Modern.az

Azərbaycanda Rusiya sülhməramlılarına ehtiyac qalmayıb - VİDEO

Azərbaycanda Rusiya sülhməramlılarına ehtiyac qalmayıb - VİDEO

17 Aprel 2024, 17:27

Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərə qısa açıqlamasında Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib. "Bəli, bu doğrudur", - Peskov qısaca olaraq deyib.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. O qeyd edib ki, artıq proses başlanılıb. "Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər", - açıqlamada deyilir.

 

Qeyd edək ki, dünən Rusiya sülhməramlılarının Qarabağdan çıxarıldığını əks etdirən videogörüntülər yayılıb.

 

Sülhməramlıların vaxtından əvvəl ərazilərimizdən çıxması necə dəyərləndirilməlidir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, burada qeyri-adi nəsə yoxdur:

 

"Ona görə ki, Azərbaycan öz ərazi bütövlüyün tam bərpa edib. Rusiyanın sülhməramlılarının bu mənada  fəaliyyəti uyğun gəlmirdi. Məsələ öz həllini artıq tapıb. Digər yandan Azərbaycan sabitliyi, millətlərarası normal ünsiyyəti, əlaqələri təmin etmək iqtidarında olduğunu sübut edib. Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç komitəsi öz ofisini Xankənkəndidən çıxardı. Çünki Azərbaycan tərəfi lazımi addımları atmağa hazırdır. Beynəlxalq səviyyədə biz Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni mənşəli şəxslər üçün bütün təminatları vermişik.  Azərbaycan sülh istiqamətində lazımi addımları atır".

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə vurğulayıb ki, Rusiya Sülhməramlılarının yerinə yetirəsi heç bir funksiyası qalmayıb:

 

 

"Rusiya sülhməramlıları vaxtilə Azərbaycanın müəyyən ərzisində yerləşməsinin səbəbi Qarabağın dağlıq hissəsində qeyri-qanuni rejimin fəaliyyəti ilə bağlıydı. Sonradan buranın terror yuvasına çevrilməsi, ölkəmizə təhdidlərin yaranması ordumuzun antiterror tədbirləri həyata keçirməsi ilə nəticələndi. Bununla da Rusiya sülhməramlıların burada qalmasına ehtiyac yox idi. Erməni sakinləri ərazini könüllü sürətdə tərk edib. Qalanlar isə Azərbaycan vətəndaşlığını qəbul edib. Azərbaycan dövləti tərəfindən onların sosial məsələləri nəzərdə saxlanılır və həll olunur. Rusiya sülhməramlılarının yerinə yetirəcəyi heç bir funksiya qalmayıb. Özləri də ötən il antiterrior tədbirlərindən biraz sonra postlarını yığışdırmışdılar. Görünür, diplomatik kanallar tərəfindən artıq Rusiya sülhməramlıların yerinə yetirəcəyi hər hansı vəzifə qalmadığına görə ərazini tərk edirlər. Ərazi tamimlə Azərbaycan qoşunlarının nəzarətindədir. Təhlükəsizlik, sərhədlərimiz qorunur. Dövlətçiliyimiz, işğaldan azad olunmuş ərazilərimizdəki əhali üçün heç bir təhlükə yoxdur və sülh sazişi üzrə danışıqlar gedir. Bu baxımdan Rusiya sülhməramlılarına ehtiyac qalmayıb".

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var