Oktyabrın 27-də keçirilən prezident seçkiləri nəticəsində 2004-cü ildən ölkəyə rəhbərlik edən Mixail Saakaşvili öz postunu tərk etdi. Gözlənildiyi kimi, ötən il keçirilən seçkilərdə parlamentdəki yerlərin çoxunu qazanan “Gürcü arzusu” koalisiyasının namizədi Georgi Marqvelaşvili qalib gəldi. Seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq Konstitusiyaya edilən dəyişikliyə görə, bundan sonrakı dövlət başçısı dekortaiv xarakter daşıyacaq, ölkəni isə parlament idarə edəcək.
Gürcüstanın yazılan tarixi
Bu seçki ötən ilki parlament seçkilərinin qalibi olan “Gürcü arzusu” koalisiyasından seçicilərin nə qədər razı qaldığının da göstəricisi oldu. Həmin koalisiyanın namizədi Georgi Marqvelaşvili seçkiqabağı yarışın lideri idi. Bu səbəbdən seçki ərəfəsi verilən proqnozlara görə, Saakaşvilinin partiyasının gələcək taleyi də məhz oktyabrın 27-dəki səsvermənin nəticəsindən daha çox asılı olacaqdı. Opponentləri iddia edirlər ki, Saakaşvilinin Gürcüstanda tərəfdarları demək olar qalmayıb. Vahid Milli Hərəkat Partiyası seçkilərdə eks-spiker David Bakradzenin namizədliyini irəli sürmüşdü, amma çoxlarına bəlli idi ki, Saakaşvili və onun tərəfdarları seçkini əvvəlcədən uduzublar. Bu səbəbdən yeganə məqsəd qürurla uduzub dövlətin ikinci qüvvəsi kimi partiyanın mövqeyini qorumaq idi. İlkin nəticələrdən göründüyü kimi Georgi Marqvelaşvili 62,19 faiz səs toplayaraq rəqiblərini xeyli geridə qoyub.
Mixail Saakaşvilinin Vahid Milli Hərəkat Partiyasının namizədi David Bakradze 21,86 faiz səslə ikinci olub. Seçki yarışına qoşulan üçüncü lider-eks-spiker NinoBurcanadze bir vaxtlar Mixail Saakaşvili ilə birgə Eduard Şevardnadzeni devirmişdi, onun üçün bu seçki böyük siyasətə qayıdış şansı idi. Gürcüstanda həm də Rusiya yönümlü siyasətçi kimi tanınan Nino Burcanadze cəmi 10,04 faiz səs alıb. Göründüyü kimi, Gürcüstanda Saakaşvili erası başa çatdı. Əslində hələ seçkidən əvvəl Gürcüstanda Mixail Saakaşıvili haqda keçmiş zamanda danışırdılar – kimisi onun fəlakətinə sevinir, kimisi də heyranlıqla danışırdı.
2003-cü ilin sonunda Gürcüstan dəyişiklik istəyirdivə onu əldə etdi. “Qızılgül inqilabı” ölkədəki tam viranəlik-dərəbəylik, iqtisadi durğunluq və dövlət idarəçilyinin kollapsıfonunda baş verdi. Mənzillərə gündə bir-iki saat elektrik verilirdi, pensiya və əmək haqları aylarla yubanırdı, cinayətkarlıq tüğyan edirdi və ən kiçik imkan əldə edən insanlar ölkədən baş götürüb gedirdilər. 2003-cü il noyabrın 22-də Saakaşvili bir qrup tərəfdarı ilə əllərində qızılgül parlament binasına girərək Şevardanzeninqocalmış deputatlarını zalı tərk etməyə məcbur ediblər. Ay yarım sonra Mixail Saakaşvili Gürcüstanın prezidenti olur, o vaxt onun lehinə seçicilərin 96,27 faizi səs verir. Daha iki əsas vəzifəni -hökumət başçısı və parlamentin spikerini “inqilabçı üçlüyün” üzvləri ZurabJvaniya və Nino Burcanadze alırlar.
Hər şeydən öncə qayda - qanun
Kifayət qədər qısa müddətdə gənc və enerjili islahatçılar komandası formalaşdırılır. Ölkədə hakimiyyəti ələ alan həmin komanda elementar qayda-qanun yarada bilir. Evlərə elektrik verilir, küçələrdə işıqforlar işləməyə başlayır, banklarda pensiyaçıların növbəsi yaranır. Ötən illərdə Gürcüstanın məktəblərində istilik sistemi quraşdırılır, avttomobil sürücüləri təhlükəsizlik kəmərini bağlamağı öyrənirlər, biznesmenlər isə vergi ödəyirlər. Yaxşı şeyə tez alışırsan və bir neçə il ərzində Gürcüstanda bir vaxtlar arzu olunan elementar yaşayış normaları formalaşır.
Effektli dövlət sistemi
Şevardnadze zamanından korrupsiyalaşmış və effektsiz dövlət aparatı miras qalmışdı. İslahatlar korrupsiyaya qarşı mübarizə ilə başlayır, dövlət məmurları ordusunda təmizləmə aparılır. Nazirliklərin sayı azaldılır, dövlət aparatına seçim xaricdə təhsil alan və işləyən gürcülərəhəvalə olunur. Vətəndaşlara bir günə pasport verilməsi Gürcüstanın vizit kartoçkası olur.
Polis-insanların dostudur
Gürcüstan islahatların sifəti Daxili İşlər Nazirliyi olur. Sovet və postsovet dövründə Gürcüstan polisi ən korrupsiyalaşmış qurum idi. Ölkənin yeni rəhbərliyi Dövlət Yol Polisini ləğv edir, küçələrdə patrul polisi peyda olur, ora müsabiqə ilə işə qəbul aparılır, əmək haqqı isə ölkədəki orta həddən hiss ediləcək qədər çox verilir. Eyni zamanda “qanuni oğrular”a və küçə cinayətkarlığına qarşı ciddi mübarizə aparılır. Ölkənin küçələri təhlükəsiz olur, vətəndaşlar tezliklə gecələr oğurlandıqları zamanları unudurlar.
İqtisadi stabillik
“Qızılgül inqilabı” baş tutanda ölkədə sosial-iqtisadi situasiya elə ağır idi ki, onu bundan daha pis etməyi düşünməyə ehtiyac yox idi. Saakaşvilinin komandası iqtisadi tənəzzülün qarşısını ala bilir. İslahatlar sayəsində iqtisadiyyat üzərində dövlət nəzarətini saxlamaq mümkün olur, dövlət aktivləri hərraca çıxarılır, vergilərin faizi aşağı salınır. Eyni zamanda dəstəkləyir infrastruktur layihələrini və yeni iş yerlərinin yaradılmasını dövlət. Bütün bunlar iqtisadiyyatın dirçəlməsinə və investisiya axınına səbəb olur. Gürcüstan yavaş-yavaş imic qazanan ölkəyə çevrilir, nəticədə asanca biznes qurub davam etdirmək imkanları yaranır.
Qərbdən əsən külək
Saakaşvili birinci inauqurasiyasında əminliklə deyirdi ki, Gürcüstan Avropa ölkəsi olacaq. NATO-ya üzvlük və Avropa İttifaqına inteqrasiya milli ideyaya çevrilmişdi. Saakaşvili komandasının cəhdləri nəticəsində 2008-ci ildə Buxarestdə NATO üzvləri gələcəkdə Gürcüstanı Alyansın üzvü kimi gördüklərini bəyan etdilər. Gürcüstan Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramına qoşuldu və Avropa İttifaqının assosiativ üzvlüyü ilə bağlı danışıqlar başladı.
İtkilər və səhvlər: Abxaziya və Cənubi Osetiyasız Gürcüstan
Saakaşvili birinci prezident seçkilərindən sonra bəyan etdi: “Gürcüstan torpağının hər santimetri nəzarət altında olacaq”. Amma Tbilisidə hazırlanan planlar və layihələr ölkənin ərazi bütövlüyünün bərpası ilə bağlı işləmədi-reallaşmadı- Rusiya ilə münasibətlər ildən-ilə pisləşdi və 2008-ci ildə faciə ilə nəticələndi. Avqust müharibəsi və Rusiyanın fəaliyyəti Suxumi və Sxinvalinin müstəqilliyini tanıması, Abxaziya və Cənubi Osetiyanın Tbilisinin yuridiksiyasına qaytarılması üzrə danışıqların mümkünlünə nöqtə qoydu. Təxmin etmədi, uzaqgörən olmadı-səhv etdi, provakasiya ilə bacarmadı-bütün bu ittihamlar indi Saakaşvilinin ünvanına səslənir.
Rusiyasız həyat
Saakaşvili artıq tarixə prezident kimi düşüb. Bu dövrdə Saakaşvilinin ən böyük və bağışlanmaz uğursuzluğu Rusiya ordusu ilə müharibədə məğlubiyyəti olub. Nəticədə Rusiya ilə diplomatik əlaqələr dayandırılıb. Saakaşvili Rusiya rəhbərliyini və şəxsən Vladimir Putini Gürcüstanın əsas və yeganə düşməni adlandırıb. Nifrət qarşılıqlı olub. Nəticədə Rusiyadan Gürcüstan vətəndaşları deportasiya olunub, Gürcüstan öz çaxırı və mineral suları üçün Rusiya bazarını itirib, Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimi tətbiq edib. Gürcüstan əhalisinin əksəriyyəti Saakaşvilinin partiyası parlament seçkilərində məğlub olanda əmin idilər ki, onların telefon danışıqları dinlənilir və hər addımları Daxili İşlər Nazirliyinin və xüsusi xidmət orqanlarının nəzarəti altındadır. 2007-ci ilin noyabrında və 2011-ci ilin mayında müxalifətin aksiyalarının qəddarcasına dağıdılması cəmiyyətdə ümidsizliyi daha da artırıb.
Ən qatı düşmənlər
Saakaşvilinin ən qatı düşmənləri həm də keçmiş dostları idi. Bu, onun komandasını formalaşdıran zaman səhvlərdən yayına bilməsinin səbəbi idi. Gürcüstanın keçmiş müdafiə naziri İrakli Okruaşvili Saakaşvilinin ən yaxın silahdaşlarından biri hesab olunsa da, yolları tezliklə ayrıldı. Bu aqibətlə Fransadan dəvət olunaraq daxili işlər naziri təyin olunan Salome Zurabişvili də üzləşdi. Sonra birgə “qızılgül inqilabı”na rəhbərlik edən Nino Burcanadze də Saakaşvilidən üz döndərdi. Bu azmış kimi, bir sıra yüksək vəzifəli məmurlar, hətta partiyadaşları da Saakaşvili ilə yollarını ayırdılar. Onun “varlı gürcülər”lə də münasibətləri isti olmayıb. Bir müddət mərhum Badri Patarkatişvili ilə çəkişdi və nəticədə qalib gəldi. Amma Bidzina İvanişvili ilə bacara bilmədi. Nəticədə “Gürcü arzusu” koalisiyasını yaradan İvanişvili parlament seçkilərində qalib gəldi. O, siyasi missiyasını prezident seçkilərindən sonra başa vuracağını elan edib. İvanişvili arxayın gedə bilər, çünki onun yaratdığı koalisiyanın namizədi prezident seçkilərində qalibdir. Saakaşviliyə gəldikdə, siyasətdən getməyəcəyini bəyan edib. İvanişvili isə dəfələrlə keçmiş prezidentin yolunun həbsxanadan keçəcəyini istisna etməyib. Bu yol Saakaşvilinin üzünə nə vaxt açılacaq?
Modern.az