Azərbaycanda 9 oktyabrda keçirilən prezident seçkisinin rəsmi nəticələri artıq ictimaiyyətə və dünyaya bəllidir. 10 nəfər namizədin şansını sınadığı bu seçkidə əsas rəqiblər YAP namizədi İlham Əliyev və Milli Şuradan prezidentliyə iddialı olan Cəmil Həsənli idi. Təsadüfi deyil ki, məhz bu seçkidə hazırkı dövlət başçısı İlham Əliyevdən sonra ən çox səs toplamış namizəd Cəmil Həsənli oldu. Maraqlıdır, görəsən sözügedən hər iki namizədə ən çox hansı dairələrdə səs veriblər?
Məhz bu amili nəzərə alıb, YAP və Milli Şura namizədlərinin ən çox səs topladıqları ilk beş dairəni müəyyənləşdirməyə çalışdıq. Mərkəzi Seçki Komissiyasından (MSK) Modern.az saytına verilən məlumata görə, prezident İlham Əliyev ən çox səsi 4 saylı Naxçıvan şəhər Dairə Seçki Komissiyasında (DSK) toplayıb - 32458 səs.
İlham Əliyevin ən çox səs topladığı sonrakı dairələr aşağıdakı sıralama ilə gəlir:
14 saylı Xəzər seçki dairəsi - 32653 səs;
10 saylı Binəqədi 3-cü DSK - 32180 səs;
123 saylı Kəlbəcər DSK - 31991 səs;
3 saylı Babək-Kəngərli-Naxçıvan DSK - 31906 səs.
Milli Şuranın prezidentliyə vahid namizədi və seçkilərdə qalib gəldiyini iddia edən Cəmil Həsənli isə MSK-nın rəsmi nəticələrinə görə, ən çox 15 saylı Yasamal 1-ci seçki dairəsindən səs toplayıb. Belə ki, Cəmil Həsənli adı çəkilən dairədən 4350 səs yığıb. C.Həsənlinin ən çox səs topladığı digər dörd dairənin sıralaması aşağıdakı kimidir:
8 saylı Binəqədi 2-ci seçki dairəsi – 3929;
16 saylı Yasamal 2-ci seçki dairəsi - 3715;
28 saylı Sabunçu 3-cü seçki dairəsi – 3703;
27 saylı Sabunçu 2-ci seçki dairəsi – 3620.
Xatırladaq ki, 9 oktyabrda keçirilən seçkinin yekun nəticələrinə görə, İlham Əliyev 3 milyon 697 min 970 səs qazanaraq qalib gəlib. Ölkə üzrə 204 min 642 seçicinin səsini alan Milli Şuranın namizədi Cəmil Həsənli isə 2-ci yeri tutub.
Aqşin KƏRİMOV