Modern.az

Ermənilər polis şöbəsində bizi daşlayırdılar... - Xocalıda girov götürülən Mürvət DANIŞIR

Ermənilər polis şöbəsində bizi daşlayırdılar... - Xocalıda girov götürülən Mürvət DANIŞIR

Ölkə

26 Fevral 2024, 13:44

Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 32 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

 

Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

 

Xocalıda girov götürülənlərdən biri də Mürvət Məmmədovdur. O, 6 gün erməni vəhşiliyi ilə üz-üzə qalıb.

Mürvət Məmmədov Modern.az-a açıqlamasında deyir ki, həmin gecə atasını və qardaşını itirib.

 

O, Xocalıda törədilən qətliamı belə xatırlayır:

 

“Atam Məmməd, böyük qardaşlarım Söhbət və Möhlət də Xocalıdakı könüllü batalyonlara qoşularaq postlarda keşik çəkirdilər. Xocalıya gələn sonuncu vertolyot vurulandan sonra hər yerlə hava əlaqəmiz tamamilə kəsildi. Xocalı əhalisi işıqsız, qazsız, susuz, ərzaqsız şəraitdə, düşmənin atəşi altında birtəhər yaşayırdı, amma bir nəfər də şəhəri tərk etmirdi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə atışma heç səngimədi. Biz xocalılılar orada bütün işgəncələrə qatlaşdıq, amma heç birimiz ermənilərə boyun əymədik. Xocalılar vətənə xəyanət etməkdənsə, ölümü üstün tutdular. 

 

Heç vaxt yadımdan çıxmaz, balaca qardaşımın doğum günü idi. Ermənilər bunu bildilər, ona dedilər ki, silah versək, atarsan? O dedi ki, hə. Avtomatın lüləyini əlinin içinə qoyub atəş açdılar. Dedilər ki, bu sənə bizdən ömürlük ad günü hədiyyəsi olsun. Anam yaralı olmasına baxmayaraq girovluqda özünü bizə sipər edirdi, bizi qorumağa çalışırdı”. 

Mürvət Məmmədov bir həftə Əsgəran polis şöbəsində ermənilər tərəfindən insanlığa sığmayan işgəncələr gördüklərini söyləyib: 

 

“Bir həftə sonra girov saxlandığımız otağın qapısını açdılar, bizi təpikləyərək çölə çıxardılar. Oradakı erməni sakinləri əllərinə daş, başqa nə tapsalar başladılar bizi vurmağa. Daha sonra bizi avtobusa mindirib Ağdamla Əsgəran arasındakı sərhədə gətirdilər. Şəhidimiz, Milli Qəhrəman Allahverdi Bağırovun köməyi ilə 80 nəfər yaralı azərbaycanlı əsir-girovu ermənilər tərəfindən döyüşən muzdluların meyitləri ilə dəyişdilər. Həmin 80 nəfər yaralı azərbaycanlıdan 5 nəfəri mənim ailə üzvüm idi. Sonra Ağdam rayon xəstəxanasına gətirildik. Ermənilər xəstəxanaya da raket atdılar. Həmin vaxt cərrahiyyə əməliyyatında idim, hərə bir yana qaçırdı".

 

O, ötən ay anası ilə birlikdə Xocalıya getdiklərini bildirib. 


"Ağdamda bizi girovluqdan azad edən Milli Qəhrəman Allahverdi Bağırovun məzarını ziyarət edib, ruhuna dualar oxuduq. Vaxtilə işgəncə gördüyümüz şəhidlərimizin qanları ilə suvarılan müqəddəs torpağa yenidən qədəm basdıq, Xocalının dağlarına, düzlərinə, meşələrinə baxdım. Biz heç zaman ümidimizi itirmədik, bildik ki, bir gün mütləq torpaqlarımız azad olunacaq, biz xocalılıların qisası alınacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq. Artıq Xocalıya əbədi dönmüşük. Şükür Allaha, qanımızın yerdə qalmadığını dünya gözü ilə gördük”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi