Modern.az

Deputat: “Səfər Əbiyev əsgər üzərində mənəvi etibarını itirmişdi, o “kabinet naziri” idi”

Deputat: “Səfər Əbiyev əsgər üzərində mənəvi etibarını itirmişdi, o “kabinet naziri” idi”

Ölkə

23 Oktyabr 2013, 14:13

Zahid Oruc yeni təyinatlarla bağlı rəy verdi

“Prezident İlham Əliyevin dünən verdiyi fərman və sərəncamlar sübut etdi ki, ölkə rəhbəri qarşıdakı dönəmi mühüm proqramlarla davam etmək qərarındadır”.
Bu sözləri Modern.az-a açıqlamasında millət vəkili Zahid Oruc Nazirlər Kabinetinin yeni tərkibdə formalaşması haqqında fikirlərini bölüşərkən deyib. O, qeyd edib ki, hökumət və dövlət idarəçilik sistemində funksional islahatlar dərinləşdirilir.

“Dövlətin yeni hədəflərə çatması üçün bu, çox önəmlidir. Nazirliklərin səlahiyyətlərinin gerçək tələblərə uyğunlaşdırılması bir-birinin fəaliyyətinə mane olmadan, vəzifələri bürokratik zirehə çevirmədən, lakin münasibətlərdə yaxşı koordinasiyanı təmin etməklə çalışmanı nəzərdə tutur. Buna görə də İqtisadi İnkişaf Nazirliyinin həm də Sənaye Nazirliyinə çevrilməsi o anlama gəlir ki, cənab prezident qarşıdakı dövrdə Azərbaycanı yüksək texnologiyalı sənaye ölkəsinə çevirməyi hədəf qoyur. Əlbəttə, bunlar kifayət qədər iddialı, lakin real vəzifələrdir və ötən illər ərzində ambisiyalı proqramlara imza atan bir lider üçün tamamilə real məqsədlərdir. Buna çox ehtiyacımız var, çünki ölkənin aqrar sektorunda, maşınqayırma və neft sənayesində yüksək keyfiyyətlə xarici bazarlara çıxarılacaq məhsul istehsalı məhz bundan asılıdır”.

Deputat keçmiş komanda üzvlərindən iki nazirin tamamilə vəzifəsini itirməsi və bir nazirin başqa işə keçirilməsinə də münasibət bildirib. O, qeyd edib ki, bununla ölkə başçısı açıq şəkildə sübuta yetirdi ki, bu dönəm ərzində iki sahədə aparılan işlər onu qane etməyib.

“Çünki adi gözlə görünürdü ki, sərhəd və daxili qoşunlarda, həmçinin Fövqəladə Hallar Nazirliyinin nəzdindəki xidmət keçən əsgərlərin fəaliyyəti sahəsində quruculuq, nizam-intizam və idarəçilik Müdafiə Nazirliyi müqayisə olunmayacaq dərəcədə üstün idi. Dəfələrlə parlamentdə ordu quruculuğuna dair problemlər dilə gətirilmişdi. Ölkə rəhbərinin büdcə siyasətində hərbi sahəni ön yerə qoymasına rəğmən bu vəsaitlərin şəffaflığı, ünvanına çatması, müasir texnika və sursatı hərəkətə gətirən insan resursunun düzgün idarə olunması, həmçinin Silahlı Qüvvələrdə aparılan islahatlar, qurulan beynəlxalq əlaqələr və öhdəliklərin yerinə yetirilməsindəki vəziyyət birbaşa nazirin üzərinə düşən məsuliyyət idi. Təəssüf ki, Səfər Əbiyev “kabinet naziri” idi və bunların öhdəsində gələ bilmədi. Son on ildə həmin şəxsi davamlı olaraq Milli Məclisin tribunasından tənqid etdiyimdən, bundan sonra haqqında heç bir fikir söyləmək istəmirəm” .

Z. Oruc yeni nazirin təyinatını cəmiyyətlə dövlətin mövqelərinin üst-üst düşdüyü hal kimi dəyərləndirib. O, Zakir Həsənovun bütün tərcümeyi-halının hərb işinə həsr olunduğunu nəzərə alıb ordu quruculuğunda mühüm dəyişikliklər ediləcəyinə inandığını söyləyib.

“Ordunun modernləşməsi və onun ən yüksək tələblərə uyğunlaşması təhlükəsizliyimizə, xüsusilə işğala məruz qalmış ölkənin müdafiə qabiliyyətini artırmağa imkan verəcəkdir. Ali Baş Komandanın yeni bir şəxsə etibar etməsi və onu müdafiə naziri təyin etməsi, həmin şəxsin məsuliyyətini artırmaqla həm də bu sahədəki problemləri aradan qaldırmağı ona tapşırmaq deməkdir. Bu sahədə milli etibarın artması ilə vətəndaşların, ailələrin öz övladlarını hərbə daha da rahat şəkildə əmanət etməsi ilə cəmiyyət və hərbi qüvvələr arasında birliyin və əməkdaşlığın güclənməsinə ciddi ehtiyacımız var. Əlbəttə, kimsə deyə bilər ki, hər şeyi bir nəfərlə bağlamaq olmaz. Lakin unutmayın ki, Azərbaycanın hərbi imkanlarının güclənməsi, həm də insan amilləri ilə bağlıdır. Çünki Ali Baş Komandan bu dövr ərzində hərbi sənayeni yaratmaqla, xaricdən böyük texnika və silah-sursat almaqla bunu ölkənin silahlı qüvvələrinin sərəncamına vermişdi. Məhz insan qüvvəsi ilə hərəkətə gətirilən bu resurslar ölkəni o vaxt gücləndirir ki, kadrlar yerində olsun. Nazir əmr etdiyi əsgər üzərində mənəvi etibarını itirirsə, bu, döyüş əhval-ruhiyyəsinə mənfi təsir göstərir. Zakir Həsənov peşəkar bir kadr kimi dövlətin və millətin ondan gözlədiklərini tam miqyası ilə qəbul etdiyinə dərin inamım var. Orduda əliəyrilik və cəzasızlıq, yaxud məqsədli cəzalandırma sistemi olmamaladır. Ona görə də ölkə rəhbəri qarşıdakı 5 ildə məhz yeni komandasının içərisində müdafiə sahəsi kimi çox ağır sferada başqa bir şəxslə işləmək istədiyini ortaya qoydu”.

Ötən dövr ərzində sosial sahədə çox böyük proqramların qəbul olunduğunu deyən Zahir Oruc bildirib ki, onların ünvanlılığı, vətəndaşa çatmasında, orta həlqələrdə elə hadisələr baş verirdi ki, Korrupsiyaya qarşı Mübarizə İdarəsi ən çox məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən çoxlu şəxsləri həbsə almağa məcbur olmuşdu. “Bu nazirlik üçün bir siqnal olmalı idi. Mən parlamentdə həmin şəxsi istefaya çağırmışdım. Çünki ən ehtiyaclı insanların, son ümidini o vəsaitlərə bağlayan insanların tikələrinə əl uzanması nazirlik tərəfindən stimullaşdılırdısa, bu hal həmin quruma rəhbərlik edənlərin məsuliyyətsizliyi və səriştəsizliyi idi. Ona görə də düşünürəm ki, Səlim Müslümov kimi sosial sahədə təcrübəsi və kifayət qədər böyük istedadı olan bir insan üçün bu sahədə mühüm addımlar tələb olunur”.

Millət vəkili Əli Əhmədovun baş nazirin müavini təyin edilməsini çox müsbət qiymətləndirdiyini bildirib. “Bununla ölkə rəhbəri hakim partiyaya söykəndiyini, ona etibar etdiyini, güvəndiyini ortaya qoydu, həmçinin iqtidar partiyasına, onun üzvlərini daha da yeni stimul verdi. Bir müddət öncə Baş nazirin müavini partiya rəhbərliyinə gətirilmişdi. Deməli, siyasi bir təşkilat dövlət və hökumətin idarəçiliyində əsas məqama yüksəlir, ona etibar edilir və hakimiyyət partiyalaşır. Əli Əhmədov dövlətə sədaqəti, prinsipiallığı və nəzəri-siyasi hazırlığı ilə bağlılığını bundan sonra daha mötəbər bir vəzifə ilə davam etdirəcək ”.

Zahid Oruc kənd təsərrüfatı sahəsində də problemlər olduğunu qeyd edib. “Kənd təsərrüfatı sahəsində də problemlər bəlli idi. İsmət Abbasov Baş nazirin müavini təyin edilib, amma əminəm ki, Heydər Əsədov aqrar sahənin inkişafında mühüm addımlar atacaq. Əmək qabiliyyətli əhalinin 42 faizindən artığı o sektordadır və neftə alternativ sahədən biri də aqrar sahədir. Torpağa, kəndliyə və kəndə qoyulan vəsaitlərin qat-qat artmasına ehtiac var. Bunu yeni rəhbərliyin dərindən bildiyinə şübhəm yoxdur.”

Aytən ƏLİYEVA

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi