Modern.az

Yevlaxda durum: deputat və jurnalist danışır: “Xalq susuzluqdan əziyyət çəkir”

Yevlaxda durum: deputat və jurnalist danışır: “Xalq susuzluqdan əziyyət çəkir”

Ölkə

18 Oktyabr 2013, 11:08

Modern.az saytı “Rayonlardakı vəziyyət: Deputat və jurnalist danışır” layihəsini davam edir. Bu dəfə seçilən bölgəmiz Yevlaxdır. Burada olan problemlər haqqında 48 saylı Yevlax seçki dairəsindən seçilmiş deputat İlham Məmmədov və əslən Yevlaxdan olan “Olaylar” qəzetinin müxbiri Süleyman İsmayılbəyli danışır.

Deputat İlham Məmmədov deyir ki, Yevlaxda olan problemlər həll olunur. “Hər bir bölgədə problem olur. Ancaq həmin problemlər zamanla öz həllini tapır. Son illərdə Prezidentin “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində çox böyük işlər görülüb. Əvvəl Yevlax iqlim şəraiti, infrastrukturu olmayan bir yer idi. İndi həmin yerlər Şəhər İcra Hakimiyyətinin öz hesabına düzəldilib, yeni infrastrukturlu obyektlər tikilib. Hazırda Yevlaxda müasir standartlara uyğun yeni xəstəxana var.

Bölgə qrunt sularının çox olduğu yerdir və  ona görə də içməli su cəhətdən problem yaranır. Güclü yağış yağarsa, qrunt sularının çıxarılması üçün hər cür şərait yaradılıb. Burada olan əsas problemlərdən biri də əkinə yararlı torpaqların suvarılması üçün mövcud olan suvarma sistemlərinin həll edilməsidir. Bu şikayətlər haradan gəlirsə, həmin yerə köməklik olunur.

Tər-tər su anbarı separatçı ermənilərin nəzarətində olduğundan Yevlaxda insanlar susuzluqdan əziyyət çəkir. Lakin bu gün dövlətimizin iqtisadi gücü ona imkan verir ki, içməli suya ehtiyac duyulan yerlərdə artezian quyuları və su təmizləyən qurğular əhalinin istifadəsinə verilsin. Bundan başqa, Yevlaxdan 4 kilometr məsafədə yeni hava limanı tikilib. Bu yaxınlarda isə Yevlaxda 4 yeni məktəb istifadəyə verilib”.

Jurnalist Süleyman İsmayılbəyli isə deyir ki, Yevlaxda başlıca problem narkomaniyadır. “Vəziyyət elə həddə çatıb ki, hətta günorta saatlarında küçə tinlərində narkotik qəbul edən gənclərə rast gəlmək mümkündür. Digər bir problem şəhər mərkəzindən kənar küçə və prospektlərinə hələ də asfalt örtüyünün çəkilməməsidir. Məsələn, valideynlərimin yaşadığı Elçin Ağayev küçəsi Qarabağ müharibəsində şəhid olmuş şəxslərdən birinin adını daşısa da, hələ də baxımsız vəziyyətdədir. 20 ildən artıqdır ki, həmin küçəyə asfalt çəkiləcəyi bildirilsə də, hələlik real iş yoxdur. Eləcə də kanalizasiya problemi mövcud olaraq qalır. İçməli su problemi də həll olunmaz qalır. Şəhərin böyük bir hissəsinə su birbaş Kür çayından gəlir. Həmin suyun dərmanlanması, xlorlanması zamanı mövcud imkanlardan istifadə edilmir.

Valideynlərimin yaşadığı ərazidə indiyə qədər deputatı görən olmayıb. KİV nümayəndəsi olduğum halda deputatla telefonla belə danışmaq şərəfinə nail ola bilmirəm”.

Ulduz İBRAHİMOVA

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi