Vətən müharibəsi iştirakçısı Aydın Köçəri oğlu Məmmədov Nəsimi rayonu Yusifvəzir Çəmənzəminli küçəsi döngə 1, ev 19 ünvanında yerləşən bağ torpağının qonşusu tərəfindən zəbt edildiyi ilə bağlı saytımıza müraciət edib.
Aydın Məmmədov Modern.az-a hadisənin təfərrüatlarını açıqlayıb.
O qeyd edib ki, sözügedən ərazi 1968-ci ildən onların istifadəsində olub.
"Ərazidəki digər sakinlər də bunu təsdiqləyə bilər. Bizdən öncə, 1955-ci ildə məhləyə Əliağa kişigil gəlib. Onlardan da soruşa bilərsiniz. Təxminən 2015-2016-cı ilə qədər bağın hasarı olmayıb. Ümumilikdə bu torpaq dövlət mülkiyyətidir. Əvvəl həmin ərazi Yaşıllaşdırma İdarəsinə aid olub. Burada şam ağacları əkilib, sonra bütün şəhərə paylanılırdı. 2016-2017-ci illər idi, səhər-səhər qonşu gəlib məni çağırdı, dedi ki, Aydın, adam kişi olar, mənim bağımı niyə əlimdən alırsan? Açığı, təəccübləndim. Heç nədən xəbərim yox idi. Dedim, nə məsələdir? Dedi ki, mənim bağ torpağımı niyə əlimdən alırsan? Nəsimi Rayonunun İcra Başçısı o zamanlar Nəsib Məhəməliyev idi. O, bu ərazini gözaltı edibmiş. Burada 50-60 illik qocaman ağaclar var. Əraziyə qəribə şəkildə hücum etdilər. Qonşunun bağını zəbt etdilər. Sonra bizim də bağa soxuldular. Bağdakı ağacları qırdılar. Mən həmin vaxt orada olmamışdım. Əliağa kişinin 5 oğlu var. Onlar deyiblər ki, mənim bağımı əlimdən alırsan, Aydının bağına niyə girirsən? Onlar da deyib ki, Aydın filan tanımırlar. Burada heç birinizin sənədi yoxdur. Sizi ümumiyyətlə buradan sürgün edəcəyik. Gəlib gördüm ki, həyəti zəbt ediblər. Maraqlanmağa çalışdım ki, məqsədləri nədir. İnanırsınız, heç adamla danışamaq istəmirdilər. Mən də Nəsib Məhəməliyevin adına bir şikayət ərziəsi yazdım. Yazdım ki, bir sıra işbaz adamlar 1968-ci ildən bizim istifadəmizdə olan bağ torpağımızı zəbt edir və orada olan ağacları kəsir, qırır və tikinti aparırlar. Növbəti gün Nəsib müəllimin bir işçisi yanıma gəlib mənim yerimin harada olduğunu soruşdu, mən də dedim. Dedi ki, gəl, sənin yerindən hasarımızı çəkək. Sənin bağına dəyməyəcəyik. Qonşunun bağının yerində iki mərtbəli ev tikdilər, qapısı, pəncərəsi yox idi. Həmin dövrdə də Nəsimi rayonundakı binaların üzərinin abadlaşdırılması işləri gedirdi. Bu evin tikilməsində bir qəpik də xərcləri çıxmadı. Daş da, qum da, fəhlə də dövlətin hesabına oldu. Bir ayın içində evi tikdilər”.
"Qonşu cütlük bizə faciə yaşadır"
Aydın Məmmədov əsl faciənin həmin evə yeni cütlüyün köçməsindən sonra başlandığını söyləyir:
“2016, ya 2017-ci ildə bu evə Nazim Şahbazov və Aynur Həmidova cütlüyü gəldi. Onlar ilk gəldiklərində özlərini olduqca mədəni və etikalı aparırdılar. Gəlib bizimlə salamlaşdılar, yeni köçdülərini bildirdilər. Mən də gözaydınlığı verdim. 2020-ci ildə mən müharibəyə getdim. Bu zaman evdə 75 yaşlı anam, yoldaşım iki qızım və 6 yaşlı oğlum qalmışdı. Qardaşıma zəng edib dəmir tellərdən toxunmuş çəpəri söküb yerinə daşdan hasar tikməsini ondan xahiş etdim. O da dedi ki, bu dəqiqə mən o əhval-ruhiyyədə deyiləm, sənin yolunu gözləyirik. Dedi ki, sağ-salamat qayıt, özün hər şeyi həll edərsən. 2020-ci ilin dekabrın 27-də evə qayıtdım. Müharibədən qaytmışdım, olduqca yorğun, əsəbi və stresliydim. Bir müddət sonra, martın 8-də usta çağırıb, hasarı çəkdirmək qərarına gəldim. İp çəkiləndə qonşularım elə bil həmon insanlar deyildi. Əzrayıl kimi üstümə gəldilər. Mənim indiyə kimi xanım deyə səsləndiyim qadın mənə dedi ki, “Mənim torpağımda nə iş görürsən, bu torpaq mənimdir”. “Aynur xanım, nə iş görürəm ki, köhnə çəpərdi, söküb hasar çəkirəm. Ay anam, ay bacım bu torpaq haradan sənin oldu”,-dedim. Qadın başladı təhqiramiz ifadələr işlədib, küçə hərəkətləri etməyə. İpi qırdı. Öz özümə “tanıdığın adamlar bu qədərmi dəyişər?” dedim. Qardaşım da bizdə qeydiyyatdadır, ev ikimizindir. Zəng eləyib dedim ki, ay Azər, başına dönüm, vəziyyət belədir. O da mənə dedi ki, ziddiyətə getmə, əl-qol atma, gəlirəm".
