Fevralın 19-da dövlət başçısı İlham Əliyev qardaş Türkiyəyə səfər edib. Bu, onun prezident seçildikdən sonra ilk rəsmi səfəri olub. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Görüşün yekunu olaraq iki ölkə arasında müəyyən sahələri əks etdirən sənədlər imzalanıb.
İlham Əliyevin Türkiyə səfərinin əhəmiyyəti necə dəyərləndirliməlidir?
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki,ümumiyyətlə İlham Əliyevin prezident seçildikdən sonra ilk səfərini Türkiyəyə etməsi strateji tərəfdaşlığımızın və dostluğumuzun zirvədə olduğunu göstərir:
“Ümumiyyətlə,Azərbaycanla Türkiyə arasındakı münasibətlər dünyada bir nümunədir. Belə bir qardaşlığın, dostluğun və birgəliyin analoqu yoxdur. Bunu, artıq bütün dünya bilmir. Seçkidən sonra ilk səfərini Azərbaycan liderinin Türkiyəyə, Türkiyə liderinin Azərbayacana etməsi ənənə halı alıb. Bu ənənə münasibətlərin zirvədə olmasına bir işarədir. Çünki seçkilərdən sonra ilk səfər ən yaxın strateji tərəfdaş və dost olan ölkəyə edilir”.
Deputat vurğulayıb ki, görüş zamanı çox vacib məsələlər müzakirə olunub:
“Səfər çərçivəsində vacib məsələlər müzakirə olundu. İlk növbədə iki ölkə arasında hərbi və hərbi sənaye sahəsində olan münasibətlərin yüksələn xətlə inkişafı, Türkiyə ordu modelinin Azərbaycanda formalaşmasının prespektivləri, Azərbaycan-Türkiyə universitetinin yaradılması kimi məsələlər müzakirə edildi. İqtisadi sahədə protokolların imzalanması, ticarət dövriyyəsinin 15 milyarda çatdırılması, Şuşa bəyannaməsinin bütün bəndlərinin işləməsi yalnız bu iki xalqa yox, bütün dünyaya Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olaraq nümayiş etdirilməsidir. Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyətinin yol xəritəsinin çəkilməsi də göstərdi ki, təşkilatın inkişafı, inamla irəliləməsi iki qardaş ölkə rəhbərlərinin lokomotivliyi formasında aparılır. Düşünürəm ki, yaxın zamanlarda biz Türk Dövlətləri Təşkilatına üzv ölkələrin hərtərəfli inkişafını, birliyini təcəssüm etdirən bir çox böyük, transmilli layihələrinin şahidi olacağıq. Bu münasibət sözün əsl mənasında gələcəyə hesablanıb. Azərbaycan Prezidentinin dediyi kimi, Türk dünyası bizim evimizdir. Bu evin, həqiqətən də, dünya üçün önəminin artırılması hər iki dövlət başçısının qarşısında duran əsas məslələrdən biri kimi də qeyd edildi”.
Parlamentin digər bir deputatı Arzu Nağıyev söyləyib ki, cənab Prezident İlham Əliyevin Türkiyəyə səfəri çox mühüm əhəmiyyət kəsb edir:
" Çünki bu, artıq ənənə halını alıb. Əsas məqam da ondan ibarətdir ki, İlham Əliyev növbəti dəfə Prezident seçildikdən sonra ilk səfərini məhz Türkiyəyə etdi. Vaxtilə cənab Ərdoğan da prezident seçiləndə məhz ilk səfərini Azərbaycana etmişdi. Məlumdur ki, Türkiyə və Azərbaycan arasında əsas prinsip "bir millət, iki dövlət" kimi dəyərləndirilir".
Deputat fikrincə, burada xarici siyasətdə olduğu kimi tək siyasi maraqlar deyil, dostluq, eyni zamanda iki liderin bir-birinə olan münasibəti də böyük rol oynayır:
"Bu gün artıq Türkiyə və Azərbaycan arasında iqtisadi cəhətdən çox mühüm layihələr var. Bir-birimizlə elə böyük mübadilə var ki, bu bir çox sahələri əhatə edir. Yol xəritəsi müəyyənləşdirilib. Bu həm bu il, həm də gələcək üçün çox fayda verəcək. Bundan başqa, enerji sahəsində əməkdaşlıq da çox mühüm istiqamətdir. Azərbaycanın Naxçıvan ərazisindən elektrik ixracı, İğdır-Naxçıvan təbii qaz boru kəməri layihələrinin qısa zamanda başa çatdırılması, təhsil sahəsində olan qarşılıqlı layihələrimiz, müxtəlif universitetlərin yaradılması və sair ən böyük layihələrdəndir".
Deputat vurğulayıb ki, BMT-nin İqlim Dəyişişikliyi üzrə Konversiyasının tərəflər konfransının məhz Azərbaycanda keçirilməsi, COP29-a Azərbaycanın ev sahibliyi etməsi Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir:
"Türk dövlətləri təşkilatında Azərbaycanın və Türkiyənin birgə iştirakı çox böyük əhəmiyyət daşıyır. Bu gün artıq Kipr Türk Cümhurriyətinin zirvə toplantısına qatılması çox mühüm əhəmiyyət kəsb edir. Şuşa bəyannaməsinin imzalanması ölkələrimiz arasında münasibətləri artıq müttəfiqlik səviyyəsinə çatdırıb. Bir daha dünyaya göstərdik ki, bir millət, iki dövlət olmaqla yanası, biz siyasi və iqtisadi sahədə də bir-birinə dəstək olan dövlətlərik".