Modern.az

“Əvvəlcə Hadinin ölüm xəbərinə inanmadım”  - Hüseynbala Mirələmov

“Əvvəlcə Hadinin ölüm xəbərinə inanmadım”  - Hüseynbala Mirələmov

17 Aprel 2024, 09:43

Sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli bu gün səhər saatlarında ürəktutmasından vəfat edib.

 

Modern.az onun ən yaxın dostlarından olan sabiq deputat Hüseynbala Mirələmovla əlaqə saxlayıb.

 

Saytımıza açıqlamasında Hüseynbala Mirələmov dostunun ölüm xəbərindən sarsıldığını söyləyib:

 

"Dünən gecə onunla telefonda danışmışdıq. Oradan-buradan söhbət etdik. Bu gün məni yuxudan oyatdılar ki, internetdə Hadinin öldüyünü yazıblar. Əvvəlcə inanmadım, dedim elə şey ola bilməz. Tez mərhumun kürəkəninə zəng elədim. Mənə  ağlaya-ağlaya dedi ki, Hadi müəllim yıxılıb qaldı. Bu adam hər gün 30-35 dəqiqə idman edirdi. Biz orta məktəbi bir yerdə oxumuşduq. 15 ildə Milli Məclisdə yanaşı əyləşmişik. Bu xəbər məni çox üzdü, kövrək və yandırıcı izlərlə qalacaq xatirəmdə. O, çox qıvraq adam idi. Yeriyəndə şux yeriyirdi. Hamı ona həsəd aparırdı".

 

H.Mirələmov deyib ki, Hadi Rəcəbli dövlətini, vətənini sevən adam olub:

 

"Milli Məclisdə komitə sədri olanda hansısa nazirliyin nöqsanlarını da üzərinə götürürdü, deyirdi mənəm günahkar, mən düzgün etməmişəm. Çox vətənsevər idi. Allah rəhmət eləsin!"

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var