"O xanım bizi vəzifəsilə hədələyir"
Aydın Məmmədovun sözlərinə görə, qonşu qadın vəzifəsindən sui-istifadə edərək onları hədələyib:
"O xanım dedi ki, sən bilirsən biz kimik, lazımı yerlərə zəng edəcəyik. Mən hüquqşünasam, kafedrada dərs deyirəm. Sənin sənədin yoxdur, mənim var. Mənim bələdiyyədən icarə müqaviləm var. Buranın bələdiyyə torpağı olmadığını, bələdiyyənin müqavilə verəndə qanunla mənimlə əlaqə saxlamalı olduğunu, ərazinin hərraca çıxarıldığı barədə məlumat verməli olduğunu dedim. Prosedurların heç biri olmadan gəlib mənim hasarımın içərisində olan torpağıma sənəd alıb. Sonra qadın bizi məhkəməyə verdi ki, torpağı, guya, 2005-ci ildən alıb. Təsəvvür edirsiniz...
Mən də onu məhkəməyə verdim ki, hüquqlarımı pozur. Nəsimi Rayon Məhkəməsi qadının iddiasını ləğv etdi. Apellasiyaya verdi, ora da bunun iddiasını ləğv etdi. Mən bələdiyyənin sədri, müavini ilə danışdım. Mənə cavab olaraq torpaqların onlara məxsus olmadığını və torpaqla bağlı sənəd vermədiklərini söylədilər. Apellasiya da bunu ləğv edəndə Ali Məhkəməyə kassasiya şikayəti verdi. Kasassasiya bunu yenə apellasiya mərhələsinə qaytardı. Apellasiya prosesində mən də iştirak etdim. Hakim Elşən Kazımov mənə dedi ki, yuxarıdan ona tapşırıq gəlib, onların xeyrinə qərar verəcək. Beləcə, Elşən Kazımov onun iddiasını təmin edib qalib çıxardı. Bu dəfə mən onu verdim məhkəməyə, Sənan Hacıyevlə görüşüb dərdimi danışdım. Məsələni ətraflı danışdım, kimlərin pərdəarxasında dayandığını dedim. Bu işin arxasında Nəsib Məhəmməliyev durur, dedim. Sənan Hacıyev mənə dedi ki, onsuz da Nəsibdən şikayət çoxdur. İndi məsələyə Konstitusiya məhkəməsində baxılır. Ombudsman işçisi hüquqlarımızı pozdu, torpağımızı əlimizdən aldı".
Şikayətçi qonşuluğunda yaşayan qadının dəfələrlə onu haqsız olaraq polisə şikayət etdiyini deyir:
“Polisə şikayət edir ki, Aydın müharibədən "kontuziyalı" gəlib, məni öldürmək istəyir, təhdid edir. İki həftə bundan əvvəl polisdən mənə zəng edib, barəmdə şikayət olduğunu söylədilər. Dedim ki, nə qədər izahat yazmaq olar. Bir kəlmə ona dedim ki, burada tikinti aparmaq olmaz. Polis mənə nə vaxt tikinti işi gedərsə, onlara müraciət etməyimizi söylədi. Mən həm polisə, həm Ədliyyə Nazirliyinə, həm də Əmlak Komitəsinə məlumat vermişəm. İndi media vasitəsilə üzümü əlaqəli qurumlara, şəxslərə tuturam. Bu məsələdə mənə kömək etsinlər. 44 günlük Vətən savaşında iştirakımı nəzərə almasınlar. Bu, mənim vətəndaşlıq borcum idi. Biz Azərbaycan vətəndaşının üzləşdiyi haqslızlığı aradan qaldırsınlar. Qarşı tərəfdəki xanım Ombudsmanda çalışır. Bildiyim qədər, bu qurumda çalışan insanların hüquqlarını müdafiə etməlidir, vətəndaşın hüququnu özü pozmalı deyil. Bilmirəm, bəlkə yanlış deyirəm. Hər bir halda mənim illər boyu istifadə etdiyim bağın heç bir sənəd olmadan məhkəmədə öz xeyrinə qərar əldə etməsi qanuni iş deyil. Qarşı tərəfin əlində heç bir hüquqi akt olmaya-olmaya bizim ailənin hüquqlarını pozur. Ümidvaram ki, əlaqəli qurumlar, şəxslər bizə kömək edəcəklər. Baş vermiş özbaşınalıq, qanunsuzluq aradan qalxacaq".
Qeyd edək ki, Aydın Məmmədov Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan uğrunda döyüşlərdə iştirak edib. O, cənab Prezident İlham Əliyev tərəfindən Zəngilanın azad olunmasına görə medalı ilə təltif edib.