Modern.az

Dini Komitənin yeni sədrindən gözləntilər: Kadr islahatları, maarifləndirmə...

Dini Komitənin yeni sədrindən gözləntilər: Kadr islahatları, maarifləndirmə...

Ölkə

18 Aprel 2024, 09:25

Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib. Qeyd edək ki, növbədənkənar prezident seçkilərindən sonra formalaşan yeni Nazirlər Kabinetində sözügedən komitənin sədri vəzifəsi boş qalmışdı. Qurumun əvvəlki sədri Mübariz Qurbanlı yeni hökumətdə təmsil olunmayıb.

 

45 yaşlı Ramin Məmmədov 2001-2002-ci illərdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində mütəxəssis kimi çalışıb.

 

O, 2002-2009-cu illərdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində mütəxəssis, sədrin köməkçisi, şöbə müdiri işləyib

 

Daha sonra 2009–2016-cı illərdə Diasporla İş üzrə Dövlət Komitəsində sədrin köməkçisi, aparat rəhbərinin müavini vəzifələrində çalışıb.

 

Ramin Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin 12 may 2016-cı il tarixli 2040 nömrəli sərəncamı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsinə təyin olunub.

 

2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

 

O, həmçinin 1 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs müəyyən edilib və ermənilərlə danışıqlar aparıb.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi cəmiyyətdə daim diqqət mərkəzində olan qurumlardan biridir. Buna görə yeni sədrin fəaliyyəti önəm kəsb edir.

 

Bəs yeni sədrdən gözləntilər nələrdir? Bu istiqamətdə  hansı yeniliklərə ehtiyac var?
 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov bildirib ki, birinci növbədə dini durum ciddi təhlil olunmalı, gələcəkdə baş verə biləcək proseslər indidən proqnozlaşıdırılmalıdır:
 

“Məsələnin mahiyyəti ondan ibarətdir ki, dini durum dünyanın əksər ölkələrində olduğu kimi bizim ölkəmizdə də həm daxili, həm də xarici faktorlar səbəbindən tez-tez dəyişir. Bu gün əksər müsəlman ölkələrində ciddi proseslər gedir və bu proseslər bizim ölkəmizə də təsirsiz ötüşmür.
 

Bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri də xaricdən ölkəmizdəki dini duruma müdaxilələrin qarşısının alınmasıdır. Təəssüf ki hələ də bu müdaxilələr öz təsir imkanlarını qoruyur. Bu təsirlərin qarşısı qətiyyətlə alınmadığı təqdirdə gələcəkdə bunun ağır nəticələrini yaşaya bilərik.
 

Digər mühüm vəzifə dini maarifləndirmə işlərinin sürətləndirilməsidir. Proseslərin təsiri göstərir ki, hələ də ölkə vətəndaşlarının çoxu din haqqında ən səthi məlumatlara belə malik deyillər. Bu da onların zərərli dini təsirlərin qurbanına çevrilməsinə şərait yaradır. Bu baxımdan sürətli dini maarifləndirmə prosesi başlanılmalıdır”.

Deputatın fikrincə, kadr islahatları sürətli bir formada aparılmalıdır:
 

“Din sahəsi spesifik sahədir. Burada peşəkarların işləməsinə ciddi zərurət var. Əks halda atılan addımlar çox ciddi nəticə verməyəcək. Məscidlərə yeni milli kadrlar təyin olunmalıdır. Hələ də bəzi məscidlər xarici dövlətlərin və kənar təsirlərin əsarətindədir. Onlar bir sıra tapşırıqları kənardan alırlar.
 

Bütün bunlarla yanaşı dövlət din siyasəti konsepsiyasının və strategiyasının qəbul edilməsinə ehtiyac var. Burada gələcəkdə dinin ölkəmizdə yeri və rolu ilə bağlı məsələlər dəqiqləşdirilməlidir”.

 

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Anar İsgəndərov vurğulayıb ki, Ramin Məmmədovun təyinatı yerində atılmış addımdır:
 

“Ramin Məmmədovu şəxsən tanıyıram. Bizim deputat həmkarımızdır. Azərbaycan gəncini uğurla təmsil edən, gəncliyimizə nümunə olan ziyalıdır. Azərbaycanın dövlət başçısı bir vaxt onu Qarabağda erməni icması ilə danışıqlar aparmaq üçün səlahiyyətli nümayəndə seçmişdi.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunarkən bu gənc, təşəbbüskar ziyalının məziyyətlərini cənab Prezident nəzərə alıb. Bizim hamımız Azərbaycanda din-dövlət münasibətlərinin tənzimlənməsinin Ümummilli Lider Heydər Əliyevlə bağlı olduğunu bilirik. Sovet dövrü dinimizə çox böyük zərbə vurmuşdu. Bunu görən, onun mahiyyətini bilən ümumilli lider ziyanı aradan qaldırmaq üçün əlindən gələni etdi. Azərbaycanda din-dövlət münasibətləri bu gün ən yüsək səviyyədə inkişaf edir. Bu sahədə Azərbaycan Respublikasının Prezidentinin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın böyük rolu var. Sovet dönəmindən 17 məscid vardı və formal xarakter daşıyırdı. Ancaq bu gün 2000-dən artıq məscidimiz var. Dindar təqvasında, dini ayinlərin icrasında azaddır. Dini bayramlar Azərbaycan xalqının adına uyğun qeyd olunur”.

Deputat vurğulayıb ki, yeni sədr din-dövlət münasibətlərinin yeni formada inkişafına nail olacaq:

 

“Ramin Məmmədov dövlət başçısı tərəfindən verilən tapşırıqları uğurla icra edəcək. Çünki o, hüquqşünasdır, beynəlxalq münasibətləri və Azərbaycanın reallıqlarını yaxşı bilir. Diasporada çalışarkən kənardan Azərbaycanı görə bilib, ona olan münasibəti hiss edib. Ölkə daxilində Milli Məclisin deputatı kimi rayonlarda, kəndlərdə olub. Yəni Azərbaycanın ictimai-siyasi həyatında seçilən ziyalılardan olub. Fürsətdən istifadə edib, yeni vəzifəsində Ramin Məmmədova uğurlar arzu edirəm. Ümid edirəm ki, Ramin Məmmədov dövlət başçısının etimadını doğruldacaq və Azərbaycanda din-dövlət münasibətlərinin yeni istiqamətdə inkişafı üçün əlindən gələni edəcək”.

 

Turqay Musayev 

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda dərc olunub

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi