Modern.az

Keçmiş həmkarları Hadi Rəcəbli barədə nələr dedilər: Həyatı sevən bir insan idi...

Keçmiş həmkarları Hadi Rəcəbli barədə nələr dedilər: Həyatı sevən bir insan idi...

Ölkə

17 Aprel 2024, 13:34

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ilə Təzəpir məscidində vida mərasimi keçirilib. Mərasimdə mərhum siyasətçinin ailəsi, keçmiş həmkarları, yaxınları və dostları iştirak edb.

 

Mərasimdə iştirak edən AMEA prezidenti akademik İsa Həbibbəyli Modern.az-a açıqlamasında bildirib ki, Hadi müəllim Yeni Azərbaycan Partiyasının ən fəal üzvlərindən biri olub, təbliğat-təviqat, ideoloji işdə də yaxından iştirak edib:

 

"Hadi müəllim bizim ölkəmizin, cəmiyyətimizin həmişə öndə gedən ziyalılarından, deputatlarından biri idi. Eyni zamanda Milli Məclisdə komitə sədri kimi sosial sahəyə dair qanunların qəbul olunmasında da özünəməxsus xidmətləri var idi. O, ideoloji fəaliyyətlə məşğul olarkən sosial sahənin mahiyyətinə və fəlsəfəsinə dair bir sıra dərsliklər yazıb".

 

Deputat Cavanşir Paşazadə isə Hadi Rəcəblinin dostu olduğunu deyir: 

 

"Hadi müəllim gözəl dostlarımızdan biri idi. Həm siyasətdə, həm də həyatda dostumuz idi. Dostlarımızdan birini itirdik. Bu gün bizim üçün çox çətin gündür. Hadi müəllim 20 ildən artıq deputat olub, komitələrə rəhbərlik edib. Bu gün onun dəfnindəyik, elə bilirəm, burada yığışanların hər biri mənim fikrimi dəstəkləyir ki, Hadi müəllimin həm dost kimi, həm yoldaş kimi, həm siyasətçi kimi böyük əməyi olub. Bu gün mənim üçün danışmaq çox çətindir".

 

Sabiq deputat Hüseynbala Mirələmov isə Hadi Rəcəbli ilə dünən 3-4 dəfə telefonla danışdığını bildirib:

 

"Bu gün səhər mənə deyəndə, düzü, heç inanmadım, elə bildim, kiminsə zarafatıdır. Tez onun telefonuna zəng vurdum, gördüm bağlıdır. Kürəkəninə zəng etdim, ağlaya-ağlaya cavab verdi. Bildim ki, bu acı həqiqətdir. Dünən telefonda 3-4 dəfə danışmışıq. Ayın 14-də bu binada, il məclisində iştirak etmişik. Onun ölümü mənə unudulmaz yara, təcrübə yaşatdı. Heç inana bilmirəm, həyatı sevən bir insan, nikbin, dostcanlı, ən gözəl dost idi".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!