Modern.az

Ölkəmizdə növbədənkənar seçki gözləntisi: Partiyalar hazırdır?

Ölkəmizdə növbədənkənar seçki gözləntisi: Partiyalar hazırdır?

29 Fevral 2024, 17:56

Fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra növbədənkənar parlament seçkilərinin də keçirilməsi ilə bağlı məsələ gündəmə gəlib.

 

Qanunvericiliyə görə, parlamentin səlahiyyət müddəti 5 ildir, ancaq 98-1-ci maddədə qeyd olunur ki, növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər.

 

2020-ci ildə baş tutan seçkilər növbədənkənar formada keçirilib. Azərbaycan Konstitusiyasının 98-1-ci maddəsində deyilir ki, Milli Məclisə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən parlament çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçirilir.

 

Altıncı çağırış parlamentin səlahiyyət müddəti parlamentin həmin ilin mart ayının 10-da baş tutan ilk iclasında başlayıb. Beləliklə, bu çağırışın səlahiyyət müddətinin beşinci ili 2024-cü ilin mart ayında başlayacaq. Belə olan halda parlamentə növbəti seçkilər 2024-cü ilin noyabr ayında keçirilməlidir.

 

Parlament seçkilərinin dəqiq nə vaxt keçirləcəyi məsələsi gəlincə, bunun üçün təqvimə baxmaq lazımdır. 2020-ci ildə seçilən parlamentin səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü 2024-cü ilin noyabr ayının 3-nə düşür. Növbədənkənar seçkilər keçirilməyəcəyi təqdirdə, Azərbaycanda növbəti parlament seçkilərinin məhz bu tarixdə keçiriləcəyini deyə bilərik.

 

Amma hələlik bu barədə rəsmi açıqlama verilməyib. Bəzi siyasi partiyalar növbədənkənar parlament seçkiləri ilə bağlı hazırlıqlar görürlər.

 

Maraqlıdır siyasi partiyalar parlament seçkilərinə hazırlaşırmı?

 

Modern.az məsələ ilə bağlı bir neçə siyasi partiyayla əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, bütün hallarda siyasi təşkilatlar növbədənkənar parlament seçkilərinə hazır olmalıdır:

 

“Parlament seçkilərinə əslində bir ildən də az vaxt qalıb. Bu il parlament seçkilərinin keçirilib-keçirilməyəcəyini dəqiq bilmək olmaz. Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı COP-29 tədbiri keçiriləcək. Bütün hallarda siyasi təşkilatlar növbədənkənar parlament seçkilərinə hazır olmalıdır. Böyük Azərbaycan Partiyası olaraq növbədənkənar Prezident seçkilərində iştirak etdik. Bu həm də parlament seçkilərinə ciddi hazırlıq kimi qəbul olunmalıdır”.

 

Elşad Musayev bildirib ki, Böyük Azərbaycan Partiyasının parlament seçkilərində uğurlarına hər kəs şahidlik edəcək:

 

“Prezident seçkilərindən sonra biz böyük təbliğat imkkanları əldə etdik. Demək olar ki, ölkənin iqtisadi rayonlarında açıq görüşlər keçirdik. KİV-lə və beynəlxalq səviyyədə əlaqələrimizi xeyli gücləndirdik. Bu baxımdan da seçkilərin nə zaman keçirilməsindən asılı olmayaraq, Böyük Azərbaycan Partiyası palament seçkilərinə çox ciddi şəkildə hazırlaşır. Onu da deyim ki, eyni zamanda bələdiyyə seçkilərinə də hazırlaşırıq. Hesab edirəm ki, Böyük Azərbaycan Partiyasının parlament seçkilərində uğurlarına hər kəs şahidlik edəcək”.

 

Ağ Partiyanın sədri Tural Abbaslı parlament seçkilərinin keçirilməsinin hakimiyyətin qərarından asılı olduğunu söyləyib:

 

“Parlament seçkilərinin keçirilməsi ilə bağlı söz-söhbətlər var. Qanuna görə noyabrda qədər seçkilər keçirilməlidir. Bununla bağlı hakimiyyət dairələrinin də üstüörtülü mesajları oldu. Lakin hələlik konkret bir şey yoxdur. Biz ümumiyyətlə hazırkı parlamentin daha əvvəldən buraxılıb, yenidən formalaşdırılmasının tərəfdarıydıq. Prezidentin yerli media nümayəndələrinə müsahibəsində yeni dönəmdən danışması da parlament seçkilərinin keçirilməsini vacib edir. Nəzərə alaq ki, ilin sonuna qədər COP-29 və bələdiyyə seçkiləri var. Buna qədər parlament seçkilərinin keçirilməsi mümkündür. Eyni zamanda referendumun keçirilməsi ilə bağlı söz-söhbətlər var. Referendum, parlament, ardınca da bələdiyyə seçkilərinin keçirilməsi texniki baxımdan mümkündür. Lakin qərar yenə də hakimiyyətdən asılıdır. Çünki noyabra qədər Parlament seçkiləri keçirləcəksə, gərək əvvəlcədən Milli Məclis özünü buraxmaq barədə qərar versin”.

 

T.Abbaslı partiyasının parlament seçkilərinə hazırlaşdığını qeyd edib:

 

“AĞ Partiya olaraq,əslində prezident seçkilərindən öncə parlament seçkilərinə hazırlıq  prosesinə başlamışdıq. Mümkün qədər, əlimizdəki imkanlar daxilində hazırlaşmağa çalışırıq. Namizədlərin müəyyən olunması, partiyaların imkanları, nə qədər dairədən namizəd verə biləcəyimiz və müşahidəçi təmin edə biləcəyimizi kimi məsələlər ətrafında işlər gedir. Amma konkret tarix bilinmədiyi üçün bizdə də qeyri-müəyyənlik var. Bəzi məsələlər var ki, təqvimdən asılıdır.Yəni tarix bilinməlidir ki, ona uyğun addımlar atılsın. Ümumi olaraq isə Parlament seçkilərinə hazırlaşırıq”.

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli qanunvericiliyə əsasən Milli Məclisə seçkilərin bu ilin noyabr ayında keçirilməli olduğunu vurğulayıb:


“Parlament seçkilərini təxirə salmaq üçün ölkədə hər hansı bir əsas yoxdur. Lakin onun qabağa çəkilməsi istisna deyil. İndiyədək belə hallar çox olub. Cəmiyyətin də gözləntiləri arasında Milli Məclisə seçkilərin yay aylarında keçirilməsi ilə bağlı fikirlər yer alır”.


O, Ədalət Partiyasının seçkilərdə iştiraka münasibətinin pozitiv olduğunu söyləyib:

 

“Biz seçkilərdə iştirak etmək əzmindəyik. Ümid edirik ki, bu il Ədalət partiyası parlamentdə təmsil oluna biləcək. Buna həm cəmiyyətdə apardığımız işlər, həm də indiki deputatlarla müqayisədə irəli surəcəyimiz namizədlərin potensialı və şəxsi keyfiyyətləri imkan verir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir