Rusiya sülhməramlılarının Azərbaycan torpaqlarından çıxarılması məsələsi gələn il gündəmə gələcək. Rusiya və Azərbaycan arasında razılıqla bu məsələ öz həllini tapmış olacaq".

O qeyd edib ki, Qərb Rusiya sülhməramlılarının Azərbaycanda olmasından narahatdır.

 

"Ona görə də Azərbaycana müəyyən təyziqlər edirlər. Fransa kimi ölkələr Cənubi Qafqazdakı maraqları ilə üst-üstə düşməyən məsələlərdə təyziqlər edirlər. Fransa isə öz maraqlarını təbii olaraq Ermənistan üzərindən edir. Amma Qərb bilməlidir ki, təyziqləri nəticəsiz qalacaq”, - ekspert vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu