Modern.az

İsa Qəmbərin addım səsləri, Arif Hacılı tərəfdarlarının ETİRAZI

İsa Qəmbərin addım səsləri, Arif Hacılı tərəfdarlarının ETİRAZI

Ölkə

10 Aprel 2024, 14:27

Bugünlərdə Mustafa Hacıbəylinin Müsavat Partiyasının mayda keçiriləcək növbəti qurultayı ilə bağlı bir statusuna münasibət bildirmişdim. Yazmışdım ki, Arif Hacılının tərəfdarları üçün İsa Qəmbərin başqan olması arzuolunan deyil. Onların düşüncəsinə görə, növbəti qurultayda da Arif Hacılı partiyanın başqanı seçilməlidir.

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı olmaq istəyirmi? Özü bu suala birmənalı cavab vermədi. Amma açıq şəkildə bildirdi ki, yenidən başqan olmağa elə bir etirazı yoxdur.

İsa Qəmbərin dediyindən o da bəlli oldu ki, Arif Hacılı bir daha başqan ola bilməz. Şübhəsiz ki, İsa Qəmbər bu fikri Partiyanın nizamnaməsinə söykənərək söylədi. Bilməyənlər üçün deyim ki, nizamnaməyə əsasən Müsavat Partiyası başqanı yalnız 2 dəfə seçilə bilər.

Gördüyünüz kimi, nizamnamə Arif Hacılının yenidən başqanlığa namizəd olmasının qarşısına Çin səddi çəkib. Ona görə də əminliklə demək olar ki, İsa Qəmbərin yenidən başqan seçilməsi sadəcə zaman məsələsidir. Əlbəttə, Arif Hacılını yenidən başqan görmək istəyənlər partiya nizamnaməsində sədr seçilməyin sayı ilə bağlı məhdudiyyət barədə məlumatlıdırlar. O da ola bilər ki, onlar bu məhdudiyyəti qurultayda aradan qaldırmaq istəyirlər. Ancaq onların belə bir dəyişikliyə nail olmaq ehtimalı son dərəcə aşağıdır...

Ona görə də bunu bitmiş məsələ hesab etmək olar....

Heç şübhəsiz ki, İsa Qəmbərin gəlişi ilə Müsavat Partiyasında müəyyən canlanma olacaq. Çox istərdim ki, o, öz gəlişi ilə bütövlükdə müxalifət düşərgəsinə yeni və pozitiv impuls versin. Birləşdirici fiqur qismində çıxış etsin. İflas dövrü yaşayan müxalif düşərgəni bir bayrağın altında birləşdirsin.

Əlbəttə, Azərbaycan iqtidarı son dərəcə güclüdür və buna imkan verməməyə çalışacaq. Ancaq düşünürəm ki, İsa Qəmbər Əli Kərimli ilə müqayisədə iqtidar üçün daha məqbul fiqurdur. Bu amil də İsa Qəmbərin xeyrinə işləyə bilər. Çünki İsa Qəmbər yenidən ortaya çıxandan sonra Əli Kərimli üçün müxalifətin əsas lideri rolunda çıxış etmək xeyli çətinləşəcək.

Bu arada AXCP məhz Müsavat Partiyasının qurultayı ərəfəsində mitinqə qərar verib. Əlbəttə, bu təsadüfi deyil. 2019-cü ildə də belə olmuşdu.

İsa bəy mövcud ziddiyyətlərdən məharətlə yararlanmağı bacaran siyasətçidir. Ümid edirəm ki, o bu dəfə də öz məharətini göstərə biləcək. Zatən, bu, onun son şansıdır. Bu şansı da boşuna xərcləsə, daha heç zad...

Bəs Arif Hacılının siyasi taleyi necə olacaq? Arif Hacılı partiya funksioneri kimi bacarıqlıdır. Sadəcə onda liderlik keyfiyyəti yoxdur, olsa da çox azdır...

Çox istərdim ki, müsavatçılar xalqı məyus etməsinlər, dedi-qodu, intriqa, parçalanma kimi yaramazlıqlardan uzaq olsunlar. Müsavatın növbəti qurultayını kübar bir davranışla yüksək səviyyədə keçirməklə gələcəyə ən azı ümid yaratsınlar...

Elbəyi Həsənli,
Sürix

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi