Modern.az

İçərişəhərə avtomobillərin girişi qadağan edilir? - AÇIQLAMA

İçərişəhərə avtomobillərin girişi qadağan edilir? - AÇIQLAMA

Ölkə

23 Fevral 2024, 10:30

İçərişəhərdə tarixi binaların olduğu əraziyə avtomobillərin girişinin qadağan ediləcəyi barədə xəbərlər yayılıb. İddialara görə, yalnız ərazidə yaşayan sakinlərin və İçərişəhərdəki binalarda çalışan şəxslərə məxsus avtomobillərin əraziyə buraxılacağı bildirilir.

 

Qeyd edək ki, sözügedən məsələ Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında da yer alıb. Palana görə, İçərişəhərə bitişik yerləşən (şərq hissədə) 19-cu əsrə aid tarixi binaların olduğu şəhər ərazisinin (Neftçilər prospektinin şimalı və Bülbül prospektinin qərbi ilə) avtomobil nəqliyyatından azad sakit şəhər ərazisinə çevrilməsi (Bülbül prospekti, Səməd Vurğun küçəsi, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti kimi əsas yolları dolanaraq) nəzərdə tutulur. Piyada zonasının İçərişəhər ərazisi ilə (nəqliyyat vasitələrinin giriş-çıxışına məhdud səviyyədə yol verilən) birləşdirilməsi və Əziz Əliyev küçəsi ilə İstiqlaliyyət küçəsi arasında ümumi ayırıcı xəttin müəyyən edilməsilə Neftçilər prospekti ilə “Nizami Parkı” arasında avtomobil nəqliyyatından azad sakit ərazinin yaradılması planlaşdırılır.

 

Modern.az mövzu ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Səfayə Əhmədova ilə əlaqə saxlayıb.

 

O, saytımıza açıqlamasında bildirib ki, İçərişəhərə avtomobillərin hərəkətini məhdudlaşdırmaq vəzifələri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə həvalə edilib:

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsinin 3.1.4-cü bəndinə əsasən Qoruqların ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin qorunmasını və ərazi üçün müəyyən olunmuş rejimin saxlanmasını təmin etmək, habelə 3.1.16-cı bəndin tələbinə əsasən Qoruq ərazisindəki nəqliyyatın hərəkətini müvafiq qaydada təşkil etmək, abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdırmaq vəzifələri İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə həvalə edilmişdir”.


Mətbuat katibi qeyd edib ki, qoruq ərazisinin giriş-çıxış məntəqələrinin yanında mövcud olan lövhələrdə bununla əlaqədar məlumat ictimaiyyətə təqdim edilir:

 

“Qoruq ərazisinin ümumi sahəsini nəzərə alaraq, nəqliyyatın yüklü saatlarında əraziyə daxil olan nəqliyyat vasitələrinin əraziyə buraxılışı zamanı Qoruq ərazisində qeydiyyatda olan sakinlər, ərazidə fəaliyyət göstərən qurum və təşkilatlar və xüsusi təyinatlı (təcili tibbi yardım, yanğınsöndürən və s.) nəqliyyat vasitələrinə üstünlük verilməklə limitli giriş-çıxış rejimi tətbiq edilir. Mövcud olan lövhələrdə bununla əlaqədar məlumat ictimaiyyətə təqdim edilir”. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi