Modern.az

Azərbaycanda siğə - üç manat pul, bir kəllə qənd, vəssalam-şüttamam...

Azərbaycanda siğə - üç manat pul, bir kəllə qənd, vəssalam-şüttamam...

Ölkə

28 Oktyabr 2013, 09:50

Günümüzün insanları çox vaxt “siğə” sözünü yalnız bir mənada anlayırlar – “müddətli kəbin”. Onun halal və ya haram olması haqqında isə mübahisəli fikirlər var. İslam məzhəblərindən bir hissəsi müddətli kəbini (dini terminlə “mütə”) qəbul etmir, digərləri isə normal sayır. Məsələn, İslam dünyasının öndə gələn təhsil mərkəzlərindən sayılan Misirin “Əl Əzhər” Universitetinin rektoru, müfti Tantavi İslamda müddətli kəbinin-mütənin halal olduğunu təsdiqləyib.

Dini ekspertlər deyirlər ki, Quranda müvəqqəti nikahla bağlı ayələr var. Eyni zamanda peyğəmbərin hədislərində də bu məsələyə yer verildiyi vurğulanır və bildirilir ki, peyğəmbərun buyruğuna görə, kişi siğə etdiyi qadının siğə müddəti bitənə qədər qeyrətini, namusunu öz həyat yoldaşı qədər qorumalıdır.

Azərbaycana qonşi İran dövlətində müddətli siğə geniş yayılıb. Hətta ötən ilin ortalarında İran İslam Respublikasında mütə siğəsi etmək istəyənlər üçün xüsusi sayt da açılmışdı. Həmin saytda müddətli siğəyə hazır olan qadınların anketləri, sağlamlıq sertifikatı, valideynlərinin razılığı və s. barədə qeydlər yerləşdirilirdi. Bu saytda siğə üçün hazır olan qadınların profilləri və onların 1 saatlıq qiymətləri yer alırdı. Saytda qadınların şəkilləri olmasa da, onların görünüşü tam təsvir olunur, bakirə olub-olmadıqları haqda məlumat yerləşdirilirdi.Eyni zamanda saytda siğəyə razı olan qadınların mehriyəsi – yəni siğə qiyməti də qeyd ounurdu. Səhifədə siğənin İslama tam uyğun olması haqqında İran Ayətullalarının fikirləri də dərc olunmuşdu.
Lakin sonradan ciddi etirazlara və fahişəliyin faktiki leqallaşdırılması kimi tənqidlərə məruz qalan sayı bağladalar.  

Azərbaycanda isə siğə məsələsinsə həssas məqam kimi ziddiyyətli fikirlər yaradır. Doğrudur, Qafqaz Müsəlmanları İdarəsində (QMİ) rəsmi nikah sənədinə malik cütlüklər üçün kəbin kəsilir, amma bunlar müddətli deyil, daimi kəbinlərdir.
QMİ mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirir ki, kəbin kəsən mollalar ciddi nəzarətdədir.

“Hətta dini kəbinin ancaq VVADQ qeydiyyatından sonra kəsilməsi ilə bağlı QMİ-nin xüsusi sərəncamı var. Qafqaz Müsəlmanları İdarəsinin 2002-ci ildə bu məsələ ilə bağlı  fətva verib, kəbin məsələləri qanunlarla tənzimlənməlidir.Bunun yerlərdə həyata keçirilməsinə də nəzarət edilir. Kəbin kağızları bizim idarə tərəfindən möhürlənir. Həmin kağızlar yalnız kəbin kəsmək üçün icazə alan axundlara verilir. Kəbinin hesabatı aparılır, yəni İdarə bu məsələyə çox həssas yanaşır”.

Bir sözlə, QMİ müvəqqəti kəbinə - siğəyə icazə vermir. Bu isə həm də o deməkdir ki, ümumiyyətlə Azərbaycanda siğəyə icazə verilmir. Amma məlumatlara görə, Azərbaycandakı bir sıra məscidlərdə bəzi mollalar gizli yollarla qısamüddətli siğə kəbinləri kəsirlər. Mollaların məscidlərdən kənarda da siğə kəbini kəsdikləri haqda iddialar var.


Modern.az
saytına danışan ilahiyyatçı Azər Dadaşov deyir ki, müddətli siğə özü-özlüyündə Azərbaycanda geniş yayılmayıb. Həm də bunu statistikası ümumiyyətlə mövcud deyil.

“İndiki çağın insanına müddətli siğənin mahiyyətini anlatmaq çox çətindir. Çünki adamlar çox vaxt işlətdikləri “siğə” sözünün mənasını belə, bilmir. Məsələn, Qurban bayramında qurban siğəsi, yəni qurban duası oxunur. Sözü “qurban siğəsi” kimi işlətdikdə çoxları söhbətin nədən getdiyini anlamır. Mütə siğəsi də onun kimi. Əslində müddətli siğə ilə daimi siğə-kəbin arasında bircə fərq var. Birində kişi və qadın öz nikahlarını hansısa zamanla məhdudlaşdırır, digərində isə daimi, yəni ölüm gününədək edir. Amma hər şeyin nisbi olduğu dünyada bu da şərti anlayışdır. Belə ki, evliliyə girmiş adamlar öləcəkləri tarixi bilirmi? Yox. Yəni bu gün daimi nikaha girən adamlardan biri sabah ölə də bilər. Üstəlik, Həcc dövründə kişi zəvvar öz arvadından boşanmış sayılır”.

İlahiyyatçı mütə siğəsinin müddətinə də aydınlıq gətirib. “Sual oluna bilər ki, məhdudlaşdırılmış müddət nə qədərdir? Bir andan başlayaraq insan zəkasının yol verdiyi həddə kimi. Yəni ağlı başında olan adam heç vaxt deməz ki, bir milyon il...”.

A.Dadaşov qeyd edib ki, müddətli kəbinlə daiminin şərtlərində oxşar, üst-üstə düşən məqamlar çoxdur.

“Müvəqqəti siğə zamanı da qadının özündən başqa valideynlərinin razılığı tələb olunur. Kişi daimi siğədə olduğu qadının dolanışığını öz öhdəsinə götürdüyü kimi müddətli siğədə olduğu qadının da bütün məsrəflərini çəkməlidir”.

İlahiyyatçı deyir ki, mütə siğəsi barədə Quran ayələri və hədislər mövcuddur.

“İslam tarixçilərinin hamısı birmənalı olaraq qeyd edir, həzrət Rəsulullah zamanı mövcud olmuş mütə siğəsi yalnız xəlifə Ömərin zamanında qadağan edilib. Bu gün sözügedən məsələyə məzhəblərin fərqli mövqeyi artıq məlum həqiqətdir. Lakin əsas olan budur ki, bəzi təfriqəçi və fitnəkar adamlar bilərəkdən mütə siğəsini pozğunluq və əxlaqsızlıqla eyniləşdirirlər. Nəticədə yanlış anlaşılma yaranır”.

Amma siğəni zina qədər böyük günah sayanlar da az deyil. Bəzi dini ekspertlər deyirlər ki, əgər qadın bir günlüyə, hətta bir neçə saatlığa siğəyə razılıq verirsə və siğə edilən qadına buna görə onun özünün müəyyən etdiyi müəyyən miqdarda pul verilirsə, deməli siğə müasir fahişəlikdir.
Eyni zamanda bunun əksini idda edənlər də var və bildirilir ki, siğə cəmiyyətdə olan zinanın qarşısını alır və bu, kəbinə alternativ bir yoldur.

 

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi