Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) qlobal silah ticarəti barədə yeni hesabat açıqlayıb.
Modern.az xəbər verir ki, hesabatda ötən il dünyada silah ticarətinin vəziyyəti barədə bir sıra məqamlar yer alıb.
Avropada rekord
Hesabata görə, Avropa ölkələri 2014-18 dövrü ilə müqayisədə 2019-23-cü illər arasında əsas silah idxalını iki dəfə artırıb. Fransa silah satışında Rusiyanı keçib və dünyada ikinci ən böyük silah ixracatçısına çevrilib.
Fransanın silah ixracatının 2014-18-ci illə müqayisədə 2019-23-cü illər arasında 47 faiz artıb. Bu ölkənin silah ixracının 42 faizi Asiya və Okeaniya ölkələrinə, 34 faizi isə Yaxın Şərq ölkələrinə olub. Fransa silahlarının ən böyük alıcısı isə 30 faizlik payla Hindistan olub. İxrac artımında ən böyük payı Hindistan, Qətər və Misirə döyüş təyyarələri tədarükü təşkil edib. Fransadan başqa İtaliya da silah ixracını 86 faiz artırıb.
Avropa ölkələrindən idxalın artması əsasən 2022-23-cü illərdə Ukraynaya kütləvi halda silah təhvil verilməsi ilə bağlı olub. 2022-ci ilin fevral ayından etibarən ən azı 30 ölkənin Ukraynaya hərbi yardım olaraq böyük miqdarda silah tədarükündən sonra Ukrayna 2019-23-cü illərdə Avropanın ən böyük və dünyanın dördüncü ən böyük silah idxalçısı olub. Bu beşillik müddət ərzində Avropadan silah idxalının 23 faizi Ukraynaya yönəlib.
Digər tərəfdən, Rusiyanın silah ixracı 2014-18 dövrü ilə müqayisədə 2019-23-cü illər arasında 53 faiz azalıb. Tədqiqatçılar müəyyən ediblər ki, Rusiya 2019-cu ildə 31 ölkəyə silah ixrac etdiyi halda, 2023-cü ildə yalnız 12 ölkəyə silah ixrac edib. Rusiya silah ixracının 68 faizi Asiya və Okeaniya ölkələrinə, 34 faizi Hindistana, 21 faizi isə Çinə olub.
Türkiyənin silah bazarında yeri
Türkiyə qlobal silah ixracatında 11-ci yeri tutub. 2014-18-ci illə müqayisədə 2019-23-cü illərdə qlobal silah ixracatındakı payını iki dəfə artırıb.
2019-23-cü illər arasında silah idxalı azalan Türkiyə qlobal silah idxalçıları arasında 17-ci yerdə qərarlaşıb.
ABŞ rekord sayda ölkəyə silah satdı
ABŞ hələ də dünyanın ən böyük silah ixracatçısıdır. Vaşinqton 2019-23-ci illərdə silah ixracını 17% artırıb. Ölkənin ümumi qlobal silah ixracatındakı payı 34 faizdən 42 faizə yüksəlib. Bu müddət ərzində ABŞ-ın silah satdığı ölkələrin sayı rekord səviyyəyə çatıb və 107 ölkəyə irimiqyaslı silah tədarükü həyata keçirib.
SIPRI-nin direktoru Den Smit Avropa ölkələrinin silah idxalının yarıdan çoxunun ABŞ-dan gəldiyini, lakin Avropanın da qlobal silah ixracatının təxminən üçdə birinə cavabdeh olduğunu bildirib. O, Avropanın silah sənayesinin gücləndiyini qeyd edib.
Silah ixracında azalma yaşayan digər ölkələr Çin (–5,3%), Almaniya (–14%), İngiltərə (–14%), İspaniya (–3,3%) və İsraildir (–25%).
Araşdırmaya görə, Hindistan 2019-23-cü illərdə dünyanın ən böyük silah idxalçısı olub. Rusiya Hindistanın ən böyük silah tədarükçüsü olaraq qalmağa davam edib və 2014-18-ci illərlə müqayisədə 2019-23-cü illər arasında silah idxalını 4,7 faiz artırıb.
Çinin Şərqi Asiyadakı iki qonşusu Yaponiya və Cənubi Koreyanın da silah idxalının artdığı qeyd edilir. Ekspertlər deyir ki, Yaponiyanın və ABŞ-ın Asiya və Okeaniyadakı digər müttəfiqləri və tərəfdaşlarının yüksək silah idxalında əsas amil “Çinlə bağlı narahatlıqdır”.
Yaxın Şərqdə vəziyyət
İsrailin silah idxalının 69 faizi ABŞ-dan, 30 faizi isə Almaniyadan olub. 2019-23-cü illərdə beynəlxalq silah transferlərinin 30 faizi Yaxın Şərqə həyata keçirilib. Səudiyyə Ərəbistanı, Qətər və Misir 2019-23-cü illərdə ilk 10 idxalçı arasında olub.
Yaxın Şərq ölkələrinin silah idxalının əksəriyyəti ABŞ (52%), Fransa (12%), İtaliya (10%) və Almaniya (7,1%) tərəfindən həyata keçirilib.
SIPRI tədqiqatçısı Zain Hussain bildirib ki, Yaxın Şərqə silah idxalında ümumi azalma müşahidə edilsə də, bəzi ölkələrdə bu nisbət əsasən regional münaqişələr və gərginlik səbəbindən yüksək olaraq qalır.