Sonuncu üçtərəfli görüşdən sonra ötən 4 ildə beynəlxalq aləmdə böyük böhranlara şahid olduq. Bundan əlavə, sevindirici xəbər Azərbaycan 30 illik işğalın ardından ərazi bütövlüyünü təmin etdi. Hər üç ölkə arasında enerji sahəsində əməkdaşlıqlar barədə müzakirələr apardıq.
Modern.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan martın 15-də Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında söyləyib.
H.Fidan bildirib ki, Cənubi Qafqazda sülhün təmin edilməsi təkcə bölgə deyil, dünya üçün də önəmlidir.
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili isə deyib ki, bu üçtərəfli platforma çevik olmaq və konkret nəticələr əldə etmək üçün bir imkandır: "Bugünkü görüşdə əməkdaşlığımızın dərinləşməsi prinsiplərini müzakirə etdik. Biz müxtəlif istiqamətlərdə əməkdaşlığımızı bundan sonra da fəallaşdırmağa hazırıq".
İ. Darçiaşvili bildirib ki, Azərbaycan və Türkiyə Gürcüstanın ən böyük ticarət tərəfdaşlarıdır.
“Gürcüstan Cənubi Qafqazda sülhü və dinc yanaşı yaşayışı qətiyyətlə dəstəkləyir. Əminəm ki, Azərbaycanla Ermənistan sülh sazişini imzalayacaq və bu, regionda dönüş nöqtəsi olacaq”, - deyə gürcü nazir qeyd edib.