Çoxmillətli Rusiyada milli münasibətlər daim gərginliyi ilə seçilib. İstər Rusiya İmperiyası, istərsə də Sovet İttifaqında bu təzahürlər gizli, ya aşkar sezilirdi. Müasir Rusiya reallığında millətçilik və ekstremizm cəmiyyətin sağlam təbəqələrinə belə sirayət edib. Ölkənin siyasi gündəmini gəlmələrlə yerlilər arasında olan toqquşmalar tutmağa başlayıb.
Modern.az son illərdə milli zəmində baş verən münaqişələrin xronikasını təqdim edir.
2006-cı il avqustun 30-da Kareliya respublikasının Kondopoqa şəhərində 6 çeçen və dağıstanlının iki yerli sakini qətlə yetirməsi ölkədə milli zəmində ilk kütləvi toqquşmaların başlanmasına səbəb oldu. Nəticədə şəhərdəki bütün qafqazlılar evlərini tərk etdilər. Lakin mərkəzi hakimiyyət çoxmilli cəmiyyətdəki ekstremizm meyllərini azaltmaq üçün heç bir konkret addım atmadı.
Nəticədə 2010-cu il dekabrın 6-da növbəti milli zəmində partlayış baş verdi.
Futbol fanatı Yeqor Sviridovun küçədə mübahisə etdiyi kabarda-balkar əsilli Aslan Çərkəzov tərəfindən travmatik tapançadan açılan atəşlə qətlə yetirilməsi Kremlin düz divarları yaxınlığında yerləşən Manej meydanında kütləvi aksiya ilə nəticələndi. Minlərlə insan xüsusilə gənclər asayiş keşikçiləri ilə toqquşmalara başladı. Ölkənin bir çox şəhərlərində aksiyalar baş tutdu. Rusiya hakimiyyəti ilk dəfə milli zəmində problemlərin olduğunu etiraf etməyə məcbur oldu.
Azərbaycanlı Orxan Zeynalovla bağlı olan sonuncu hadisələr isə bir daha Putin hakimiyyətinin planlı və düşünülmüş milli siyasətinin olmadığını sübut etdi. Rəsmi dövlət orqanlarının passivliyi fonunda millətçi təşkilatların aktivliyi artmaqda davam edir. Digər məsələ isə hakimiyyət daxilində millətçilərə simpatiya bəsləyənlərin olmasıdır.
Putin komandasındakı belə şəxslərdən biri “Rodina” (Vətən) Partiyasının keçmiş sədri, hazırda Rusiyanın NATO-dakı xüsusi nümayəndəsi olan Dmitriy Roqozindir. Açıqlamalarında tez-tez qafqazlılar barəsində ədəbsiz ifadələr işlədən D.Roqozin müxalifətçi olduğu zamanlarda seçki öncəsi millətçiliyi yayan video-çarxlardan istifadə etməklə qalmaqal yaratmışdı. Son vaxtlara qədər Rusiyada millətçi ritorikaya malik və əsasən gəncləri özündə birləşdirən bir neçə radikal-ekstremist təşkilat fəaliyyət göstərib.
İstər Kondopoqa hadisələrində istərsə də, Manej meydanındakı toqquşmalarda hazırda rəsmən qadağan olunmuş lakin faktiki öz mövcudluğunu saxlayan “Qetri-leqal İmmiqrasiaya Qarşı Hərəkat”ın nümayəndələri operativ şəkildə iştirak ediblər. 2002-ci ildə yaradılan hərəkatın sədri Aleksandr Belov öz millətçi görüşlərini gizlətmir.
Qafqazlılara qarşı xüsusi nifrəti ilə seçilən Belov tez-tez Rusiyanın federal telekanallarındakı verilişlərdə qonaq qismində iştirak edir və öz ideyalarını ifadə edir. Hərəkatın əsas məqsədlərindən biri Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə viza rejiminin tətbiq olunmasına və qanunsuz mühacirlərin ölkədən qovulmasına nail olmaqdır.
2011-ci il aprelin 18-də Moskva Şəhər Məhkəməsi “Qeyri-leqal İmmiqrasiyaya Qarşı Hərəkat”ın ekstremist təşkilat kimi tanınmasına və ölkə ərazisində qadağan olunmasına dair qərar qəbul edir.
Rusiyada aktivliyi ilə seçilən digər millətçi-ekstremist təşkilat isə “Slavyan İttifaqı” hesab olunur. 1999-cu ilin sentyabrında Dmitri Demuşkin tərəfindən əsası qoyulan təşkilatın bir sıra üzvləri miqrantlara hücumlara görə məhkum edilib. “Qeyri-leqal Miqrasiyaya Qarşı Hərəkat”la birlikdə “Slavyan İttifaqı”da Manej hadisələrinə görə qadağan olundu. 2011-ci il aprelin 27-də Moskva Şəhər Məhkəməsi təşkilatı ekstremist tanıyaraq ölkə ərazisindəki qanuni varlığına son qoydu. Belov və Demuşkin 2010-cu ilin iyulunda “Ruslar” təşkilatının yaradıldığını mətbuata elan etdilər.
“Nasional-Sosialist Cəmiyyəti” ictimai birliyi isə özünü ölkədə siyasi hakimiyyət uğrunda mübarizə aparan yeganə millətçi təşkilat hesab edir. Konkret rəhbəri olmayan “Nasional-Sosialist Cəmiyyəti” öz proqramında yalnız rusların yaşayacağı və Hitler ideyalarının əsas ideologiya olacağı dövlət yaratmaq istədiklərini bildiriblər. Təşkilatın mühacir axınına qarşı leqal yolla mübarizə aparmayacağı tezliklə məlum oldu. 2010-cu ilin yanvarında “Nasional-Sosialist Cəmiyyəti”nin 13 üzvünün məhkəmə prosesi başladı. 28 yaşlı Lev Molotkovun başçılıq etdiyi cinayətkar dəstə 2008-ci ilin yanvar-iyul ayları ərzində Moskva və Moskvaətrafı ərazidə milli zəmində 27 qətl törətməkdə ittiham olunurdu. Ticarət pavilyonlarında və elektrik stansiyalarında partlayış törətməyi planlaşdıran dəstə üzvləri həbs edilən zaman 2 polis və 2 Federal Təhlükəsizlik Xidməti əməkdaşlarını yaralamaqda ittiham olunurdu. Məhkəmə cinayətkar dəstənin 6 üzvünü ömürlük həbs cəzasına məhkum etdi. 2010-cu ildə Rusiya Ali Məhkəməsi “Nasional-Sosialist Cəmiyyəti”nin ekstremist təşkilat kimi ölkə ərazisindəki fəaliyyətinə qadağa qoydu.
Rusiyada millətçilərin mövcudluğunu göstərən əsas hadisələrdən biri isə hər il noyabrın 4-də baş tutan “Rus marşı” hesab olunur. 1612-ci ilin noyabrın 4-də Minin və Pojarskinin başçılığı altında polyak qoşunlarının Moskvadan qovulması ilə bağlı olan tarixi gündə bütün millətçi partiyalar kolon şəklində şəhər küçələri ilə yürüş təşkil edirlər. 2005-ci ildən ənənəvi keçirilən “Rus Marşı”nın yaradıcılarından biri müxalifətçi-blogger, Moskva merliyi uğrunda Sergey Sobyaninin əsas rəqibi Aleksey Navalnı olub. Bu isə öz növbəsində Rusiya müxalifətində belə millətçi əhval-ruhiyyənin olduğunu göstərir.
Xatırladaq ki, rusiyalı hüquq müdafiəçilərinin məlumatlına görə 2013-cü ilin geridə qalan dövrü ərzində ölkədə milli zəmində 15 nəfər həlak olub, 107 nəfər xəsarət alıb.
Vüqar İsmayılov