Modern.az

Qohum evliliyi barədə nələr deyildi: Qadağa dini kəbinləri artıra bilər...

Qohum evliliyi barədə nələr deyildi: Qadağa dini kəbinləri artıra bilər...

Ölkə

12 Mart 2024, 16:14

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Sosial Tədqiqatlar Mərkəzi və Xalq qəzetinin birgə təşkilatçılığı ilə qohum nikahları ilə bağlı ictimai müzakirə olub.

 

Moderen.az xəbər verir ki, müzakirədə təşkilatçı qurumların rəhbərləri, millət vəkilləri, dövlət qurumlarının və vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər.

 

Tədbirdə çıxış edən Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib ki, qohum evlilikləri daha çox iqtisadiyyatı qapalı, savadsızlıq səviyyəsi yüksək olan və məlumatlı olmayan cəmiyyətlərdə baş verir:

 

"Qohum evliliyinin ən yüksək göstəriciləri Şimali və Saharadan cənubda Afrika, Yaxın Şərq, Mərkəzi və Cənubi Asiyada qeydə alınıb. Pakistan və Hindistanda qohumluq nisbəti 73% və 60%-dir. UNICEF və onun Uşaq Ölümünün Qiymətləndirilməsi üzrə 2017 ci ilin son hesabatına əsasən, Pakistan dünyada ən yüksək neonatal ölüm nisbətinə malikdir və hər 1000 nəfərə 46 ölüm düşür".

 

STM-in İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğlu deyib ki, qohum nikahlarının qarşısının sərt şəkildə alınması müsbət nəticələrə gətirib çıxarmayacaq. Çünki cəmiyyətdə qadağan olunan məsələ daha çox diqqət və maraq cəlb edir.

 

Onun sözlərinə görə, ötən il Azərbaycanda 45 min 500 nəfər ailə qurub, ancaq 20 min nəfər boşanıb: "Qohum nikahları ilə bağlı göstərici isə 600-700 arası olub. Bu, elə də böyük göstərici deyil. Ailə quran insanlarda gənclər arasında hansısa keçilməz hisslər mövcuddursa, onlar tibbi müayinədən də keçə bilərlər. Azərbaycan cəmiyyətində təhlükəli tendensiya müşahidə olunur. Çünki boşanmaların sayı sürətlə çoxalır. Bu bizi daha çox narahat etməlidir".

 

Ədliyyə Nazirliyinin 7 saylı "ASAN xidmət" Mərkəzindəki Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova deyib ki, qohum evliliklərinin qarşısını qeydiyyat şöbələrində almaq mümkün deyil: "Çünki dövlət qurumuna gələn şəxslər artıq qərar vermiş olurlar. Ona görə də məsələ qanunvericiliklə tənzimlənməlidir".

 

R.Manafova bildirib ki, əvvəllər cəmiyyətdə nikahdan öncə tibbi müayinədən keçmək məsələsi də etiraz doğurmuşdu: "Hazırda hər kəs normal şəkildə nikaha daxil olmazdan əvvəl tibbi müayinədən keçir. Qohum evlilikləri də qadağan olunarsa, ilk vaxtlarda fərqli yanaşma mümkündür, ancaq zamanla qəbul ediləcək".

 

Bakı Nikah Evinin müdiri İradə İsgəndərova isə vurğulayıb ki, Səadət Sarayında 2022-ci ildə 10 nəfər, 2023-cü ildə 6 nəfər, 2024-cü ildə 2 nəfər müraciət edərək qohumluq əlaqəsi olan şəxslə evlənmək istədiyini bildirib: "Onlar ərizə verib və nikahları qeydə alınıb".

 

Xəzər Universitetinin müəllimi, hüquqşünas Akif Əlizadə isə vurğulayıb ki, qohum evliliklərinə qadağa qoyulması qanunsuz nikahların, dini kəbinlərin sayının artmasına gətirib çıxaracaq.

 

O bildirib ki, qohum nikahlarını azaltmaq üçün alternativ variantlar tətbiq edilməlidir: "Tibbi müayinədən keçən cütlüklərdə mövcud olan və genetik ötürülə biləcək xəstəliklər haqqında risklər ciddi dəyərləndirilməlidir. Əgər tibbi müayinədə gələcək övladların sağlamlığı üçün təhlükəli məqamlar aşkarlanarsa, həmin şəxslərin nikahına qadağa qoyula bilər. Birbaşa qohum evliliklərinə ümumi qadağa qoyulsa, problemlərə, narazılıqlara səbəb ola bilər".

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal