Konstitusiya Məhkəməsi 9 oktyabr prezident seçkisinin nəticələrini rəsmən təsdiqləyəndən sonra Azərbaycan prezidentinin andiçmə mərasimi başlayıb.
Modern.az saytı xəbər verir ki, prezident İlham Əliyevin inauqurasiya mərasimi hazırda Milli Məclisin binasında keçirilir. Bu barədə Modern.az-a mərasimdə iştirak edən millət vəkili Vahid Əhmədov məlumat verib.
O, bildirib ki, mərasimdə dövlət rəsmiləri, hökumət üzvləri və deputatlar iştirak edirlər.
***
Modern.az prezidentin rəsmi saytına istinadən bildiri ki, mərasim iştirakçıları ölkə başçısı İlham Əliyevi sürəkli alqışlarla qarşılayıblar.
Silahlı Qüvvələrin əsgərləri Azərbaycan Respublikasının dövlət bayrağını və Azərbaycan Prezidentinin ştandartını (bayrağını) təntənəli marşın sədaları altında səhnəyə gətiriblər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Konstitusiya Məhkəməsinin hakimləri səhnəyə dəvət olunublar.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək deyib:
"Hörmətli xanımlar və cənablar! Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2013-cü il 19 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının nəticələrini təsdiq edərək, cənab İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti elan etmişdir.
Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Heydər oğlu Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 103-cü maddəsinə uyğun olaraq, Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə andiçməyə dəvət olunur".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əlini Azərbaycan Respublikasının Konstitusiyasının üzərinə qoyaraq and içib:
"Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm!"
Azərbaycan Respublikasının dövlət himni səslənib.
Sonra Prezident müqəddəs Qurani-Şərifə əl basaraq and içib: "Əlimi Qurani-Şərifə basaraq and içirəm: Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağam, onları daim uca tutacağam".
Prezident İlham Əliyev təzim edərək, Azərbaycanın dövlət bayrağını öpüb.
Azərbaycanın dövlət bayrağı və Azərbaycan Prezidentinin ştandartı (bayrağı) səhnədən aparılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev andiçmə mərasimində geniş nitq söyləyib.
Modern.az