Modern.az

Müxalifətdən sülhməramlıların çıxarılmasına REAKSİYA: "Bu, Prezidentin uğurudur"

Müxalifətdən sülhməramlıların çıxarılmasına REAKSİYA:

Ölkə

18 Aprel 2024, 14:29

Qarabağdakı Rusiya sülhməramlıları vaxtından əvvəl Azərbaycanı tərk etməyə başlayıb. Kreml Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərə qısa açıqlamasında Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasının başlandığını təsdiqləyib. "Bəli, bu doğrudur", - Peskov qısaca olaraq deyib.

 

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. O qeyd edib ki, artıq proses başlanılıb. "Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər", - açıqlamada deyilir.

 


Rusiya sülhməramlıları 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannaməyə uyğun olaraq 5 il müddətinə Qarabağa yerləşdirilib. Sənədə əsasən, tərəflərdən biri missiyanın Qarabağdan çıxarılmasını tələb etməsə, onların mandatı daha 5 il uzadıla bilər.


Rəsmi Bakı dəfələrlə bildirib ki, Qarabağ Azərbaycanın ərazisidir və Rusiya sülhməramlıları orada müvəqqəti olaraq yerləşdirilib.

 

Modern.az sülhməramlıların ölkədən çıxışına müxalifət partiyaların fikirlərini öyrənib.

 

Saytımıza açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, sülhməramlıların Azərbaycanı tərk etməsi böyük hadisədir:

 

"Biz tarixdə bir dəfə rusların Azərbaycana gəlib, müstəqilliyimizə son qoymasına, bu bəlanın 70 il başımızda necə problem yaratdığına, dövləti, milləti, xalqı nə qədər geriyə saldığına şahid olmuşuq. Dünyanın müxtəlif yerlərində rus ordusunun vəhşiliyini, dağıdıcılığını bu gün də görürük. İstənilən ölkə öz ərazisində ona dost olmayan dövlətin ordusunun olmasını istəməz. Bunu dəfələrlə qeyd etmişdik ki, ermənilərin Qarabağın dağlıq hissəsindən getməsindən sonra Rusiya sülhməramlılarının ərazidə qalmasının səbəbi yox idi. Hər halda bu, gözlənilməz oldu. Biz hamımız 2025-ci ili gözləyirdik. Hətta bəzi şübhələr də vardı ki, Rusiya Azərbaycandan belə asanlıqla getməz və bunun üçün müxtəlif təxribatlara əl ata bilər. Amma şükürlər olsun ki, Azərbaycanı tərk etdilər. Hesab edirəm ki, 2020-ci ilin sentyabrlndan başlayan Qarabağın azadlıq hərəkatı 44 günlük Vətən müharibəsi, birgünlük antiterror tədbirləri və Rusya sülhməramlılarının ərazilərimizdən çıxması ilə yekunlaşdı".

Tural Abbaslı iqtidarı da təbrik edib: "Xalqımız, dövlətimiz, müstəqilliyimiz üçün tarixi gündür. Bununla bağlı olaraq, dövlətimizi də, millətimizi də təbrik edirəm.

 

Təbii ki, qəliz problemin üzərindən gəldiyi üçün iqtidara da təbrik düşür. Onları da təbrik edirəm.  Rəqib partiya olaraq, yaşasın müstəqil, suveren Azərbaycanımız deyirik. Bu, böyük hadisədir. Görünən odur ki, Azərbaycan proseslərin sakit getməsinin tərəfdarıdır. Ola bilsin ki, Rusiya daxili ictimaiyyətinin rəyini nəzərə alırlar. Yəni Rusiya regiondan məğlub kimi çıxdı görüntüsünün yaranmaması üçün Azərbaycan hakimiyyəti təmkinli davranır".

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli sülhməramlıların ərazilərimizi tərk etməsinin istənilən halda uğur olduğunu deyib:

 

"Rusiya sülhməramlılarının ölkəmizdən çıxması təqdirəlayiq haldır. Bu Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin təmin olunması deməkdir. Bütün hallarda bu uğur kimi qiymətləndirilməlidir. Bununla həm də Qarabağ probleminin birdəfəlik həll olunduğunu deyə bilərik. Bəzən Ermənistanda Rusiya qoşunlarının olmasını ölkəmizə qarşı təhdid kimi qiymətləndirənlər də var. İndiki vəziyyəti 1992-ci ildəki durumla da müqayisə edirlər. Çünki hazırda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, qarşı tərəfin silahlanma prosesinə cəlb olunduğu görünür. Ancaq düşünürəm ki, bütün bu narahatlıqlara ciddi səbəb yoxdur. İndi Azərbaycan ordusu kifayət qədər güclüdür, üstəlik, müttəfiqlərimiz var. Xüsusilə, Türkiyə ilə hərbi sahədə imzalanmış  müqavilələr ölkəmizin təhlükəsizliyi üçün qarantiyadır".

 

Ədalət, Hüquq və Demokratiya Partiyasının (ƏHD) sədrinin müavini Niyaməddin Orduxanlı söyləyib ki, sülhməramlılarının Qarabağdan çıxması Prezident İlham Əliyevin uğurudur.

 

"Bu, dövlətimizin beynəlxalq siyasətinin, Prezident İlham Əliyevin Rusiya ilə apardığı doğru-düzgün siyasətin nəticəsidir. 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli bəyanata əsasən Rusiya sülhməramlıları Qarabağ ərazilərinə gəlmişdi. Ermənilər Qarabağın dağlıq hissəsindəki ermənilərin mühafizəsi üçün Rusiya sülhməramlılarının əraziyə gəlməsini vacib şərt qoşdular. Prezident İlham Əliyev Qarabağda 5 il Qarabağın dağlıq hissəsində yerləşməsinə icazə verdi. Sənədə əsasən onların ərazidəki mövcudluğu 2025-ci ildə yekunlaşmalıydı. Amma 2023-cü ilin sentyabrında Azərbaycan Ordusu birgünlük antiterror tədbirləri həyata keçirdi. Nəticədə Xankəndi və Xocalı da daxil olmaqla tam suverenliyimiz bərpa olundu. Ermənilərin də könüllü şəkildə əraziləri tərk edib. Bu baxımdan Rusiya sülhməramlıları kimi kimdən qoruyacaqdı. Ona görə də  düşünürəm ki, bu Azərbaycan xalqının, xüsusilə də, Prezident İlham Əliyevin uğurudur. Biz partiya olaraq Rusiya ilə yenidən daha sıx əlaqələrin qurulmasının tərəfdarıyıq. Rusiyanın razılığını aldıqdan sonra Ermənistanla sülh sazişi imzalana bilər,",- N.Orduxanlı deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya şokda-Ukrayna dağıdıcı raketlərlə hücuma keçdi