Modern.az

Parlamentarilər Hadi Rəcəblinin vəfatından danışır...

Parlamentarilər Hadi Rəcəblinin vəfatından danışır...

Ölkə

18 Aprel 2024, 12:06

Ötən gün səhər saatlarında sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadi Rəcəbli ürəktutmasından vəfat edib. Onun dəfn mərasimində yaxınları, keçmiş həmkarları, dostları və digər şəxslər iştirak edib.

 

Mərasimdə iştirak edən Milli Məclisin deputatı Ziyafət Əsgərov Modern.az-a açıqlamasında Hadi Rəcəblinin səhəti ilə bağlı şikayət eşitmədiyini deyib:

 

“Hadi müəllim haqqında danışmaq xoşdur. Ancaq çox təəssüf ki, biz onun haqqında artıq keçmiş zamanda danışırıq. İki gün öncə biz bir xeyir işdə idik. Vəziyyəti çox yaxşı, gümrah idi. Bir xeyli söhbət etdik. Biz əvvəllər də tez-tez görüşüb, danışır, telefonlaşırdıq. Səhhəti ilə bağlı heç bir şikayəti yox idi. Onun vəfat etdiyi xəbərini eşitdik. Görünür, qisməti belə imiş.


Hadi müəllimlə biz uzun illər parlamentdə işləmişik. O parlamentdə 5 çağırış deputat, eyni zamanda komissiya, sonra isə komitə sədri olub. Azərbaycanda sosial qanunvericiliyin inkişaf etdirilməsində Hadi müəllimin həqiqətən də böyük xidmətləri olub. Həm də o çox ziyalı insan, professor, alim idi. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dərs deyirdi. Onun ən özəl xüsusiyyətlərindən biri o idi ki, o çox mütailə edən insan idi. İxtisasını çox gözəl bilirdi. Eyni zamanda çox gözəl yoldaş idi. Çox gözəl dostluğu var idi. Onun gözəl ailəsi, övladları var. Allah ona rəhmət etsin. Mən onun ailəsinə, yaxınlarına, dostlarına baş sağlığı verirəm”.


Dəfn mərasimində iştirak edən Milli Məclisin deputatı Aydın Mirzəzadə Hadi Rəcəblinin məsuliyyətli deputat olduğunu bildirib.

 

"O Milli Məclisə gələnə qədər uzun müddət partiya təsərrüfat işlərində çalışmışdı. Milli Məclisə çox böyük həyat təcrübəsi ilə gəlmişdi. Heç şübhəsiz ki, sosial siyasət komitəsinin sədrliyi ona həvalə edilmişdi. Çünki o bu məsələləri yaxşı bilirdi. Günün tələblərinə cavab verən qanunların qəbul edilməsinə çalışır, xarici təcrübəni öyrənirdi. İnsanlara çox açıq idi. Tez-tez seçiciləri ilə görüşürdü. Sakit, konfiliktsiz eyni zamanda gülərüz insan idi. Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru idi. Neçə-neçə kitabın müəllifi idi. Maraqlı mühazirələri olurdu. Tələbələri onu çox sevirdilər. Çox təəssüf edirik. Hələ də inana bilmirik ki, belə bir insanı itirdik. O bizim qəlbimizdə məsuliyyətli, xoş xasiyyətlli insan kimi qalacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi