Rusiyada miqrantlara qarşı nələrin baş verdiyini öyrənmək üçün Rusiya mühitində hərbi xidmətdə olmuş, peşə fəaliyyəti ilə məşğul olmuş, haçansa təhsil almış, oraya müalicəyə, ezamiyyətə, alverə getmiş insanların bu ölkə ilə bağlı öz xatirələrinə baş vurması yetərlidir. Rusiyada ümumi davranış qaydaları var və buraya gələn insanlar əhalinin yaşam tərzindəki əhli-keyf və açıq-saçıqlıq elementlərini görən kimi dərhal özlərini itirməyə başlayır və buraları öz istədiyi davranışı sərgiləmək yeri olaraq görürlər. Avropa ölkələrində hansısa neqativ davranışla diqqət çəkmək imkansızdır, çünki burada baş verən ən kiçik insidentlər də hüququn aliliyinin içində əriyib gedəcəkdir. Cəmiyyətdə olan hüquq düzəni ən köntöy insanın belə davranışlarını rəndələyə bilir. Rusiyada isə postsovet məkanı olaraq dədə-baba qaydaları ilə hüquq paralel işlədiyindən, ənənlərlə, qaydalarla hüququn balansını tapa bilməyənlər daha çox problemlərlə qarşılaşmalı olurlar.
Bu yaxınlarda Tatarıstandan gəlmiş bir yaşlı iş adamı ilə söhbət edirdim, soruşdum ki, orada ermənilərlə bizimkilərin mövqelərini necə təsvir etmək mümkündür? Söylədi ki, onların imkanları bizlərdən daha geniş. Sadəcə bir səbəbi var: ermənilər hətta müsəlmanların əksəriyyət təşkil etdiyi bu muxtar respublikada onların yaşayış tərzlərinə bizdən daha rahat və ağıllı adaptasiya oluna bilirlər. O mühitdə özgələşmirlər, iç-içə olmağı bacarırlar. Bizim çoxumuz isə burada yad ünsür kimi görünməyə üstünlük veririk.
Biz kənara çıxarkən hansı xarakteri özümüzlə daşıdığımızı təyin etməkdə çətinlik çəkirik. İstənilən çeçenin, dağıstanlının, tacikin, özbəyin, qazağın xarakterinin açılışını verməkdə çətinlik çəkmərəm. Təbii ki, içində səviyyəli, səviyyəlisi bir-birindən hökmən fərqlənəcək və hər şeyi ümumiləşdirmək olmaz. Ancaq nədənsə öz həmvətənlərimin hansı xarakteri özlərinə məxsus olaraq Rusiya cəmiyyətinə təqdim etdiklərini müəyyənləşdirməkdə çətinlik çəkərəm. Burada xeyli uğur qazanan, öz yaşadığı və işlədiyi çevrədə nüfuz sahibi olan insanlarımız var. Bunlar bilirsiniz kimlərdir- hər şeydən əvvəl yerli şəraiti doğru analiz edib, özlərini Rusiya mühitinə adaptasiya edənlərdir. Dili lazımi səviyyədə öyrənirlər, qanunlarla zarafat etmirlər, birgəyaşayış qaydalarına zidd davranışlar göstərmirlər. Bu üsluba özünü alışdırmaq istəməyən çoxluq isə öz yaşam tərzi ilə burada istənilməyən adama çevrilirlər.
Rusiyada rəsmi açıqlamalara görə 3,3 milyon qeydiyyatsız miqrant var və bunların içində Azərbaycanlılar nisbətdə çoxluq təşkil etmirlər. Məsələn, özbəklər 900 min, qırğızlar 500 min, taciklər 400 min sayda buraya gündəlik yaşamı təmin etmək üçün gəlmişlər. Azərbaycanlı da olsun 200-300 min. Təbii ki, könül istərdi ki, bizdə də statistikada deyil, gerçək həyatda çoxlu iş yerləri açılardı, mənasız inhisarçılıq ortadan qalxardı, azad rəqabət mühiti yaranardı və insanlar daha təhlükəsiz şəraitdə, ailələri başsız qalmadan öz bölgələrində normal yaşayışlarını təmin edərdilər. Ancaq hər nə qədər olsa da Rusiya bazarı daha geniş və əlverişli olduğuna görə oraya miqrasiya axını mütləq olacaqdı. Bir var insanlar daha çox pul qazanmaq istəyi ilə ora gedələr, bir də var adamların Rusiyaya getməkdən başqa heç bir yolu qalmasın. Bu gün Rusiya bazarına axın edənlərin çoxusu məhz öz Vətənində gündəlik çörəyə möhtac olanlar, işsizlikdən baş götürüb gedənlərdir.
Uşağa da bəllidir ki, Rusiyada baş verən son hadisələr də Molla Nəsrəddinin yorğanının hay-küy içində götürülüb aparılması kimi bir şeydir. Azərbaycanlı bir miqrantın bir Moskvada 25 yaşlı bir rusu öldürməsi gündəlik baş verən kriminallardan biridir və hüquq mexanizmləri içində bunun cəzası verilə bilər və sübut olunarsa, hökmən verilməlidir. Məhkəmə Orxan Zeynalovu təqsirkar bilməsə, bəz onda necə? Rusiyanın Daxili İşlər Naziri o vəziyyətdə şübhə edilən şəxsi qəbul etməsinə görə, adama işgəncə verilməsinə görə məsuliyyət daşıyacaqmı?
Ancaq bu hadisə hamının qorxduğu bir gerçəyi yenidən gündəmə gətirdi: Rusiya hüquq dövləti ola bilməyəcəyinin yenidən işarəsini verməyə başlayır. Mülkiyyət toxunulmazlığına münasibət onsuz da bu ölkəyə sərmayə qoyuluşunda ciddi problemlər yaratmaqdadır. Bu hadisələrin də bir qətli bəhanə edərək bazarların arzuolunmayan millətlərin əlindən alınması üçün düşünüldüyü sezilməkdədir. Bazarı qarət edənlərə vaxtında müdaxilə edilməməsi, hadisədən dərhal sonra bazarın bağlanmasına qərar verilməsi, heç bir kompensasiyanın ödənilməməsi yuxarıda vurğulanan təhlükənin bariz işarələridir. Bunu Rusiyadakı yəhidilərin revanşı kimi qiymətləndirənlər olsa da, bütövlükdə Rusiya dövlətinin mövcud iç siyasəti kontekstində dəyərləndirmək bizcə daha doğru olardı. Gürcüstanın ərazisini birbaşa özü, Azərbaycan ərazisini isə ermənilər vasitəsi ilə işğal edən bir ölkədə bu formada mülkiyyətin işğal olunması əslində kimsəni təəccübləndirməməlidir. Azərbaycanda da mülkiyyətə münasibətdə dövlət ehtiyacı adını qoyaraq qeyri-hüquqi yollarla qəsb olunmaları, məhkəmə yolu ilə ədalətsiz özgəninkiləşmələri görərkən hər zaman bunu Rusiya müstəmləkəçiliyindən qalan xəstəliyin, geriliyin əlamətii kimi qiymətləndirirsən. Rusiya bütün dövrlərdə mülkiyyət hüququnun ən rahat pozulduğu ölkə kimi xarakterizə olunub. Eyni ənənəni Osmanlı Dövlətində və onun varisi olan Türkiyədə müşahidə etməzsən. Baxın, bu günə qədər də mülkiyyət sahibliyi vərəqəsi olan kimsənin, hətta yüz il öncə düşmənçilik edən ermənilərin evlərini belə toxunmadan köhnə vəziyyəti ilə saxlamışlar.
Tez-tez bu fikir də səslənir ki, Azərbaycan hökuməti öz vətəndaşlarına sahib çıxmalıdır. Bunun müxanizmini düşünmək bir qədər çətin. Rusiya bir dövlət olaraq öz miqrasiya siyasətini dövlət maraqlarına uyğun şəkildə, haqlı olaraq bizləri də saymadan tənzimləmə haqqına və gücünə sahibdir. Azərbaycan hökuməti sadəcə öz vətəndaşına məhz burada real iş və yaşayış şəraiti yaratmalıdır ki, insanlar kütləvi şəkildə başqa ölkələrə həyatlarını risqə qoyaraq getməsinlər. Tanıdığım onlarla insan məmnuniyyətlə buradakı sadə yaşam standartlarını, normal ailə həyatını atıb oradakı nisbətən qazanclı, ancaq risqli həyata girməyə maraqlı deyildi.
Vətəndaşa əvvəlcə Vətəndə sahib çıxılır, sərhəddi keçdinsə adama ancaq Əlahəzrət Hüquq sahib çıxa bilər. O də Rusiyada bir az ağır işləyir. Bizdə də işləmir ki, özümüzlə qabımızda bir şeylər götürək. Bu azarımıza görə də rahatca bazarımızı bağlayırlar.