Modern.az

Selin apardığı körpünün bərpası üçün rəsmi qurumlara müraciət

Selin apardığı körpünün bərpası üçün rəsmi qurumlara müraciət

Ölkə

13 Aprel 2024, 13:00

Xəbər verdiyimiz kimi, aprelin 10-11-i Lerikdə yağan aramsız yağışlar nəticəsində sel suları rayonunun Şingədulan ərazisində, Ağçay çayı üzərində salınan su ötürücü boruları dağıdıb. Kənd sakinləri çayın üzərindəki bu borulardan körpü kimi istifadə edirmişlər.

 

Bəs "körpü" nə vaxt bərpa ediləcək?

 

Modern.az Lerik rayonu İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

 

Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov bildirib ki, su ötürücü borular artıq bərpa olunub:

 

"Seldən sonra elə böyük problem yaşanmayıb. Həmin körpünü tikinti təşkilatı müvəqqəti olaraq düzəltmişdi. Məqsəd maşınların gediş-gəlişini asanlaşdırmaq idi. Əhali buradan istifadə edirdi. Dünən sel həmin su borularını apardı. Günün ikinci yarısı, axşamtərəfi onu bərpa etdilər. Kəndlərə gediş-gəliş əvvəlki formada bərpa olunub".

 

H.Məlikov Ağçay çayının üzərində yeni körpünün salınması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət etdiyini bildirib:

 

"Həqiqi körpünün salınmasına ehtiyac var. Biz Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə bu barədə müraciət etmişik. Vəsait ayrıldıqdan sonra həqiqi körpünün inşasına başlanılacaq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?