Modern.az

Fransanın Azərbaycandakı səfirini geri çağırması onun zəifliyinin göstəricisidir!

Fransanın Azərbaycandakı səfirini geri çağırması onun zəifliyinin göstəricisidir!

Ölkə

18 Aprel 2024, 12:17

Fransa Xarici İşlər Nazirliyi bir müddət əvvəl bu ölkənin Azərbaycandakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün geri çağırıldığı ilə bağlı məlumat yayıb. Bildirilib ki, Fransa Prezidenti Emmanuel Makron səfiri qəbul edib. Digər detallar açıqlanmayıb.

 

Azərbaycan İkinci Qarabağ müharibəsində Ermənistan üzərində həlledici hərbi-strateji qələbə qazandıqdan sonra Fransanın regional siyasəti xeyli dəyişib və bu qərar, şübhəsiz ki, həmin prosesin məntiqi davamıdır. Rəsmi Paris Azərbaycana qarşı təxribatçı fəaliyyətini davam etdirir və səfirin geri çağırılması bu fəaliyyətin tərkib hissəsidir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupunun üzvü Kamran Bayramov bildirib ki, Fransanın atdığı addımlara görə onunla çoxdan əməkdaşlığı dayandırmalıydıq:

 

"Tarixə nəzər yetirsək, Azərbaycan həqiqətən də Fransa ilə məhsuldar, səmərəli əməkdaşlıq edib. Azərbaycan digər ölkələrlə olduğu kimi Fransayla da dialoqa, əməkdaşlığa açıq olub. Vətən müharibəsindən öncə 25 il Fransa Azərbaycanın icazəsi ilə keçmiş "Dağlıq Qarabağ" probleminin həllində vasitəçi olub. Vətən müharibəsindən sonra isə bu ölkə açıq-aşkar anti-Azərbaycan siyasəti yerinə yetirməyə başlamışdı.Fransanın bizə qarşı atdığı addımlara, verdiyi bəyanatlara nəzər saldıqda Fransa ilə əməkdaşlığı çoxdan dayandırmalıydıq.Ekoloji aksiya zamanı yaradılan şou, Fransa senatının separatçılara dəstəyi xatirimizdədir. Fransada Natəvan büstünə qarşı törədilən vandalizm də yadımızdan çıxmayıb. Bu cür addımlarla Fransa Cənubi Qafqazda sabitlik mühitini pozur.  Bu il Azərbaycan COP-29-a ev sahibliyi edəcək. Fransa Azərbaycanın buradakı sədirliyini də hədəf alır. Sətirarası boykota çağırırlar. Amma başa düşmürlər ki,  Azərbaycan bu nüfuzu və dünya üzrə hörməti öz gücü hesabına qazanıb".

 

Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda deyilir ki, məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur.

 

"Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir", - açıqlamada bildirilir.

Kamran Bayramovun fikrincə, Fransanın səfirini məsləhətləşmələr üçün geri çağırması onun zəifliyinin göstəricisidir:

 

"Fransanın səfirini məsləhətləşmələr üçün geri çağırması, hesab edirəm ki, sadəcə olaraq küskünlük əlamətidir. Digər yandan bu, Fransanın gücsüzlüyünü göstərir. Fransa bu gün Azərbaycanla bacara bilmir. Heç vaxt  da bacara bilmıyəcək. Çünki Azərbaycanın işi  haqqdır. O, öz torpaqlarını işğaldan azad edib və bütün əraziləri üzrə suverenliyini bərpa edib. Bu da Fransanı narahat edib. Fransa Afrikada yaşadığı məğlubiyyətlərdən sonra Avropada nüfuzunun sıfıra enməsinə görə üzünü Cənubi Qafqaza çevirib. Burada öz çirkin geosiyasi məqsədlərinə nail olmaq istəyir. Lakin Cənubi Qafqazda aparıcı dövlət, sülhün, əmin-amanlığın qarantı Azərbaycandır. Azərbaycan nəyin bahasına olursa-olsun Fransanın bu regiona daxil olmasına və burada  şərtləri diqtə etməsinə imkan verməyəcək". 

 

Deputat Azərbaycan-Fransa Parlamentlərarası İşçi Qrupunun faktiki olaraq fəaliyyətsiz olduğunu söyləyib:

 

"Dostluq qrupu heç bir reaksiya verməyəcək. Fransa Parlamentində və Azərbaycan Milli Məclisində fəaliyyət göstərmiş dostluq qrupları öz fəaliyyətlərini artıq dayandırıblar. Bu da Fransanın Azərbaycana qarşı yürütdüyü siyasətin nəticəsidir. Sadəcə olaraq bu, yəni səfiri geri çağırmaq hər bir ölkənin müstəsna hüququddur. Səfiri məsələhətləşmələr üçün geri çağırıblar. Bu  tam geri çağırılma deyil. Diplomatik münasibətlərimiz hələ də var. Bu gün Azərbaycanın da Fransadakı səfiri hələki fəaliyyət göstərir. Lazım gələrsə, Azərbaycan hökuməti müvafiq addım ata bilər. Əsas məsələ odur ki, Azərbaycan Fransanın diqtəsi ilə heç nə etməyəcək. Fransanın sülh danışıqlarındakı dağıdıcı rolunu Azərbaycan gözəl anlayır. Azərbaycan səfirin geri çağırılması kimi nümayişkəranə addımlara öz qiymətini verəcək və öz sərgilədiyi mövqeyini müdafiə edəcək".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bu kəndlər də qaytarılır: Ermənilər dəhlizin inşasına başladılar