Mühacirət həyatı bütün hallarda insan üçün doğulduğu yerin, yaxın qohumların doğma aurasından uzaq olma deməkdir. Səbəbsiz kiminsə Vətəni tərk edərək uzaq ölkələrdə yaşamaq istəməsi düşünülə bilməz. Tək-tək fərdiyyətçi insanlar olurlar ki, öz Vətənlərində arzuladıqları mühiti tapa bilməyəndə, dərvişsayağı hüzur tapa biləcəyi yerlərə üz tuturlar. Nəsimi demişkən, "Dünya duracaq yer deyil, ey can, səfər eylə!" qəbilindən bir dövrə vurmaq üçün...
Son illərdə xarici ölkələrdə parlament fəaliyyəti ilə əlaqədar tez-tez olduğumdan, Azərbaycandan siyasi və sosial şərtlərə görə mühacirətə getmiş xeyli insanla rastlaşmalı oluram. Onların arasında xalq hərəkatı dövründən tanıdıqlarım da var və görüşərkən hərdən maraqlı təəssüratları da bölüşmüş oluruq. Məlumdur ki, mühacirət dalğası təkcə Azərbaycanla bağlı deyil. Rifah səviyyəsinin üstün, təhlükəsizlik amilinin güclü olduğu ölkələrə siyasi və sosial hüquqların az qorunduğu ölkələrdən insanların axını təbii qarşılanmalıdır. Keçmiş post-sovet məkanından, Asiyadan, Afrikadan gələn axın artıq Avropanı, ABŞ-ı bu problemlə bağlı ciddi hüquqi tənzimləmələr aparmağa da vadar edib. Vaxtilə Səməd Vurğunun dediyinə bənzər, ancaq inkişaf etmiş kapitalist məkanına uçan quşlardan söhbət gedir: "Afrikadan, Hindistandan qonaq gəlir bizə quşlar - Zülm əlindən qurtulmuşlar..." Bu minvalla Azərbaycanda mühacirət sözünə ədəbiyyatda ilk dəfə rast gəldiyim epizodu xatırlayıram.
Dəyərli tədqiqatçımız mərhum Qulam Məmmədli biblioqrafik kitablarında o dövrün qəzetlərinə istinadən yazırdı ki, 1910-cu ilə məmləkətin dəyərli aydınlarından olan Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev İstanbula mühacirət edirlər. O zaman bu xəbər cəmiyyətdə böyük üzüntü ilə qarşılanmışdı və qəzetin baş məqaləsində qeyd olunurdu ki, onların gedişi ilə fikir arenamızda xeyli boşluqlar yaranacaq. Bu, əlbəttə, tanınmış düşüncə adamlarının daha üstün bir mühitdə öz faydalarını davam etdirmək üçün düşündükləri bir gediş idi. Sonradan bu iki böyük düşünürün Türkiyə ictimai-siyasi fikir həyatına verdiyi töhfələr hər kəscə bilinməkdədir. Onların ardınca Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsi ilə əsl siyasi mühacirət dövrü başladı və bu cümhuriyyətin qurucusu və ya dəstəkçisi olan çox sayda insan bolşevik repressiyasından qurtulmaq üçün daha sabit xarici ölkələrə birdəfəlik getməli oldular. Əlimərdan bəy Topçubaşinin Azərbaycanın işğalından sonra Parisdən geri dönməməsini, Məhəmməd Əmin Rəsulzadənin Finlandiyadan Avropaya qaçışını, Ümmül-Banu, Ceyhun Hacıbəyli, Almaz İldırım və yüzlərlə tanınmış şəxsiyyətlərin mühacirət həyatını çoxumuz xatırlayırıq.
Axın halında olmasa da, İkinci Dünya savaşında əsir düşən tanınmış insanların mühacirət həyatı da bizlərə tanışdır. Ən son mühacirət isə əsasən 1993-cü ildə Surət Hüseynovun gerçəkləşdirdiyi qiyam nəticəsində prezident Əbülfəz Elçibəyin devrilməsi ilə sonuclanan hakimiyyət dəyişikliyindən sonra başladı. Bu günə qədər də həm siyasi, həm də sosial motivlərlə ölkəni tərk edən xeyli insanları Türkiyə, Rusiya, Avropa və ABŞ məkanında görməyimiz mümkündür. Bunların içində həqiqətən də təqib olunanları, həbsxanada işgəncə görənləri, polisin dubinkasından nəsibini alanları da var, ancaq əhəmiyyətli sayda dədə-baba qaydasında dubinkalı polislə şəkil çəkdirib, pulla bir müxalifət partiyasından kağız alıb gələnlər də var. İşsizliyə, imkansızlığa, ailə vəziyyətinin ağırlığına görə gələnlər də kifayət qədərdir. Bütün hallarda bunlar hamısı ölkəmizin vətəndaşları olmuşlar və Azərbaycanla dərin bağlarını yaşatmaqdadırlar.
Sosial vəziyyətdən narazılığa görə ölkəni tərk etmişlər başqa bir geniş mövzu olduğundan, söhbəti bu və ya digər dərəcədə siyasi motivlə və ya vicdan azadlığı motivi ilə mühacirətdə olanlarla bağlı vacib bir məqama yönəltmək istəyirəm. Mühacirətdə rastlaşdığım siyasi kimlikli insanların əsasən düşüncələrinin istiqamətləndirildiyi bir ana hədəf var: Azərbaycanda hakimiyyət dəyişikliyi nə zaman olacaq, orada nə zaman demokratik rejim qurulacaq və Vətənə rahatca gedib-gəlməmiz mümkün olacaq? Buna görə də orada qoyub gəldikləri dostları, partiyaları, fikirləri müdafiə etmək, orada baş verən hər bir hadisəni öz siyasi baxışlarına uyğun şəkildə yaymaq onlar üçün bir borc olaraq görülməkdə. Bu, əslində normal qəbul olunmalı bir davranışdır və kiməsə irad bildirmə düşüncəsindən uzağıq. Ancaq hər dəfə sual verəndə ki, Azərbaycandakı vəziyyətin bərbad olmasının təbliğatı, iqtidarın ifşası kimin üçün və nəyin uğrundadır? Cavabı təqribən belədir: Azərbaycan həqiqətlərini ABŞ-a və Avropaya, bir az da geniş götürsək, dünyaya çatdırmaq! Soruşuram ki, məgər bu günün Azərbaycan həqiqətinin içində ABŞ və Avropanı görmürsünüz? Azərbaycan korrupsiyasının içində BP-ni, “LUKoyl”u, ABŞ-ın keçmiş səfirlərini görmürsünüz? Bu həqiqətlərdən kimin xəbəri yoxdur ki, dünyada? Sizin çatdırmağınızlamı dünya Azərbaycanda baş verənlərdən xəbər tutur?
Bu ifşa fəaliyyətinin ardınca sosial şəbəkələrdə ən çox söyüşlər, təhqirlər mühacirətdəki siyasi kimlikli bəzi insanlar tərəfindən yazılır. Artıq həbs qorxusu yox, qanunvericilik məsuliyyəti yox, sığındığı ölkələrdən geri tələb olunma imkanı yox. Onların burada qoyub gəldiyi fikirləri və liderləri dəstəkləməyən hər kəs yaylım atəşinə tutulur. Fikir plüralizmi baxımından buna irad bildirmənin yanlışlığını bilirəm. Ancaq mühacirət strategiyası baxımından daha fərqli yol izlənməsinin vacibliyini düşünürəm. Ötən gün Strasburqda ermənilər də Sarkisyanın Rusiyanın diktəsi ilə hərəkət etməsinə etiraz olaraq piket keçirirdilər. Ancaq bunlar o ermənilərdi ki, Fransada seçkinin taleyini həll edəcək qədər siyasi mövqeyə və pula sahibdirlər. Düşünürəm ki, bizdə də artıq ölkə ilə əlaqələri hüquq baxımından vətəndaş olaraq kəsilmiş bu insanlar mühacirət taleyini yaşamanın nifrət və kininin sosial şəbəkələrdə qəhrəmanlıq göstərərək başqalarına qarşı qisas alma kampaniyasına çevirməməlidirlər. Bütün enerjilərini ölkədə rejimin dəyişib-dəyişməməsinə, hansısa liderin dəstəklənməsinə, hansısa siyasətçilərin ifşa olunmasına yönəltməməlidirlər. Vətəndə qalanlar öz imkan və qabiliyyətlərinə uyğun olaraq mübarizə və ya mübarizə imitasiyası ilə məşğuldurlar. Kiməsə köməklik göstərməyə heç cür irad bildirmirik, sadəcə, bunun mühacirətdəkilər üçün əsas vəzifəyə çevrilməsini yanlış hesab edirik. Qarşılarına tamamilə özlərinə və sığındıqları məkanın xarakterinə uyğun daha realist vəzifələr qoymalıdırlar, məncə. Olduğum ölkənin yaşam şərtlərini daha dəqiq öyrənmək, burada aparıcı mövqe qazanma yollarını tapmaq, maddi cəhətdən zənginləşərək bələdiyyə və dövlət qurumlarında mötəbər mövqe əldə etmək və hətta eqoizm nöqteyi-nəzərindən Azərbaycandakı əleyhdarlara sübut etmək ki, mən layiq olduğum dəyəri sağlam mühitdə qazana bilirmişəm.
Əvvəldə ona görə Azərbaycan mühacirət tarixinə ekskurs etdim ki, Məhəmməd Əsəd bəy, Məhəmməd Əmin Rəsulzadə və bəlkə də adını xatırlamadığım bir neçə şəxsiyyət istisna olmaqla Azərbaycan mühacirət ədəbiyyatının sanballı nümunələrini yaradanlara rast gəlmədim. Yəni o dövrdə də "Sovetlər bu gün-sabah çökəcək, tezliklə geri dönəcəyik" xəyalları ilə kustar üsulda dar çevrə üçün qəzetlər, jurnallar buraxmağa başladılar, SSRİ-də baş verən hər neqativ hadisənin çöküşü yaxınlaşdırdığını düşündülər və beləcə, hərə bir ölkədə sanballı ədəbi, siyasi irs buraxmadan dünyasını dəyişdi. Təsəvvür edin ki, bu qədər istedadlı adamlar xəyallarını bir tərəfə buraxıb, yaşadıqları ölkələrin ən zənginlərindən birinə çevrilsəydilər, nüfuzlu ictimai-siyasi xadimlər olsaydılar, Vətən üçün daha böyük fayda verməzdilərmi? Məhəmməd Əmin Rəsulzadə ona görə yaddaşlarımızda uca yerini hər zaman qoruyur ki, yorulmadan, usanmadan çalışan, geridə irs buraxmağın məsuliyyətini anlayan Azərbaycanda tarixində tək lider olub.
Azərbaycanda hakimiyyət məsələsi hansısa demokratiya və ya super güclərin maraqlarına uyğun bir vaxtda rahatlıqla çözülə bilər. Ancaq yeni hakimiyyətin daha modern və keyfiyyətcə üstün olmasına təminat verən ədalətli cəmiyyət və mühakiməsi doğru olan bir siyasi elita hələ də formalaşmayıb. Bunun əksini iddia edənlərə arqument olaraq deyəcək və yazacaq sözümüz yetərincədir. Ona görə də qarşıdakı seçkilərdə də nəyinsə dəyişəcəyinə ümid edənlər həddən artıq maksimalist yanaşma və son şans tutumundan əsəb bunalımına düşməsinlər. Xüsusilə də mühacirətdə yaşayan istedadlı dostlarımız hakimiyyət uğrunda mübarizə cinahında illərlə nəticəsiz ətalət duruşunda boy göstərmək əvəzinə, daha çox cəmiyyətin xarakterində, tarix şüurunda, din sistemində, mental dəyərlərində olan naqisliklərinin çözülməsi üçün faydalı işlər görmək, əsərlər yazmaq, film ortaya qoymaq və başqa vacib işlər görmək zorundadırlar. Unutmayın ki, ədalət meyarları yanlış olan bir cəmiyyətlə hələ ədalətli hakimiyyət qurula bilməz.
Sonda yenə də dədə-babadan qalma bayatıdan yapışırıq: “Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır”. Əslində nə Qürbət insan üçün tam mənada cənnət olur, nə də Vətən tam mənada yaxşı olur. Sadəcə, insan həm Qürbətdə, həm də Vətəndə faydalı insan olmağa borcludur...