Modern.az

İlham Əliyev Azərbaycanla bağlı bütün ssenariləri ALT-ÜST ETDİ

İlham Əliyev Azərbaycanla bağlı bütün ssenariləri ALT-ÜST ETDİ

20 Aprel 2024, 14:02

Azərbaycan diplomatiya sahəsində növbəti qələbəyə imza atdı. Qazaxın işğal altındakı 4 kəndinin geri qaytarılması danışıqlar masası arxasında həll edildi və həm də beynəlxalq vasitəçilər olmadan.

Ermənistan və Azərbaycan arasında Brüssel, Paris, Vaşinqton olmadan birbaşa diplomatik təmaslar müsbət nəticə verdi. Bu, bir daha onu göstərdi ki, Qərbin müdaxiləsi olmasa, Azərbaycan və Ermənistan sülhün əldə olunması istiqamətində ciddi nəticələrə imza ata bilərlər.

Beləliklə, aprelin 19-da əldə olunan razılaşma Azərbaycana qarşı olan təzyiqlərin, Ermənistanı militarizasiyaya sürükləməyin nəticəsiz qaldığını ortaya qoydu.

Sübut olundu ki, Fransa və digər Qərb ölkələrinin Azərbaycanın guya Ermənistana qarşı yeni müharibəyə başlayacağı barədə açıqlamaları cəfəngiyatdan başqa bir şey deyil. Bu, Ermənistanı qorxu altında saxlayaraq tam şəkildə öz iradəsinə tabe etdirmək siyasətinin tərkib hissəsidir. 

Mövzunu Modern.az-a şərh edən hərbi icmalçı, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Nazim Bayram sərhəddə demarkasiyanın başlanmasını sülhə doğru ilk predmetli addım sayıb:


“Rəsmi Bakının təklifinə uyğun olaraq Ermənistanla dövlət sərhədinin demarkasiyası Qazax rayonun 4 kəndinin Azərbaycana qaytarılması ilə başlayır. Demarkasiyanın başlanması sülhə doğru ilk predmetli addımdır. Dövlətimiz, millətimiz üçün xeyirli olsun!”.

Hərbi icmalçının sözlərinə görə, dövlət sərhədinin bilavasitə yerində müəyyən edilib xəritələrin çəkilməsi illərlə uzana bilən rutin prosesdir.

“Təbii ki, Nikol Paşinyan Qərbdən qarant alaraq, hərəkət edir. Bu, hələ 2022-ci ilin payızında Praqada, Ermənistanın Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıması ilə baş vermişdi.
Halbuki, Ermənistana “qarantiya halvası” Makron kimi yelbeyin avantüristin regiona burnunu soxmaq üçün bəhanədən başqa bir şey deyil və bu, Azərbaycanın iradəsi qarşısında ola da bilməz. Azərbaycanın Ermənistanla zatən müharibəlik bir işi qalmayıb”.


Nazim Bayramın sözlərinə görə, Ermənistanın ən güclü hərbi mövqeləri məhz Qazax istiqamətində qurulmuşdu. 4 kəndin - Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimlinin qansız-qadasız Azərbaycana qaytarılması nəticəsində Ermənistan Qazax istiqamətində mühüm strateji yüksəklikləri itirəcək.

Ekspert xatırladıb ki, bu ilin noyabrında Azərbaycan qlobal COP29 konfransına ev sahibliyi edəcək. COP29 isə gələcək texnoloji dünyaya girişin açarıdır:

“Avropa siyasi kluarlarında Azərbaycanla Ermənistan arasında sülh sazişinin COP29-da bağlanacağı gözləntisi var. Hətta deyirlər ki, Prezident İlham Əliyev və ba nazir Nikol Paşinyan sülh sazişi imzalamaqla uzun qanlı tarixi olan münaqişəyə son qoyacaqları halda Nobel sülh mükafatına təqdim oluna bilərlər. Bu da istənilən dövlət xadimi üçün sülhə doğru yolda daha bir stimuldur”.
 

Tərəflərin anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini də davam etdirmək barədə razılığa gəldiyinə diqqət çəkən hərbi təhlilçi deyib ki, proseslər bu axrada davam edəcəyi təqdirdə tezliklə digər müsbət addımlara şahid olacağıq.

Hərbi ekspertin sözlərinə görə, Prezident İlham Əliyev öz iradəsini ortaya qoyaraq Azərbaycanın taleyi ilə bağlı qurulan bütün ssenariləri alt-üst etdi. Artıq hamı da bu iradə ilə hesablaşır.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi