Modern.az

Müxalifətdən hökumətin yeni tərkibinə reaksiya: Yaxın aylarda nazirlər...

Müxalifətdən hökumətin yeni tərkibinə reaksiya: Yaxın aylarda nazirlər...

Ölkə

17 Fevral 2024, 17:00

Ötən gün Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənib. Əli Əsədov yenidən ölkənin baş naziri təyin edilib. Kabinetin tərkibində yalnız iki dəyişiklik olub. 

 

Ədliyyə naziri və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri öz vəzifələrini itirib. Onların əvəzinə müvəqqəti nazir və komitə sədri təyin olunub.

 

Maraqlıdır, müxalifət hökumətin yeni tərkibi ilə bağlı nə düşünür?

 

Modern.az bununla bağlı olaraq partiyalarla əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, gözlənildiyindən az dəyişiklik olub:

 

"Yeni kabinetlə bağlı dəyişikliklər gözləntilərdən az oldu. Əslində, daha çox dəyişikliklərin olması gözlənilirdi. Ancaq bu prezidentin səlahiyyətində olan məsələdir. O hansı komanda ilə istəsə, işləmək səlahiyyətinə malikdir. Hər halda güman edirəm ki, nazirlər dəyişmədisə, yanaşma üslubu mütləq dəyişməlidir. Çünki, sosial, təhsil, səhiyyə sahələrində kifayət qədər şikayətlər, narazılıqlar var. Bu narazılıqlar aradan qalxmalıdır. Prezidentin özü də çıxışında qeyd eləmişdi ki, artıq qalib xalq daha da rifah içərisində, imkanlı yaşamalıdır".

T.Abbaslı yaxın aylarda nazirlərin dəyişə biləcəyindən danışıb:

 

"Məncə, şəxslər o qədər də əhəmiyyətli deyil. Eyni şəxslər siyasi iradə olduqda başqa cür hərəkət edə bilər. Dəyişikliklərin dünən olmaması onun heç vaxt olmayacağı anlamına gəlmir. Gözlənilən odur ki, yaxın aylarda bir-bir, iki-bir o nazirlər dəyişdirilsin. Aydın məsələdir ki, prezident birdən-birə çox nazir dəyişdirib vəziyyəti gərginləşirmək istəmir. Zaman-zaman dəyişikliklərə gedir. Bundan qabaqkı dəyişikliklər də belə olub".

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli 7 fevral növbədənkənar prezident seçkilərindən sonra ciddi dəyişikliklərin olacağı barədə cəmiyyətdə bir ajiotaj yarandığını bildirib:

 

"Hətta bir çox media qurumları bununla bağlı təhlili yazılar verir, seçkiləri böyük dəyişikliklərin başlanğıcı kimi qələmə verirdilər. Amma dünən Prezidentin Nazirlər Kabinetinin təşkili ilə bağlı sərəncamı bütün bu deyilənlərin həqiqət olmadığını ortaya qoydu. Nəticədə iki anormal vəziyyət yarandı: 1. Media ölkədə baş verənləri cəmiyyətə doğru-düzgün təsbit edərək çatdırmır və ya çatdıra bilmir. 2. Cəmiyyətin ümidləri üzərində qeyri-məqbul oyun oynayırlar. Təbii ki, hər ikisi yaxşı görüntü deyil. Məsələ burasındadır ki, insanlar daha yaxşı yaşamaq istəyirlər, onları illərlə məyus edən biganəliyə,  yeknəsəkliyə, özbaşınalığq, laqeydliyə, monotonluğa, alçaldıcı münasibətə,  süstlüyə son qoyulmasını gözləyirlər. Haqlarının, hüquqlarının qorunmasını, ədalətli münasibətin, ləyaqətli həyatlarının təmin olunmasını istəyirlər.  Bu siyahını uzatmaq da olar. Lakin əmindirlər ki, indiki məmurlar bunu yerinə yetirə bilməyiblər və yerinə yetirə də bilməzlər. Məhz buna görə də 7 fevral səçkilərinə böyük ümidləri vardı".

Mütəllim Rəhimli düşünür ki, yeni komanda cəmiyyətin gözləntilərini doğrulda bilməyəcək:

 

"Cəmiyyətlə onlar arasında olan anlaşılmazlıq daha da dərinləşəcək. Yeni təyin olunmuş köhnə komanda sürətlə dəyişməkdə olan regional və qlobal çağırışları anlamaqda, Prezidentin təşəbbüslərini yerinə yetirməkdə çətinlik çəkəcək. Bu, zamana görə deyil, düşüncəyə görə yeni komanda olmadığından cəmiyyətin istəklərini görmək, onu dəyərləndirmək baxımından da kabinet məmurları funksiyasından kənara çıxmağa çalışmayacaqlar".

Respublikaçı Alternativ Partiyasının icraçı katibi Natiq Cəfərli kadrların, adların əhəmiyyətli olmadığını söyləyib:

 

"İctimai fikirdə belə bir məsələ hakim kəsilmişdi ki, Nazirlər Kabinetinin tərkibində daha ciddi kadr dəyişiklikliyi ola bilər. Amma hələ ki, belə dəyişikliyi görmədik. Digər yandan məsələlərə sistemli yanaşma olacaqsa, kadrların, isimlərin çox az əhəmiyyəti var. Əsas məsələ ondan ibarətdir ki, prezident də, hökumət də yeni dönəmin başlandığını elan etdilər. Nazirlər Kabinetinin vəzifəsi bu yeni dönəmin əhəmiyyətini izah edib, onun altını doldurmaqdır. Yəni yeni dönəm nədən ibarət olacaq? Hansı islahatlar gözlənilir? Nazirlər Kabinetinin gələcək planları ilə bağlı ictimai bilgiləndirməsi olmalıdır. Prezident özü də çıxışlarında pozitiv mesajlar verdi ki, yeni dönəm olacaq. Amma yeni dönəmin nədən ibarət olacağına Nazirlər Kabinetinin bundan sonrakı fəaliyyəti işıq tutmalıdır".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi