Modern.az

Qriqoryan Oskanyanın təklifini rədd etdi: “Artsax məsələsi” bitib!

Qriqoryan Oskanyanın təklifini rədd etdi: “Artsax məsələsi” bitib!

Ölkə

4 Aprel 2024, 09:30

Ermənistanda yaradılan qondarma “Artsax məsələləri komitəsi”nin koordinatoru, keçmiş xarici işlər naziri Vardan Oskanyan və qurumun bəzi üzvləri müxtəlif yollara əl atmaqla Azərbaycana təzyiq etməyə səy göstərirlər.

Modern.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, “Artsax məsələləri komitəsi”nin üzvləri bu günlərdə Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.

Revanşistlər bəzi məsələdə Armen Qriqoryandan kölgə dəstəyi ala biləcəklərinə ümid bəsləsələr də, xəyal qırıqlığına uğrayıblar.

Məlumata görə, qondarma “Artsax məsələləri komitəsi” əvvəlcə görüş üçün iki variantı müzakirə ediblər: ya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla, ya da xarici işlər naziri Ararat Mirzoyanla görüş...

Sonda əslən Qarabağdan olan Qriqoryanla görüşə üstünlük verilib və onun revanşistlərin həmfikirinə çevriləcəyinə ümid ediblər.

“Lakin hadrutlu Armen Qriqoryanla görüş sözlə ifadə olunmayacaq dərəcədə soyuq keçib”, - deyə nəşr yazıb.

Cəmi 20-30 dəqiqə çəkın görüşdə qondarma qurumun “missiyası” təqdim olunub. Revanşistlər Armen Qriqoryana başa salmağa çalışıblar ki, “Artsax məsələsi”ndə böyük nəticə əldə etmək mümkün olmasa da, heç olmasa, belə görüşlər onu “isti” saxlayacaq, eyni zamanda bu, Ermənistanın Azərbaycan qarşısında müdafiəsinin güclənməsinə töhfə verəcək.

Lakin Armen Qriqoryan “komitə”ni sona qədər dinləmək belə istəməyib və açıq şəkildə bildirib ki, “Artsax məsələsi” bağlıdır, bitib və Ermənistan hökuməti bu məsələnin gələcəyi üçün heç nə görmür.
 

Qeyd edək ki, Ermənistanda radikal-revanşist qüvvələrin yaratdıqları qondarma “Artsax məsələləri komitəsi” sabiq xarici işlər naziri (1998-2008) Vardan Oskanyanın rəhbərliyi ilə yanvar ayında fəaliyyətə başlayıb. 

Bu üzdəniraq qurumun əsas hədəfi “Artsax ermənilərinin öz evlərinə qayıdışının və digər əsas hüquqlarının təmin edilməsinə” nail olmaqdan ibarətdir.

Oskanyan və “komitə”nin bir sıra üzvləri bu yaxınlarda Avropada müxtəlif siyasi xadimləri, beynəlxalq strukturların nümayəndələri, o cümlədən Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşlər keçiriblər.
Guya komitə bu görüşlərlə beynəlxalq mandat (?) almaq istəyib.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi