Modern.az

Paşinyan erməniləri dilə tutur: azərbaycanlıların 50 metr aralıda olmasına öyrəşməliyik!

Paşinyan erməniləri dilə tutur: azərbaycanlıların 50 metr aralıda olmasına öyrəşməliyik!

18 Aprel 2024, 11:24

Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün ölkənin şərq bölgəsində yerləşən Tavuş rayonunda ermənilər yaşayan Voskepar, Kirants, Berkaber kəndlərinin sakinlərilə görüşüb və onlara Azərbaycanla sülh danışıqları, o cümlədən delimitasiya və demarkasiya prosesindəki mövcud vəziyyəti təqdim edib.

Modern.az-ın məlumatına görə, Ermənistan mətbuatı Paşinyanın Qazax rayonu ilə sərhəddə keçirdiyi görüşlərə xüsusi diqqət göstərir, təfərrüatlar barədə müxtəlif yazılar dərc edir.

Bu yazılarda bildirilir ki, Ermənistan hakimiyyətinin məqsədi Qazaxla həmsərhəd erməni kəndlərinin sakinlərini bölgədəki 4 kəndin (Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı, Bağanıs Ayrım) Azərbaycana təhvil verilməsinə hazırlamaqdır. Çünki Voskepar, Kirants, Berkaber kimi sərhəd kənlərinin erməni sakinləri yaxınlıqdakı 4 yaşayış məntəqəsinin Azərbaycana verilə biləcəyindən qorxurlar. Yerli kəndlilər təsərrüfat sahələrinin yaxın gələcəkdə yeni sərhəd xəttinə bitişik olacağından narahatdırlar.
 

“Məqsədimiz, ideyamız ondan ibarətdir ki, siz “Azərbaycan 50 metr aralıdadır” sözlərini həyəcanla deməyəsiniz, “yaxşı ki, Azərbaycan 50 metr aralıdadır, biz orada ticarət edəcəyik” söyləyəsiniz”, - Paşinyan sakinlərə bildirib.

Eyni zamanda yerli sakinlərin təhlükəsizlik təminatı ilə bağlı sualını cavablandıran Paşinyan buna 100 faiz zəmanət verməsə də, “addım-addım 90 və daha çox faizə çatacağıq” deyib.

Paşinyan bildirib ki, bu addımları atmasalar, bölgədə yeni partlayış olacaq.

“Qarşımızda duran vəzifə son 30 ildə qanunsuzluq mühitində yaşadığımız üçün bölgədə qanunun aliliyini təmin etməkdir. Biz deyirik ki, həm bizim, həm də onların (Azərbaycan - red.) tərəfində qanunsuzluq dövrünə son qoyulmalıdır. Hüquq, qanun, xətt var və biz bu xətt üzərində dayanmalıyıq”, - Paşinyan vurğulayıb.


O bildirib ki, Azərbaycanla müəyyən razılaşmalar var. Baş nazirin sözlərinə görə, danışıqları elə aparmağa çalışıblar ki, Azərbaycan tərəfi Əskipara çayını keçməsin, ərazi mübadilələri həyata keçirilsin:

“Yəni bizim qaldırdığımız bəzi məsələlərə etiraz etməyəcəklər”,- deyən Paşinyan Azərbaycanla bir sıra məsələlərdə razılaşmalar əldə edildiyini söyləyib.



“Cəbhə xətti olmamalıdır, sərhəd olmalıdır və o sərhədləri başqa qoşun növləri yox, sərhədçilər qorumalıdır. Sərhədlərdə keçid məntəqəsi qurulacaq. Ünsiyyət qurmaq istəyirsənsə, ünsiyyət quracaqsan, istəmirsənsə, ünsiyyət qurmayacaqsan” .

Baş nazir xatırladıb ki, Türkiyə ilə sərhəddəki Armavir rayonunun Marqara kəndində erməni evlərindən 50 metr aralıda türk əsgərləri dayanır.

“Məqsədimiz eyni vəziyyəti Tavuşda da yaratmaqdır”, - Paşinyan söyləyib.

“Bizim istəyimiz və gözləntimiz bu vəziyyətdə birləşmək, hər şeyi anlayaraq addım-addım irəliləməkdir. Bədbinliyiniz əsassızdır deyə bilmərəm, bugünkü vəziyyət heç də nikbinliyə əsas vermir. Amma biz nikbinlik yaratmaq üçün mütləq irəli getməliyik”, - baş nazir əlavə edib.

Nikol Paşinyan deyib ki, gələn həftədən başlayaraq Tavuş kəndlərinin administrasiya rəhbərləri Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə cəlb olunacaqlar. 
O, yerli icmaların nümayəndələrindən ibarət işçi qrupunun yaradılması və sərhədlərin demarkasiyası və delimitasiyası üzrə komissiyaların işinə administrasiya rəhbərlərinin daxil edilməsi barədə qərar qəbul etdiyini açıqlayıb.

“Gələn həftədən etibarən icmaların rəhbərləri yerlərdə arqumentlərini əhaliyə təqdim edəcəklər”, - deyə Paşinyan bildirib.

Xatırladaq ki, Ermənistan hakimiyyəti Azərbaycanla delimitasiyaya sərhədin Tavuş ərazisindən başlamağa razı olduqlarını bəyan edib. Rəsmi İrəvan eyni zamanda, bir sıra ərazilərin Azərbaycana təhvil veriləcəyini istisna etməyib. Bildirilib ki, təhvil veriləcək kəndlər işğal altındakı Azərbaycan yaşayış məntəqələridir. 

Bu kəndlər 1991-1992-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib.

Paşinyan ötən ay bu bölgəyə səfəri zamanı yerli sakinlərə xəbərdarlıq etmişdi ki, Bakının tələbi yerinə yetirilməsə, yeni müharibə baş verə bilər.

O bildirmişdi ki, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanis Ayrım kəndləri sovet dövründə də Azərbaycana məxsus olub.


Ə.Qafarlı

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü