Modern.az

\"İran səfirinin açıqlaması primitiv molla propoqandasıdır\"

\

18 Aprel 2024, 17:28

İranın Ermənistandakı səfirinin çıxışı erməni təəssübkeşliyinin növbəti təzahürüdür:

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

 

O qeyd edib ki, İran özü Ermənistana dəstək verən ölkədir:

 

"Buna görə də cinayətini ört-basdır etmək üçün Azərbaycanıın İsrailin ona verdiyi silahlarla Ermənistana zərər verdiyini söyləməyə çalışır. İran gündəmi dəyişməyə çalışır. Bütün hallarda səfirin bu çıxışı erməni təəssübkeşliyinin növbəti təzahürüdür. Azərbaycanın Ermənistanla savaşmasından İran niyə narahat olmalıdır? Qan qardaşlarına bu qədər sahib çıxmaq İranın nəyinə lazımdır? Deməli, bu ölkə Ermənistanla eyni düşüncəyə malikdir. Bu, başqa cür ola da bilməz".

F.Mustafa vurğulayıb ki, İran səfirinin sözləri cəfəng molla propoqandasında nümunədir:

 

"Deyilənlər cəfəng, primitiv molla propoqandasıdır. Lakin bu, propoqanda nəticə verməyəcək. Çünki Azərbaycan tək Ermənistana qarşı yox, ona dəstək verən bütün şərəfsiz qüvvələrə qarşı da savaşıb və uğurlu olub. Belə təbliğatlar artıq Azərbaycan üçün önəm kəsb etmir. Əsas odur ki, biz İranın dəstəklədiyi Ermənistana qalib gəlmişik. Düşmənə, faşist zehniyyətə qalib gəlmişik. Əgər bundan İran narahatdırsa, yenə də bu məsələlərdə öz siyasətimizi uğurla başa çatdırmağa çalışacağıq".

 

Politoloq Natiq Miri söyləyib ki, İran səfirinin açıqlaması, əslində, düşmənçilik toxumu əkməyə hesablanıb:

 

"Erməniləri öldürən İsrail silahlarını xüsusi vurğulamaqla İran iki ölkə arasında düşmənçiliyi təhrik edir. Digər yandan bununla İran Azərbaycanla Ermənistan arasında da düşmənçiliyi körükləyir. Çünki silah kimin olursa-olsun erməni əsgərini öldürən kimdir? Demək ki, barmaqla Azərbaycan əsgəri hədəf göstərilir. Yəni Ermənistana sizin əsgərinizi İsrail silahı ilə Azərbaycan əsgəri öldürüb mesajını verir. Bu kontekstdən səfirin dilə gətirdiyi sadəcə sıradan cümlə deyil".

Politoloq deyib ki, səfir əslində bu cümlənin özlərinə çevrilə biləcəyini anlamayıb:

 

"Ortaya belə bir sual çıxır ki, Azərbaycanı öldürən silahlar Ermənistana haradan gəlmişdi? Əlbəttə, silahlar İran üzərindən Ermənistana gəlmişdi. Əlavə olaraq, İran Azərbaycan əsgərini öldürmək üçün öz istehsalı olan silahları Ermənistana verib. Belə çıxır ki, Azərbaycan əsgərini İranın ötürdüyü silahlar öldürüb. Azərbaycan əsgərinə güllə atan erməni əsgəri olsa da, İran bilavasitə prosesdə iştirak edən tərəf kimi öz düşmənliyini ortaya qoyub. İsrail düşməndirsə, İran da düşməndir. Çünki hər iki tərəf öldürmək üçün silahlar ötürüblər. Bir sözlə, silah ötürmək düşmənçilik üçün kafidirsə, onda İsrail qədər İran da düşməndir".

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov vurğulayıb ki, İranın Ermənistandakı səfirinin “İkinci Qarabağ müharibəsində erməni əsgərlərinin İsrail silahı ilə öldürülməsi" barədə bəyanatı bir daha bu ölkənin iç üzünü ifşa edir:


"Səfir növbəti dəfə etiraf etmiş olur ki, Tehran üçün islam həmrəyliyi və müsəlman dəyərlərinin heç bir önəmi yoxdur. Səfirin məhv edilən işğalçı erməni əsgərləri - terrorçu muzdlular barədə ürək yanğısı ilə danışması göstərir ki, İran özü elə 30 illik işğal prosesinin ortaqlarından biri olub. Reallıqda da Azərbaycan tərəfində səhih faktlar mövcuddur ki, işğal altında olmuş ərazilərimizin, xüsusən Arazboyu rayonların talan olunaraq xarabazara çevrilməsində İran birbaşa iştirak edib. İslam pərdəsi altında gizlənən rejimin talançılığı bir yana, 30 il ərzində Qarabağ və Şərqi Zəngəzurda vandalizmə məruz qalmış dini abidələrin Ermənistan tərəfindən dağıdılması və təhqir olunmasına bir dəfə də olsun etiraz etməyib. Hansı ki, həmin məscidləri, islam ümmətinin qəbiristanlıqlarını səfirin yad etdiyi həmin o işğalçı erməni əsgərləri dağıtmışdı. Niyə İran səfiri az qala yas saxladığı erməni əsgərlərinin Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərində nə gəzdiklərini soruşmur?  
Heç kimə sirr deyil ki, Azərbaycan İsraildən ən müasir silahları alır və bundan sonra da alacaq. Həmin silahlar sınaqdan çıxmış, etibarlı vasitələrdir və istər Qarabağ döyüşlərində, islam ümmətinin ibadət ocaqlarının, qəbiristanlıqlarının azad olunmasında uğurla tətbiq etmişik". 

 

Deputat qeyd edib ki, bizim ərazimizdən başqasına məxsus nəinki raket, heç bir güllənin də atılmadığını heç kəs unutmamalıdır:


"İsraildən aldığımız və uğurla tətbiq etdiyimiz silahların yeganə sahibi bizik. Ermənistandan fərqli olaraq bizə heç kim pulsuz silah-sursat, texnika, yanacaq verməyib. Məhz öz silahları, öz gücü hesabına Azərbaycan islam ümmətini 30 illik utancdan, məscidləri donuz damı olmaqdan xilas edib. Bu zaman İran harada idi? Özünü müsəlman, şiə adlandıran İran istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində işğalçı Ermənistana ötürdüyü kəşfiyyat məlumatları, hərbi texnika üçün yanacaq və İran üzərindən Ermənistana daşınan silahlarla işğalı, təcavüzü, məscidlərin donuz damı kimi qalmasını əbədiləşdirmək istəyirdi. Biz bunları unutmamışıq. Lakin regionda sülh və dinc birgəyaşayış arzu edirik. O cümlədən də İranla. Amma İranla, nəhayət ki, uzun müddət davam edən gərginliyi aradan qaldırdığımız bir vaxtda, səfir Mehdi Sobhaninin bu cür ucuz, diplomatik səbatı olmayan çıxışı ikrah doğurur. Burada çox haqlı bir sual çıxır ki, Azərbaycanla dostluq münasibətlərində maraqlı olduğunu bəyan edən İran özünün səfirinin cəfəng açıqlamalarına niyə imkan verir? Əgər Tehran buna susursa, deməli, əslində bu tezislər elə molla rejiminin özündən gəlib".

 

Qeyd edək ki, İranın Ermənistandakı səfiri Mehdi Sobhani bildirib ki, İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir