Modern.az

Xankəndidə separatçılardan qalan bütün qanunsuz tikililər söküləcək - FOTOLAR

Xankəndidə separatçılardan qalan bütün qanunsuz tikililər söküləcək - FOTOLAR

7 Mart 2024, 09:52

Azərbaycanda hazırda çox mühüm tarixi proseslər yaşanır. Ölkəmizin ərazisində ikinci erməni dövləti qurmaq istəyən xunta rejiminin rəhbərləri ötən il antiterror tədbirləri nəticəsində bir-bir həbs olundular. İndi isə onların səpdikləri separatizm toxumları məhv edilir.

 

Belə ki, xunta rejiminin işğal dövründə Xankəndidə inşa etdiyi binaların sökülməsinə başlanılıb. Separatçı xunta rejiminin Xankəndi şəhərində 1994-cü ildə inşa etdiyi və 2009-cu ildə yenidənqurma işləri apardığı parlament binası Azərbaycan Hökumətinin göstərişinə əsasən sökülür. Üçmərtəbəli, sahəsi 1350 kvadratmetr olan binada qondarma rejimin 33 “deputat”ı fəaliyyət göstərdikləri dövrdə separatçıların mənfur siyasətini dəstəkləyiblər.

 

Mənfur düşmənin daha bir tikilisi – üstdən baxdıqda xaç formasında inşa edilmiş “veteranlar” binasının da sökülməsi işlərinə başlanılıb. Bu bina Birinci Qarabağ müharibəsində ermənilərin azərbaycanlılara qarşı qəddarlığı ilə seçilən "qəhrəmanlarının" xatirəsini əbədiləşdirmək üçün tikilib.


Mövzu barədə Modern.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, bu binaların hamısı qanunsuz şəkildə fəaliyyət göstərən, məkirli əməllərin həyata keçirildiyi binalar olub: 


“Azərbaycanı  şəhərsalma qanunvericiliyinə əsasən qeyri-qanuni şəkildə tikililər varsa, onların hamısı sökülüb, dağıdılıb, məhv edilir. Cənab Prezidentin bu istiqamətdə verdiyi tapşırıqlar var ki, qanunsuz tikililər olmamalıdır. Bu, şəhərin arxitekturasına xələl gətirir. O cümlədən, Xankəndidə cinayətkarların, terrorçuların özləri üçün yaratdıqları o cinayət yuvaları da dağıdılır, dağıdılmalıdır da. Bu binaların birində o vaxt "Arsax"ın parlamenti yerləşirdi. Digərində isə hərbi canilərin, soyqırım törədənlərin ittifaqı adlandırılan, hərbi canilərin ittifaqı olan təşkilat yerləşirdi. O binaların hər ikisi qanunsuz tikilib.  Eyni zamanda Xankəndinin ümumi arxitekturasına xələl gətirirdi. Ona görə də onlar mütləq sökülməli idi”.
 

 

Deputat qeyd edib ki, bir çox binalar əvvəllər azərbaycanlılara məxsus olub:

 

“Bir məlumatı da sizə deyim ki, indi qarşısında Azərbaycan bayrağı olan binada əvvəllər, sovetlər dövründə Vilayət Partiya Komitəsinin binası yerləşirdi. Sonralar cinayətkarlar orada da yuva qurdular. Qeyd edim ki, həmin binanın arxitektoru da azərbaycanlıdır. O vaxt binan layihəsini azərbaycanlı verib. Digərləri də onun kimi, bəziləri sonradan istifadəyə veriliblər. Özü də görün hansı tarixdə, mayın 8-i.

 

Bu, onlara daha bir mesaj, dərsdir ki, kökünüzü, izinizi Azərbaycan torpaqlarından, qaşıyıb, təmizləyirik. Necə ki, özünüz rədd olub getmisiniz, elə də sizdən qalan nə murdar izlər, nə yaramaz qanunsuzluqlar varsa, onun hamısı təmizlənəcək”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri